Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüş zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev mədəniyyət və humanitar sahələrdə də əməkdaşlığımızın yaxşı olduğunu bildirib. Sərhəd xidmətləri arasında da əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sahədə birgə fəaliyyət, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat isə ölkəmizə ötənilki səfərini məmnunluqla xatırladıb. O, azərbaycanlı həmkarları ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə müzakirələr apardıqlarını vurğulayıb.