Lənkəran İH-nin şöbə müdiri: “Bir-iki dənə yumurta atıblar da, nə ediblər ki?” - MÜSAHİBƏ
30 yanvar 2013 20:29 (UTC +04:00)

Lənkəran İH-nin şöbə müdiri: “Bir-iki dənə yumurta atıblar da, nə ediblər ki?” - MÜSAHİBƏ

0

 “Media forum” saytının suallarını Lənkəran Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev cavablandırıb.

 

- Müsavat Partiyasının başqanı İsa Qəmbər Lənkərana səfər etmək istəyirdi, iki dəfə buna cəhd göstərdi. Lənkəran Rayon İcra Hakimiyyəti bu səfərə imkan vermədi. İsa Qəmbərin Lənkərana səfər etməsinə niyə imkan verilmədi?

 

- Azərbaycanın hansı bölgəsinə səfər etməyi İsa Qəmbər özü müəyyənləşdirir. O, bir vətəndaş kimi ölkənin istənilən bölgəsinə, guşəsinə gedib-gələ bilər. Bu onun şəxsi işidir. Amma İsa Qəmbərin Lənkərana prezident seçkisi ərəfəsi, siyasi təbliğat xarakterli, böyük bir dəstə ilə və ya başqa rayonlardan naməlum adamları toplayıb gəlməsi, Lənkəranda tədbir keçirməsinə yerli əhali, dinc şəraitdə yaşayan adamlar etirazlarını bildiriblər. Burada Lənkəran Rayon İcra Hakimiyyəti ilə əlaqəli heç bir iş yoxdur. Bizə aydın deyil ki, onlar nə üçün icra hakimiyyətinin adını bu məsələdə hallandırırlar. Yoxsa bunlar xalqın etirazına bəhanə axtarırlar? Bu onların şəxsi işləridir, özləri bilərlər.

 

Lənkəranda aparılan quruculuq işləri, sosial problemlərin həlli və bütün sahələrdə inkişafın getdiyi bir vaxtda kimlərinsə gəlib burada qeyri-sabitlik yaratmaq cəhdləri, əlbəttə, insanların xoşuna gəlməyəcəkdi. Kim bunu istəyər ki? İnsanlar çox hadisələrin, qarışdırıcı məsələlərin şahidi olublar. Ona görə insanlar İsa Qəmbərin siyasi xarakterli hərəkətinə etiraz ediblər. Bu, insanların etiraz hüququdur.

 

- İsa Qəmbərin hər hansı bir bölgəyə getməsi onun hüququ deyilmi?

 

- Biz buna heç nə demirik. İcra hakimiyyətinin bu məsələlərlə heç bir əlaqəsi yoxdur. Biz İsa Qəmbərə rəsmi şəkildə heç bir söz deməmişik. İnsanlar, rayon sakinləri buna etiraz ediblər. Qaldırılan bu ajiotaj insanlarda qıcıq yaradıb. Tutaq ki, İsa Qəmbər harasa gedir. Nə olsun, nə böyük hadisə baş verib ki? İnsanların xoşuna gəlməyən siyasi təbliğat xarakterli hay-küydür. Qeyri-sabitliyə cəhd göstərən insanların Lənkərana gəlişini əhali qəbul etməyib. 

 

- Deyirsiniz ki, məsələnin Lənkəran Rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Amma İsa Qəmbərin səfərindən öncə icra hakimiyyətindən Müsavat Partiyası Lənkəran təşkilatının sədri Yadigar Sadıqova bildirilib ki, icra hakimiyyəti bu səfərə icazə vermir. İcra hakimiyyəti niyə icazə vermirdi? Deyirsiniz ki, siz məsələlərə qarışmamısınız. Amma Yadigar Sadıqova rəsmi məktub da verilmişdi.

 

- Siz İsa Qəmbərin şəxsiyyətindən danışdınız. Bu isə başqa şeydir. O müraciətlə bunlar tamam ayrıdır. Sonda bu məqsəd tamam başqa şeyə çevrildi. Onların bizə müraciəti qeyri-rəsmi bir məktub şəklində Yadigar Sadıqovun imzası ilə göndərilmişdi. Müsavatın Lənkəran rayon təşkilatının sədri isə Liman şəhər sakinidir, İman Əliyev adlı bir şəxsdir. Bilmirik ki, Yadigar Sadıqov İsa Qəmbərin müşaviridir, ya kimdir. Bizim üçün hələ aydın deyil ki, Yadigar Sadıqovun vəzifəsi nədir. Amma onu bilirik ki, Lənkəranda Müsavat Partiyası yerli təşkilatının sədri İman Əliyevdir. Tədbir keçirmək üçünsə bizə müraciəti Yadigar Sadıqov edir. Bir kağızda, öz imzası ilə tədbir keçirmək üçün yer istəyir. Sözün doğrusu, bizim də tədbirlərimizin gərgin bir vaxtı idi. Onlara yer ayırmaq üçün müvafiq məkanımız da yox idi.

Tədbirlərini harada keçirmək isə onların öz işləri idi. Amma biz tədbirə ona görə yer vermədik ki, tədbirin təşkilatçıları konkret bəlli deyildi, məram-məqsədləri aydın göstərilmirdi, nə tədbirdir, nə üçün keçirilir, neçə nəfər iştirak edəcək, necə olacaq – bunların heç biri məlum deyildi. Biz bütün bunları bildikdən sonra məsələlərə baxa bilərdik. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda da göstərilir ki, tədbirin təşkilatçısı birmənalı olaraq ad və soyadını dəqiq göstərməlidir. Bizdə də şübhə yarandı ki, bu təşkilatın sədri İman Əliyevdir, amma müraciəti başqa adam edir.

 

- Axı bu, sərbəst toplaşmaqla bağlı bir şey deyildi. Sadəcə bir tədbir idi. Hər hansı bir məkanda və ya qərargahda keçiriləcək tədbirdən söhbət gedirdi.

 

- Müraciət siyasi bir təşkilatın adındandır. Mən də bilirəm “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini. Eyni zamanda müraciət siyasi təşkilatın adından gəlib axı. Bu, siyasi təşkilatın mənsubiyyətini birmənalı göstərən, lakin yerli təşkilatın rəhbərliyinin adı olmayan bir müraciətdir. Biz də bunun necə olduğundan şübhələnirik. Yerli təşkilat sədri müraciət etmir, başqası müraciət edir. Arada anlaşılmaz məsələlər var.

 

- İsa Qəmbərin Lənkərana 13 yanvar tarixli birinci səfəri barədə Azərbaycan mətbuatında, sosial şəbəkələrdə heç bir məlumat getməmişdi. İsa Qəmbər ən yaxın ətrafı, bir neçə nəfərlə ora səfər edirdi. Bu səfər haqqında Lənkəran Rayon İcra Hakimiyyətində məlumat vardımı?

 

- Xeyr. Bizdə elə bir məlumat yox idi. Bizdə ancaq Yadigar Sadıqovun bir kağızda, möhürsüz, öz şəxsi imzası ilə müraciəti var idi.

 

- O müraciət nə vaxt olmuşdu?

 

- Ayın 11-də.

 

- Yəni birinci səfər barədə sizdə məlumat var idi...

 

- Səfər barədə məlumatımız yox idi. Yadigar Sadıqov tədbir keçirmək üçün müraciət etmişdi.

 

- Necə olub ki, kənd əhalisi İsa Qəmbərin ora gələcəyini və saat neçədə həmin ərazidən keçəcəyini bilib?

 

- Özünüz dediniz ki, İsa Qəmbərin yaxın ətrafı bu səfərdən məlumatsız idi. O zaman icra hakimiyyəti haradan bilə bilər ki, o, haradan keçəcək?

 

- Sualımız insanların haradan bilməsi ilə bağlıdır...

