Allahın yadından çıxmış Azərbaycan kəndi : 4 ailə, 10 uşaq - PROBLEM
21 aprel 2022 19:45 (UTC +04:00)

Allahın yadından çıxmış Azərbaycan kəndi: 4 ailə, 10 uşaq - PROBLEM

“Getməyə yolumuz, yandırmağa işığımız, təhsil almağa məktəbimiz yoxdur. Dünyadan bixəbər yaşayırıq. Ac qalmamaq üçün ayda 1 dəfə 27 kilometr aşağı düşüb ərzaq alırıq. Unuzdakılar Allahın ümidinə qalırlar”.

Bu sözləri Lent.az-a rayon mərkəzindən 27 kilometr uzaqda yaşayan Ağadadaş Eyvazov deyir.

Astara rayonu Unuz kəndi rayon mərkəzindən 27 kilometr aralıda uzaqda, İranla sərhəddə yerləşir. 

Bu, 11 yaşı olsa da məktəbə gedə bilməyən Amid Eyvazovdur.

Foto cənub.az saytına aiddir.

Onun yaşadığı kənddə nə məktəb var, nə də məktəbə gedəcək yol... 

Eyvazovlar ailəsinin qohumu Sahib İmaməliyev da Lent.az-a açıqlamasında deyir ki, 11 yaşlı Amidin məktəbə götürülməsi üçün Təhsil Nazirliyinin əmri olmalıdır:

“Dedilər ki, Amidin 11 yaşı var, məktəb yaşı çoxdan keçib. Onun məktəbə qəbul olunması üçün Təhsil Nazirliyi qərar verməlidir. 

Bu səfər Amid balaca qardaşı 7 yaşlı uşağı aparmışam. Rayon Təhsil şöbəsindən Züngüləş kənd məktəbin direktoruna zəng edib uşağı məktəbə götürməsini dedilər. Təhsil şöbəsindən mənə dedilər ki, sənədləri topla. Direktor sənədləri götürsə də, sonralar qaytardı. Qaytaranda isə heç bir səbəb demədi”.

Problemdən danışan Sahib İmaməliyev Eyvazovlar ailəsinin iki övladının mərkəzə xəstəxanaya çatdıra bilmədikləri üçün öldüyünü deyib:

“Eyvazovların ailəsində 8 uşaq olub. Onların ikisini xəstələndiyi üçün vaxtında mərkəzə xəstəxanaya çatdıra bilmədik. Bu qış da Amid xəstələndi. Ölüm ayağında idi. Sərhədçilərdən xahiş etdik, sərhəddaxili yolla onu mərkəzə çatdırdıq, ölümdən qurtardıq.  

Bu ərazi Hirkan Milli Qoruğuna daxildir. Onlar üçün ev tikmək istəyirəm, amma qoymurlar. Heç kim də onlarla maraqlanmır”.

Atla 7-8 saata, piyada 1 günə gedilən yol… 

Ağadadaş Eyvazovun dediyinə görə, Unuzda 4 ailə yaşayır. Bu ailələrdə isə 10 uşaq var. Onlar hələ də məktəb görməyiblər. 

Ağadadaş Eyvazov

O deyir ki, Azərbaycanda nə bşa verdiyindən xəbərsizdilər.  Televizor üzünə həsrətdilər.

Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti aparatından cenub.az-a bildiriblər ki, Unuzda 3 təsərrüfat var. Yay müddətində ora gedirlər, qışda qayıdırlar. “Kənddə yaşayanların adları da bizdə var. Unuza yol çəkmək qeyri-mümkündür”.

Astara Təhsil şöbəsindən isə bildirilib ki, problemlər növbəti dərs ilində həllini tapacaq. Sitat: “Növbəti dərs ilində hər şey qaydaya düşəcək. Əsas odur ki, Unuz kəndindən olan uşaqlar vaxtında məktəbə gələ bilsinlər”.

Bu da belə... Həmsöhbətlərimiz bizə fotolar göndərə bilmədilər. Çünki bunun üçün 27 kilometr yol qət edib, Astaraya gəlməliydilər. Bəs sonra necə geri qayıdacaqdılar?

# 12819
avatar

Fidan İlqar

Oxşar yazılar