Novruz Məmmədov: “Heç bir ölkədə xaricdə təhsil almaq üçün 40 dənə sənəd tələb olunmur””
“Azərbaycanlı tələbələrin xaricdə təhsilində şəffaflıq və ədalət daha yüksək səviyyədə təmin olunmalıdır”. Lent.az-ın xəbərinə görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Təhsil Nazirliyində ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimatda çıxışı zamanı bildirib.
“Təhsil Nazirliyində təqdimatı keçirilən saytın fəaliyyəti nəticəsində bu işləri yeni səviyyəyə qaldırmaq mümkün olacaq. Azərbaycanda ölkə prezidenti xaricdə təhsilə çox böyük əhəmiyyət verir. Azərbaycanda bu daha liberal formada həyata keçirilir”.
N. Məmmədov azərbaycanlı tələbələrin xaricdə təhsili ilə bağlı 40-dan çox sənədin tələb olunmasından da narazılığını bildirib: “Dünyanın heç bir yerində təhsil üçün 40 sənəd tələb olunmur. Bu sənədlərin sayı azalmalıdır” - deyə, Məmmədov bildirib.