Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq mətbuat katibi Elnur Nağızadə
08 oktyabr 2021 17:01 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq mətbuat katibi Elnur Nağızadə

150 min dolları alıb qeybə çəkildi - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə vəzifədə idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu dəfə ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq mətbuat katibi Elnur Nağızadədən bəhs edəcəyik.

O, yaddaşlarda mətbuat katibi olmaqla yanaşı, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirərək ölkədən qaçan biri kimi qaldı. 

Elnur Nağızadə 5 ildən artıq çalışdı bu vəzifədə. Nağızadə 2005-ci ildən etibarən TQDK-da çalışıb. 2011-ci ildə təyin olunduğu mətbuat katibliyindən 2016-cı ildə öz ərizəsi ilə azad olunur.

İllər öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə bağlı şikayətlər yayıldı mətbuata. Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildirmişdilər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulamışdılar. Daha sonra Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıldı.

Bundan sonra E. Nağızadə çarəni ölkədən qaçmaqda görür. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılır. O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilir.

Daha sonra keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində qiyabi həbs qərarı verilir. Həbs qətimkan tədbirinin seçilməməsinə səbəb isə elə Nağızadənin Azərbaycanda olmaması göstərilir. Beləliklə, E.Nağızadə barəsində dörd aylıq qiyabi həbs qərarı qəbul olunur.

Qeyd edək ki, Elnur Nağızadə haqda bu hadisədən əvvəl də oxşar iddialar səsləndirilib. 2012-ci il 30 noyabrda "Azərbaycanda 160 min manatlıq fırıldaq" başlıqlı yazı dərc olunub, həmin yazıda zərərçəkənlər Elnur Nağızadəni ittiham ediblər. Həmin vaxt vətəndaşlardan övladlarını TQDK imtahanından kənar olaraq ali məktəblərə tələbə kimi düzəldəcəyinə söz verən Sabrina Alxasovaya qarşı cinayət işi açılmışdı. İddialara görə, Sabrina Alxasova bu işi Elnurla birlikdə həyata keçirirmiş. Eyni qaydada aldadılan 16 nəfərin şikayəti əsasında 2013-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Alxasova Cinayət Məcəlləsinin 178.3.2 və 66.5 maddələri ilə təqsirli bilinərək 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Elnur Nağızadə bu məsələdən “əli təmiz” sovuşsa da, sən demə onu qarşıda nələr-nələr gözləyirmiş...

Hə, bütün bunlara baxmayaraq, Elnur Nağızadə mətbuat işçilərinin yaddaşında həlim siması, vaxtında və dəqiq verdiyi açıqlamaları ilə qaldı.

# 17853
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar