Milli Məclisinin bu gün keçirilən iclasında mətbuatın bu günü də müzakirə mövzusu olub.
Lent.az-ın məlumatına görə, deputat Çingiz Qənizadə Zahid Oruca iradını bildirib. “Mən əslində heç nə demək istəmirəm, amma Zahidə Oruca tövsiyəm var. II Yekaterinadan misal çəkməsin, siyasi vəziyyəti nəzərə alsın”. Elə Oruc da cavabsız qalmayıb: “İstəsəm Yekaterinadan danışaram, istəsəm də Kelopatradan.
Daha sonra söz alan deputat Elton Məmmədov mətbuatı ictimaiyyəti çaşdırmaqda günahlandırıb: “Bəzən görürsən ki, bu zalda boynumuzun dalından şəklimizi çəkirlər. Buna kim icazə verib? Bu onların öz peşə kodekslərinə də ziddir”.
Elton Məmmədova cavab verən spiker bildirib ki, belə hallar davam etdiyi təqdirdə, ümumiyyətlə kameraların MM-ə buraxılmaması məsələsinə baxıla bilər.
Deputat Elmira Axundovanın fikirləri isə spikerlə mübahisəyə səbəb olub. O, çıxışının əvvəlində jurnalistlərə dəstək nümayiş etdirərək burada deyilənlərin bütün mətbuata aid olmadığını bildirib. Ona reaksiya verən O. Əsədov isə deyib: “Özün də deyirsən keçmiş jurnalistsən. Mən nə vaxt dediklərimi bütün mətbuata aid elədim?”.
Ardınca söz alan deputat Siyavuş Novruzov isə bütün bu deyilənlərə etiraz edib: “Biz niyə narahat oluruq ey?! Biz burda özümüzü öldürsək də, kimin nəyə marağı var, ona baxacaq. Görmürsünüz indi hamı Xoşqədəm Hidayətqızının verilişinə baxır?! O bizdən maraqlı gəlir çoxlarına. Nə etməliyik? İndi XXI əsrdir, hərə öz evində istədiyi kanala baxır, kimisi euronews-a, CNN-ə, kimi də Xoşqədəm Hidayətqızına”.
Daha sonra çıxış edən O. Əsədov bir daha mətbuatdan diqqətli olmağı xahiş edib. Mübariz Aslanov