 

- Bu sualı siz Müsavatın özünə verin. Bunu onlar bilərlər. Yəqin onlar İsa Qəmbəri qarşılamağa özləri hazırlıq görüblər. Başa düşməyiblər ki, İsa Qəmbərin siyasi xarakterli belə hərəkətinə, kütləvi axınla Lənkəranın üzərinə “səlib yürüşü” təki gəlməyinə camaat etiraz edəcək. Heç kimin bilmədiyi bir səfəri biz haradan bilərdik? Söhbət tədbirdən gedirdi. Özləri qışqırırlar, gəlirlər bura, elə bil Lənkəranın üzərinə hücuma keçirlər. Deyirsiniz ki, bu barədə məlumat yox idi. Bəs onda bunlar nəyə hazırlaşırdılar? İsa Qəmbər Lənkərana gəzintiyə gəlirdi?

 

- Əgər Lənkəran Rayon İcra Hakimiyyətində səfərlə bağlı məlumat yox idisə, o zaman yerli əhali İsa Qəmbərin hansı nömrəli maşında olduğunu, hansı tərəfdə oturduğunu haradan bilirdi? Bu işlərdən şəhər rəhbərliyinin, hüquq-mühafizə orqanlarının məlumatı yoxdursa, yolda beş maşın olduğu halda necə bildilər ki, İsa Qəmbər hansı maşındadır?

 

- Biz haradan bilək ki, İsa Qəmbər hansı maşında oturmuşdu? Bakıdan Lənkərana qədər yolboyu nə qədər maşın gəlib. Kim onu müşahidə edib ki? Saytlarda İsa Qəmbərin maşınlarını müşayiət edən maşınların nömrələrini yazmışdılar. Axtarıb görürük ki, həmin nömrəli maşınlar Lənkəran-Bakı, Masallı-Bakı reysində işləyən yol maşınlarıdır. Onların nömrələrini yazıblar ki, guya İsa Qəmbəri kimlərsə müşayət edib.

 

- Axı AA, PA, YP seriyalı maşınlar yol maşını ola bilməz. Bunlar rəsmi şəxslərinin istifadə etdiyi maşın nömrələridir.

 

- O siyahıya baxın. Görəcəksiniz ki, nə qədər orada nömrə var ki, yol maşınlarının nömrələridir. AA nömrəli maşınlar axı Lənkərandan tərpənməyib.

 

- Ən son model xarici markalı, qara pərdəli maşınlar yol maşınlarıdır?

 

- Bizim aparatda elə maşın yoxdur. Şüşəli, pərdəli maşınımız yoxdur.

 

- Söhbət yalnız Lənkəran Rayon İcra Hakimiyyəti aparatından getmir. Söhbət Bakıdan ora qədər gedən maşınlardan gedir...

 

- O maşınların kimə aid olmasının cavabı bizdə deyil. Bu sualı onlara ünvanlayın. Bizim söhbətimiz yalnız Yadigar Sadıqovun tədbir keçirməklə bağlı müraciəti ətrafında olub. Biz də tədbirin təşkilati işlərinin mahiyyətinə baxdıq, ona görə də tədbirə razılıq vermədik ki, burda yerli təşkilatın sədrinin müraciəti yoxdur.

 

- Ayın 13-də İsa Qəmbərin özünə, maşınına edilən hücumla bağlı Lənkəran Rayon İcra Hakimiyyəti, hüquq mühafizə orqanları hər hansı araşdırma aparırmı?

 

- Bu bizim problemimiz deyil.

 

- Bəs kimin problemidir?

 

- Bu məlumatı eşitdik və insanları sakitləşdirdik, əmin-amanlıq yaratdıq. Onlar da qayıtdılar, öz işləri ilə məşğul oldular. Kimsə demokratik qaydalarla kiməsə etiraz edirsə, burada nə qəbahət var ki? Bir-iki dənə yumurta atıblar da, nə ediblər ki? İnsandır, nəsə atıb. Bu onların öz işləridir.

 

- Ayın 27-də, İsa Qəmbər Bakıdan Lənkərana ikinci dəfə yola düşən gün Lənkəran şəhərinin girəcəyində iməclik keçirilib. Bu iməclik nə məqsədlə keçirilirdi?

