“Biz Azərbaycanda bundan sonra da sabitliyi qoruyacağıq. Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da var. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı bildirib.
Ölkə başçısının sözlərinə görə, islahatların sürəti, çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı, xarici siyasətlə bağlı müxtəlif fikirlər ola bilər. “Bu, təbiidir. Ancaq ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur, o cümlədən daxili siyasətimizlə bağlı. Ona görə sabitliyin qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan dövləti və hökuməti islahatları apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir. Dünyanın müxtəlif yerlərində sabitlik pozulduqda təhlil aparılır. Nə üçün belədir? Hansı səbəblər buna şərait yaradır? Biz görürük inamsızlıq, idarəetmə qaydalarında kobud səhvlər, iqtisadi və sosial problemlər – bax, bunlar istənilən yerdə sabitliyi poza biləcək amillərdir”.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, əsas məqsəd Azərbaycanı daha da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. “Biz daxili siyasətlə bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq. İslahatlar dərinləşəcək. Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində islahatlarımız davam etdiriləcəkdir. Bu islahatları kiminsə xoşuna gəlmək üçün deyil, gələcəyimiz üçün edirik, aparırıq və aparacağıq.
Bu gün Azərbaycan müasir dövlətdir və bu dövlətin çox möhkəm əsasları vardır. Bu əsaslar bizim milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu da çox önəmlidir. Daxili siyasətdə bu amil daim diqqət mərkəzindədir. Biz bundan sonra da ölkəmizin inkişafı üçün bütün tədbirləri görəcəyik. Biz bu möhkəm təməli daha da möhkəmləndirəcəyik.
Şadam ki, gənc nəsil də milli ruhda böyüyür, vətənpərvərlik ruhunda tərbiyə alır. Vətənpərvərlik ruhunda tərbiyə almaq üçün bütün imkanlar vardır. Çünki bu gün hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. O dövlətin ki, öz vətəndaşlarını darda qoymur. O dövlətin ki, öz vətəndaşlarının arxasında dayanır. O dövlətin ki, öz vətəndaşlarının rifahı üçün əlindən gələni əsirgəmir. Milli dəyərlərin üzərində müasir dövlətin qurulması, əlbəttə ki, bu gün bizi fərqləndirən cəhətlərdən biridir”.
Dövlət başçısının sözlərinə görə, daxili siyasətlə bağlı islahatlar davam etdiriləcək. “Cəmiyyəti incidən, narazılıq yaradan xoşagəlməz hallara qarşı mübarizə daha da ciddi aparılacaq. Xüsusilə, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Əlbəttə, son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər, uğurlar vardır. Bu, bizi sevindirir, daha da ruhlandırır. Cəmiyyəti də ruhlandırır. Cəmiyyətdə bu işlərin aparılmasına böyük dəstək, inam vardır. Biz bu yolla gedəcəyik. Çünki Azərbaycanda xoşagəlməz hallar olmamalıdır. Azərbaycan cəmiyyəti nümunəvi cəmiyyət olmalıdır. Azad, müstəqil və güclü dayaqları olan cəmiyyət olmalıdır. Biz bu yolla gedirik və gedəcəyik”.