İrəvan üçün yas həftəsi – AKTUAL ŞƏRH
07 sentyabr 2015 15:30 (UTC +04:00)

İrəvan üçün yas həftəsi – AKTUAL ŞƏRH

0

Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və ümumilikdə, demək olar ki, beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər. Hər iki ölkə rəhbərlərinin bu istiqamətdə nümayiş etdirdiyi siyasi iradə, qarşılıqlı səfərlər bütün sahələrdə, o cümlədən iqtisadi, energetika, humanitar sahədə əlaqələrin inkişafına öz töhfəsini verməkdədir.

 

Təsadüfi deyil ki, bu il Rusiya ilə ticarət dövriyyəsi daha da artaraq dörd milyard dollara yaxınlaşır və bunun da əsasını ərzaq təhlükəsizliyi kimi strateji məsələlər təşkil edir.

 

Ötən həftə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri,  Prezident İlham Əliyevlə görüşü və səsləndirilən bəyanatlar ikitərəfli münasibətlərin səmərəli və uğurla inkişaf etdiyini bir daha sübut etdi. Dünyada və regiondakı siyasi, iqtisadi, hərbi gərginliklər fonunda hər iki ölkə arasında həyata keçirilən mütəmadi məsləhətləşmələr isə xüsusi əhəmiyyət kəsb edir.

 

Azərbaycan xarici siyasətdə beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanan müstəqil, fəal və çevik siyasi kurs yeridir. Dövlətlərarası münasibətlərdə də ölkəmiz daim qanunun aliliyinə və dövlətlərin öz öhdəliklərinə riayət etmələri prinsiplərinə sadiq qalır. Nəticədə, dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanla daha sıx əməkdaşlığa üstünlük verilir. Rusiya ilə ölkəmiz arasındakı münasibətlər də hər zaman prioritet məsələlərdən olub.

 

Sergey Lavrovun ölkəmizə səfərinin indiki vaxta düşməsini şərtləndirən bir sıra amillər var ki, bunlardan biri faktiki geosiyasi durumda ikitərəfli məsləhətləşmələrdir. Hamıya məlumdur ki, Rusiyanın beynəlxalq arenada özünəməxsus yeri və rolu var. Qlobal maraqları olan Rusiya ilə Azərbaycan arasında hər zaman hərtərəfli müsbət əməkdaşlıq formatı mövcuddur. Müxtəlif vaxtlarda bu iki dövlətin münasibətlərinə xələl gətirmək istəyən dairələrin səylərinə baxmayaraq, Azərbaycanın Rusiya ilə hərbi, siyasi, iqtisadi, humanitar və digər müstəvilərdə əməkdaşlığı daim irəliləməkdədir. Kreml də anlayır ki, onun strateji müttəfiqi - Azərbaycanla əməkdaşlıq daha faydalıdır. Bu gün Azərbaycan Rusiya üçün sadəcə qonşu, sıradan bir dövlət deyil. Azərbaycan regionda lider statusu daşıyan və inkişaf edən bir ölkədir. Təsadüfi deyil ki, Azərbaycanın mövqeyi bir çox məsələlərdə Rusiya üçün çox vacibdir. Hər iki ölkənin beynəlxalq qurumlar çərçivəsində fəal və uğurlu qarşılıqlı fəaliyyət göstərməsi də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmadı.

AŞPA-da Azərbaycan nümayəndə heyəti Rusiya nümayəndə heyətinin səsvermə hüququnun dondurulmasına qarşı çıxdı.

Beynəlxalq konyunktura baxmayaraq, iki ölkə arasında strateji müttəfiqliyə sadiqlik və digər faktları vurğulamaq olar.

Strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasını sübut edən digər amil. Ölkəmizdə keçirilən ilk Avropa oyunları ərəfəsində müəyyən dairələrin  Azərbaycana qarşı qara piar kampaniyasına başladığı bir vaxtda Rusiyanın bu möhtəşəm idman tədbirində yaxından iştirakı və dəstəyi. Prezident İlham Əliyev də Rusiya Federasiyasının xarici işlər naziri ilə görüşündə Prezident Vladimir Putinin ölkəsinin dövlət bayramı - Rusiya Günündə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsinə ölkəmizdə böyük önəm verildiyini dedi və bu səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Bir məqamı da xatırlatmaq yerinə düşər. 1-ci Avropa oyunları zamanı Azərbaycana olan təhdidlər Soçi olimpiadası ərəfəsində Rusiyaya qarşı da yönəlmişdi. Bundan başqa, Azərbaycan ilə Rusiya arasında terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə əməkdaşlıq regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinə önəmli töhfədir. Birgə hərbi təlim və yarışların təşkili, avqust ayında Xəzər donanmasının 3 hərbi gəmisinin Azərbaycana səfəri də ikitərəfli əlaqələrin inkişafına xidmət edir. Məhz Azərbaycan prezidenti ilə görüşündə Sergey Lavrov ikitərəfli münasibətlərin səviyyəsini belə xarakterizə etdi: “Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və ümumilikdə, demək olar ki, beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər”.

 

Bütün bunlarla yanaşı, danışıqlar prosesində çox geniş spektrə malik digər məsələlər də müzakirə mövzusu oldu. Məlumdur ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsində ölkə iqtisadiyyatına çox böyük zərər dəyib. Xüsusilə, maliyyə sektorunda ciddi problemlər yaşanmaqdadır. Bütün bu dövr ərzində isə Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin ən bariz nümunəsini göstərdi. Təsadüfi deyil ki, iqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı Rusiyanın xarici işlər naziri də qeyd etdi ki, beynəlxalq konyunktura baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin önəmini xüsusi vurğulamaq olar.

 

İki ölkə arasında əlaqələrin inkişafının daha bir göstəricisi isə ticarət dövriyyəsinin artaraq dörd milyard dollara yaxınlaşmasıdır. Bu gün Azərbaycandan Rusiyaya ixracın əsasını mineral xammal, pambıq, tekstil, meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları təşkil edir ki, bu da ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Turizm, humanitar, təhsil, mədəniyyət sahələrində də əlaqələr uğurla inkişaf edir və bu əməkdaşlıq xalqlarımız arasında olan yaxın münasibətləri daha da gücləndirir.

 

Məhz Cənubi Qafqazda ən böyük 120 minlik rus icması layiqli Azərbaycan vətəndaşları kimi ölkəmizin inkişafına töhfə verməkdədir. Və nəhayət, bir faktı xüsusi vurğulamaq olar ki, görüş regionda vəziyyətin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından da əlverişli imkan yaratdı. Sergey Lavrovun münaqişənin həllində müəyyən irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bəyan etməsi diqqətdən yayınmadı.

 

Minsk qrupunun həmsədr ölkələrdən biri olan Rusiyanın münaqişənin nizama salınması istiqamətində aktivliyinin artması may ayında da nəzərə çarpmışdı. Söhbət Moskvada Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən gedir. Daha sonra qarşılıqlı səfərlər işçi qrupları səviyyəsində davam etdirildi. İyul ayında Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovla Sergey Lavrovun Moskvada yenidən görüşü oldu. Həmin görüş zamanı Lavrov bəyan etdi ki, münaqişənin həlli prosesinin intensivləşdirilməsinin vaxtı gəlib çatıb. Yəni həmin bəyanat indiki görüşdə Dağlıq Qarabağla bağlı geniş spektrdə müzakirələrin aparıldığını deməyə əsas verir.

 

İki dövlət arasında əlaqələrin gücləndirilməsi, inkişaf etdirilməsi və yüksək səviyyəyə çatdırılması əlbəttə ki, Ermənistanda böyük qıcıq doğurur. Ancaq birmənalı şəkildə demək olar ki, Ermənistanın hansı mövqe tutmasından asılı olmayaraq, Rusiya Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıdır. Bu gün İrəvandakı hərbi-siyasi rejimin apardığı siyasət  Ermənistanın iqtisadi tənəzzülünə, ən əsası isə bir dövlət kimi dünya siyasi xəritəsindən silinməsinə gətirib çıxaracaq və buna şübhə yoxdur. Azərbaycanın artan hərbi qüdrəti, bu gün beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ölkəmizin mövqeyinin dəstəklənməsi Ermənistanda bir gün rəsmi Bakının məsələni hərbi yolla həll etməsi qorxusu yaradır. Rusiya ilə münasibətlərin güclənməsi isə bu qorxunu daha da artırır.

 

Sərvər Bayramov

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar