Azərbaycanda ilklərə imza atdı, Türkmənistanda nəyi kəşf etdi? – Bizim küçələr
20 fevral 2023 17:33 (UTC +04:00)

Azərbaycanda ilklərə imza atdı, Türkmənistanda nəyi kəşf etdi? – Bizim küçələr

Ələşrəf Əlizadə küçəsi...

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar?

İnsanın ağlına ilk gələn budur ki, əgər bir küçəyə hansısa ad verilibsə, deməli, bunun bir səbəbi var. 

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Lent.az elə burdan yola çıxaraq “Bizim küçələr” adlı rubrikasının növbəti yazısı “Ələşrəf Əlizadə küçəsinin” tarixi ilə bağlı olacaq. Haqqında danışacağımız küçə Bakının Nərimanov rayonundadır. 

Adından bəhs etdiyimiz səmt Təbriz və Koroğlu Rəhimov küçəsinin kəsişməsində yerləşir. 

Bəs, Ələşrəf Əlizadə kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?

Arayış:

Ələşrəf Əlizadə - Azərbaycan-sovet geoloqu.

Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə  1911-ci il aprelin 24-də Şamaxıda dünyaya göz açıb. Orta məktəbi bitirən Ələşrəf 1930-1935-ci illərdə M.Əzizbəyov adına Qırmızı Bayraq Ordenli Azərbaycan Neft İnstitutunda geoloji - kəşfiyyat fakültəsində təhsil alıb.

Ə.Əlizadə 1944-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş və geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) təsisçilərindən biri olan alim elə həmin il akademiyanın həqiqi üzvü seçilib.

Əmək fəaliyyətinə 1934-cü ildə “Azneftkəşfiyyat” trestində başlamış və orada 1942-ci ilə qədər işləyib. 1943-cü ildə yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə Dövlət Mükafatına layiq görülüb. 

Daha sonra 1946-cı ildə kiçikhəcmli elektroperforator cihazını işləyib hazırladığına görə, ikinci dəfə Dövlət Mükafatına layiq görülüb. 1948-ci ildə “Azneftkəşfiyyat” Birliyinə rəis təyin olunub. 1949-1950-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neftçıxarma İnstitutunun Türkmənistan filialında (Nebit-Dağ) baş mühəndis və geoloji laboratoriyanın müdiri təyin edilmiş alim Türkmənistanın neftli-qazlı vilayətlərinin geologiyasının tədqiqi ilə məşğul olub.

Kariyeriyasına ara vermədən davam edən Ələşrəf öz tədqiqatları nəticəsində Qərbi Türkmənistanda zəngin akçaqıl faunasını kəşf etməsi stratiqrafiya-paleontologiya elmi üçün böyük əhəmiyyət kəsb edib. 

Akademik 1950-1954-cü illərdə Türkmənistan Dövlət Universitetinin geologiya kafedrasının və SSRİ Elmlər Akademiyasının Türkmənistan filialında faydalı qazıntılar bölməsinin müdiri vəzifəsində işləmiş və neogen çöküntülərini tədqiq etmişdi.

O, regional geologiya, geotektonika və neft-qaz geologiyası sahəsində böyük mütəxəssis, Azərbaycanın və Türkmənistanın məhsuldar qat (orta pliosen) çöküntülərində neft və qaz yataqlarının əmələgəlməsi qanunauyğunluğunu müəyyən edənlərdən və Azərbaycanın mezozoy nefti haqqında elmin əsasını qoyanlardandır. Həmçinin paleogenin və neogenin biostratiqrafik tədqiqatçısı, bir sıra yeni neft və qaz-kondensat yataqlarını kəşf edənlərdən biri olub.

Ə.Əlizadənin rəhbərliyilə 60 elmlər və fəlsəfə doktoru hazırlanıb. O, 400-dən çox elmi əsərin, o cümlədən 30 monoqrafiyanın müəllifi olub. Ə.Əlizadə “SSRİ-nin Fəxri Neftçisi”, Türkmənistan SSR-in Əməkdar Elm və Texnika Xadimi adlarına layiq görülüb.

Ölkəsi və karyeriyası üçün çalışan Ələşrəf Əlizadə 74 yaşında - 1985-ci ildə Bakıda vəfat edib.

Ələşrəf Əlizadənin Azərbaycan üçün etdiyi xidmətlərə görə ölümündən sonra adına küçə verilib.

Bu da belə… Bakıda yaşayırsınızsa, keçdiyiniz küçələrin tarixindən xəbərdar olun. 
 

# 4368
avatar

Fidan İlqar

Oxşar yazılar