Yanvarın 27-də İtaliya prezidenti Sergio Mattarella Prezident Sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib. Qəbul mərasimi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan "Dinlərarası Dialoq Yolu ilə Radikallaşma və Ekstremizmə Cavab" mövzusunda Yüksək Səviyyəli Hazırlıq Görüşü çərçivəsində baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, qəbulda iştirak edənlər sırasında Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev, Makedoniya Respublikasının Prezidenti Giorge İvanov, İSESKO-nun Baş direktoru Əbdüləziz Əl-Tuveyrci, İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya,Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri yer alıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov da qəbulda iştirak edib.
Mərasimdə nitq söyləyən İtaliya prezidenti Sergio Mattarella müasir dünyada anti-tolerantlıq, zorakılıq, fərqlilərə qarşı nifrətə yer olmadığını qeyd edərək, daha yaxşı dünya üçün bu kimi qlobal problemlərin aradan qaldırılmasının zəruri olduğunu bildirib. Prezident Orta Şərqdə , Afrikanın bəzi ölkələrində dağıntılara, Avropanın bəzi şəhərlərində ölümlərə səbəb olan bu problemlərə qarşı mümkün olan bütün yollarla mübarizə aparmağın vacibliyini vurğulayıb. “Dinlərarası dialoq və hörmət birgə yaşayışın mühüm elementidir. Terrorizm həm də sivilizasiyalar alyansına ziddir” deyə İtaliya prezidenti bildirib. Prezident sonda öz çıxışını dahi Azərbaycan şairi Nizami Gəncəvinin misraları ilə bitirib.
Latviyanın sabiq prezidenti VayraVike-Frayberqa öz çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Mərkəz fəaliyyətində münaqişələrin qarşısının alınması və dinlərarası dialoqların təşkilinə böyük önəm verir. Dini fanatizmin tarixən səbəb olduğu münaqişələrdən , müxtəlif dini cərəyanların nümayəndələrinin dindən müharibə vasitəsi kim istifadə etməsindən danışan xanım Frayberqa ekstremist baxışlı siyasi və dini fanatiklərin sivil cəmiyyətlərin düşmənləri olduğunu qeyd edib.
NGBM-in həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Sərageldin dünyada mövcud aktual məsələlərin müzakirəsi üçün bu görüşün yüksək əhəmiyyətə malik olduğunu bildirib.Səragəldin Avropanı bürüyən qaçqın böhranı məsələsinə toxunub və bu sahədə kompleks tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. O, bu sahədə müxtəlif konfessiyaların humanizm prinsiplərindən çıxış edərək qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməli olduqlarını diqqətə çatdırıb.