Sosializm ABŞ-da hakimiyyətə gələ bilərmi? - TƏHLİL
01 fevral 2016 10:56 (UTC +04:00)

Sosializm ABŞ-da hakimiyyətə gələ bilərmi? - TƏHLİL

0

 

 

ABŞ-ın nüfuzlu Harvard Universitetinin magistr tələbəsi Vüqar Salamlı

 

Bu gün ABŞ-da partiya daxili ilkin seçkilər başlayır. Respublikaçılar arasında yarış çox mürəkkəb olsa da, Demokratların cəbhəsində hər şey çox sadədir. Son 1 ildə keçmiş dövlət katibi Hillari Klintonun vahid namizəd olacağına heç bir şübhə yox idi. Amma son 3-4 ayda özünü sosialist-demokrat adlandıran, 74 yaşlı senator Bernie Sanders dəstəyini 5%-dən 40%-ə kimi qaldırmaqla bərabər, Klintona vahid namizədlik yolunda ciddi problemlər yaratmağa başlayıb. Sandersin əldə etdiyi onlayn ianələrin miqdarı isə sosial media inqilabı etmiş Obamanın 2008-ci ildəki seçki kampaniyasında bu mərhələyə qədər topladığı ianələri arxada qoyur.

 

ABŞ-dan kənarda seçkiləri müşahidə edən insanların verdiyi ilk reaksiya budur: "Mümkün deyil ki, sosialist bir siyasətçi ABŞ prezidenti olsun". ABŞ-da rəsmən sosialist bir insanın prezident olması mümkündür. Artıq mümkündür. Bu iddianın nəyə əsaslandığı izah etməyə çalışacam.

 

ABŞ-a gəldiyim ilk günlərdən məni ən çox düşündürən suallardan biri o idi ki, necə olur ki, ABŞ kimi kapitalist bir ölkədə universitet professorları və gənclərin əksəriyyətinə sosialist ideyalar cəlbedici gəlir?! Mən həmişə düşünürdüm ki, amerikalılar öz kapitalizmləri ilə fəxr etməlidir. Hər şey isə əksinə idi. Sosial məsələləri vurğulayan siyasi mesajların sayı günü-gündən artırdı. Bu mövzuda müxtəlif söhbətləri dinləməyimə baxmayaraq, heç bir arqument mənim üçün kifayər qədər əsaslı gəlməmişdi (Yəqin, daxilimdə sosializmə qarşı immunitet formalaşdığındandır). Bu yaxınlarda ABŞ-dakı qeyri-bərabərliklə bağlı xeyli rəqəmləri görəndən sonra iqtisadi və sosial bərabərlik hərəkatının motivasiyalarını anladım.

 

Aşağıda, bəzi rəqəmləri paylaşıram:

 

- 1980-ci ildə ABŞ-da ən çox gəlir əldə edən 1% əhali bütün əhalinin toplam gəlirlərinin 8.2%-ni qazanmışdı. 2012-ci ildə bu rəqəm 19.3% oldu;

- Ən zəngin 0,1% əhali 1980-ci ildə ümumi gəlirin 5%-ni qazanmışdısa, 2012-ci ildə bu artıq 10% idi. Axırıncı dəfə gəlirlərin bu cür qeyri-bərabərliyi Böyük Depressiyadan öncəki illərdə olmuşdu;

- 1979-2013-cü illər arasında ən çox gəlir əldə edən 10% əhalinin qazandıqları 137% artıb. Yerdə qalan 90% əhalinin gəlirləri isə bu müddətdə cəmi 15.2% artıb (Bu rəqəmlər inflyasiyanı nəzərə almaqla hesablanıb);

- ABŞ-ın ən zəngin 1% əhalisinin əlində bütün ölkə sərvətinin 41.8%-i cəmlənib. ABŞ bu göstəriciyə görə 2014-cü ildə dünya üzrə 6-cı yerdə idi. İlk beşlikdə Honq Konq, İndonesiya, Filippin, Tayland və Türkiyə yerləşib.

 

Ölkədi qeyri-bərabərliyin səbəbləri:

 

1. Qloballaşma. Böyük şirkətlər ucuz işçi qüvvəsi üçün əməliyyatların xeyli hissəsini ölkədən çıxarır. Nəticədə həmin şirkətlər milyonlarla ABŞ vətəndaşının orta sinfə uyğun maaş almaq imkanından məhrum edir. Bununla bərabər, həmin şirkətlər əməliyyat xərclərinin azalmasına nail olduqları üçün şirkət sahibləri, səhmdarlar əvvəlkindən qat-qat çox gəlir əldə etməyə başladı;

2. Təhsil və texnoloji yeniliklər. Texnologiyanın inkişafı həmin texnologiyalardan istifadə etməyi bacaran işçi qüvvəyə tələbat yaratdı. Bu isə o deməkdir ki, əvvəl universitet dərəcəsi olmadan fabrik və zavoda işə düzəlib, orta sinif maaşı almaq mümkün idisə, indiki zamanda orta sinif maaşı almaq üçün mütləq universitet dərəcəsi almaq lazımdır;

3. Maliyyə sənayesinin sürətli artımı. Heç bir məhsul istehsal etməyərək, gəlir əldə edilən iş fəaliyyətinin sürətli artımı, qeyri-bərabərliyə mənfi nəticə göstərməyə bilməzdi.

 

Qeyri-bərabərliyin iqtisadi inkişafa təsiri:

 

- Gəlirləri az olan sinfə məsub olan insanların təhsil əldə etməmələri onları iqtisadi proseslərdə iştirakdan məhrum edir. Həmin insanların iqtisadi fəaliyyətlərə cəlb olunması iqtisadi inkişaf üçün əlavə stimul və səbəb ola bilərdi;

- Gəlirləri az olan sinif ümumi tələbin azalmasına təsir edir. Tələb azalanda isə təbii ki, təklif də azalacaq;

- Gəlirləri çox olan təbəqənin gəlirləri daha çox artır. Bu təbəqədə çoxlu pulun cəmlənməsi isə onların pullarının böyük hissəsinin dövriyyədən kənarda qalması deməkdir;

- Araşdırmalar göstərir ki, qeyri-bərabərlik əhalənin sağlamlığına və sosial davranışına ciddi mənfi təsir göstərir. Daha çox insan köklükdən əziyyət çəkir, qətllərin, narkotik istifadəsinin, həbslərin sayı və təbii ki, təhsilsizlik dərəcəsi artır.

 

Daha bir araşdırma göstərir ki, qeyri-bərabərlik siyasi proseslərə də mənfi təsirini göstərir. Məsələn, ABŞ-ın ən zəngin 10%-inin yerdə qalan 90%-lə müqayisədə siyasi proseslərə təsir imkanları düz 15 dəfə daha çoxdur.

 

Bu rəqəmləri oxuyandan sonra hələ də sosial ideyalarla ABŞ prezidenti olmağın mümkünsüzlüyü qənaətindəsiniz?

 

Bernie bilirsiniz nə deyir? Enough is enough!

 

P.S. Bu yazı proqnoz deyil. Bernie prezident olma şansının nə qədər ciddi olmasını yaxın 2 həftə ərzində biləcəyik. Amma bu o demək deyil ki, sosialistlər ABŞ siyasətində uğur qazana bilməzlər. Bu dəfə alınmasa, 8 il sonra daha ciddi dəstəklə seçkilərdə olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar