“Azərbaycan Pakistanla dost, qardaş ölkədir və bu münasibətlər hər gün inkişaf etməkdədir”. Bu açıqlamanı APA-ya Pakistan Senatının Müdafiə və Müdafiə Sənayesi Komitəsinin sədri Mücahid Hüseyn Sayed verib.
Cənab Sayedin dediyinə görə, Azərbaycanla münasibətlərin daha da inkişaf etməsi üçün 3 əsas prioritet istiqamət müəyyən edilməlidir.
“Birincisi iqtisadi-ticarət münasibətləridir. Pakistan və Azərbaycan çalışmalıdır ki, qarşılıqlı investisiya proqramları ilə çıxış etsinlər və biznes layihələrini gerçəkləşdirsinlər. Çünki bu cür dost münasibətlər olduğu halda Pakistanla Azərbaycan arasında illik ticarətin həcmi olduqca azdır. İkincisi, mədəni əlaqələrdir ki, bu istiqamətdə də önəmli addımlar atılmalıdır. Bura təhsil sahəsində tələbə-müəllim mübadiləsini xüsusi əlavə edərdim. Üçüncüsü, beynəlxalq əlaqələrdir. Azərbaycan Qərblə Şərq arasında bir qapıdır. Çox strateji bir mövqeyə malikdir. Düzdür, Pakistan və Azərbaycan hər zaman bir-birini dəstəkləyib. Bu, təqdirəlayiq haldır. Fikrimcə istər BMT, istərsə də digər beynəlxalq qurumlarda hər iki dövlət daha dinamik münasibətlər formalaşdırmalıdır”.
Senatorun fikrincə, ekstremizmə və terrorçuluğa qarşı birgə mübarizə də əslində əsas istiqamətlərdən biri olmalıdır: “Azərbaycan dünyəvi dövlətdir, ölkəniz beynəlxalq terrora qarşı mübarizədə öncüllərdəndir və biz, buna çox şadıq. Bu sahədə də əməkdaşlığımız inkişaf etdirilməlidir. Bundan başqa Azərbaycanla Pakistanın enerji və təhsil sahəsində birgə layihələr həyata keçirməsi də zəruri və lazımlıdır”.
Mücahid Hüseyn Sayed bir qədər əvvəl Pakistanda yüz minlərlə insanın keçirdiyi etiraz aksiyasından sonra ölkənin baş naziri Raci Pərviz Əşrəfin istefa verməsi məsələsinə də toxunub. Hökumətlə aksiya iştirakçıları arasında dialoqda əsas vasitəçi olan həmsöhbətimiz bildirib ki, əslində onlar Konstitusiyaya uyğun islahatlar istəyiblər: “Pakistan demokratik dövlətdir. Ona görə də hər kəsin öz narazılığını Konstitusiyanın ona imkan verdiyi çərçivədə ifadə etmək hüququ var. Yanvarın 13-də parlamentin qarşısına yığılan yüz minlərlə insanın tələblərini dinləmək və hökumətə çatdırmaq mənim borcum idi. Qəzəbli kütləni özündən çıxarmaq və nəticədə ağır və faciəli hadisələrə yol açmaq üçün bircə qığılcım kifayət idi. Amma şükürlər olsun ki, 4 gün davam edən aksiya qansız ötüşdü. Nəinki qansız ötüşdü, bir ağacın budağı belə silkələnmədi, bir yarpaq da yerə düşmədi. Onların tələbləri yerinə yetirildi və aksiya iştirakçıları sakitcə dağılışıb getdilər. İndi hər şey apreldə keçiriləcək yeni seçkilərdən sonra bəlli olacaq. İnanıram ki, Pakistan xalqı müdriklik göstərərək bu sınaqdan da üzü ağ çıxacaq”.