 

- Ötən ilin oktyabr ayından hər həftənin şənbə-bazar günləri hər birimiz, hər bir vətəndaş könüllü olaraq yolboyu təmizlik işləri aparırıq. Gəlin, baxın görün nə qədər iş görülür, nə qədər palma ağacı əkilib, nə qədər çəpər vurulub, nə qədər abadlıq işi görmüşük. Gözəl yol dairələri yaradırıq, Lənkəranı sevən insanlar şəhərin inkişafı üçün əllərindən gələni edirlər. Bəziləri buna inanmaq istəmirlər. Lənkəranlılar işləyirlər, çünki vətənlərini sevirlər. Bu, kimlərinsə xoşuna gəlmirsə, öz bəlalarıdır.

 

- Ortada bir siyasi məsələ var. Lənkərana səfəri əngəllənən şəxs qeydiyyatdan keçmiş, leqal şəkildə fəaliyyət göstərən bir partiyanın başçısıdır. Beynəlxalq təşkilatlar buna görə Azərbaycanı tənqid edir, ölkənin adı mənfi formada hallanır. Bir səfərə görə Azərbaycanı dünyada biabır etməyə ehtiyac vardımı?

 

- Onsuz da siyasi dəllallar belə məsələlərdə çox şey axtarmağa çalışırlar. Azərbaycanın bügünki sürətli inkişafı, dinamik inkişafı, dünyada nüfuzunun artması bu insanlara rahatlıq vermir, rahat yata bilmirlər. Süni gərginliklər, qarışıqlıqlar yaratmaq istəyirlər, bu əmin-amanlığa, bu dincliyə xələl gətirmək istəyirlər. İcra hakimiyyəti Lənkəranda quruculuq, abadlıq, sosial problemlərin həlli ilə məşğuldur. Bizim İsa Qəmbərə və digərlərinə sərf etməyə vaxtımız yoxdur, öz işlərimiz var. Ümumiyyətlə, İsa Qəmbərin hər hansı bir fəaliyyəti insanlar tərəfindən etirazla qarşılanırsa,  bu, insanlarla onun arasında olan məsələdir, bizə aidiyyəti yoxdur.

 

- İsa Qəmbərin son iki səfəri ilə bağlı Bakı ilə, konkret Prezident Administrasiyası ilə hansısa müzakirəniz olmuşdumu? Rayon icra hakimiyyətinə tapşırıqlar verilmişdimi?

 

- Qətiyyən belə şeylər olmayıb. Ola da bilməz. Bu, sağlam düşüncəyə sığışmayacaq bir haldır. Unutmayaq ki, Azərbaycanda siyasi hakimiyyət çox möhkəm əllərdədir, Azərbaycan xalqının əlindədir. Hakimiyyətin mənbəyi xalqdır. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, İsa Qəmbər və ya qeyrisi Azərbaycan dövləti üçün böyük bir problem deyil. Problem xalq tərəfindən bu insanların qəbul olunmamasıdır. Onun da günahı həmin insanların özlərindədir. Ömrü boyu hakimiyyətinə, xalqına müxalifətdə olan adamları xalq necə qəbul edə bilər ki? Bir dəfə də camaatın, xalqın rifahına dəstək verməyə çalışsınlar.

 

- İsa Qəmbərin xalqına müxalif olması özünü nədə göstərib?

 

- Xalq görüb ki, onlar dövləti necə idarə ediblər. Lənkəranda əhali onun şahidi olub ki, hakimiyyəti necə qoyub qaçıblar. Xalqı silahlı quldur dəstəsi ilə üz-üzə qoyan adamlar, hakimiyyət olublar.

 

- Amma Lənkəranda İsa Qəmbəri qarşılamağa hazır olan adamlar da vardı. Ayın 27-də Lənkəranda niyə faktiki fövqəladə vəziyyət yaranmışdı? Şəhərə girən yollar nə üçün bağlanmışdı?

 

- Elə bir şey olmayıb. Lənkərandan Bakı-Astara beynəlxalq yolu keçir. Həmin yoldan gün ərzində minlərlə avtomobil hərəkət edir. Harada yol bağlanıb? Belə şey olmayıb. Bunu sizdən eşidirik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1661

Oxşar yazılar