Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusla bağlı “haqqın.az” saytında qalmaqallı yazı dərc olunub. Lent.az-ın məlumatına görə, jurnalist Eynulla Fətullayevin qələmə aldığı yazıda xanım Yunus barədə şok faktlar açıqlanıb.
Məqalədə deyilir ki, Rauf Mirqədirov həbs olunduqdan 4 gün sonra – aprelin 24-də Yunus ailəsi bank hesablarından böyük məbləğdə vəsaiti Çexiyanın paytaxtı Praqadakı banklardan birinə köçürür. Daha 4 gün sonra isə o, Baş Prokurorluqda ifadə verməli olduğu vaxt səhər tezdən Avropa İttifaqı ərazisində 5 il yaşama hüququnu özündən əks etdirən şengen vizası alıb. Elə həmin gün ailə dindirməyə gəlmədən təcili hava limanına yollanıb və faktiki ölkədən baş götürüb qaçmaq istəyib.
Leyla və Arif Yunusun Bakıdan Parisə birbaşa və daha qısa olan Bakı – İstanbul – Paris reysi olduğu halda, əvvəlcə Dohaya, oradan da Parisə yollanmaq istəyi yazı müəllifində sual doğurub. Daha bir müəmmalı məsələ isə ailəyə Bakı aviakassasından yox, Rusiyanın paytaxtı Moskvadakı “OZON travel”dən bilet alınması və həmin bileti kimin almasıdır.
Müəllifin fikrincə, xanım Yunus məhz erməni elitasının nümayəndələri ilə birgə sülhməramlı layihələr hazırlayır. Buna görə də vizanı erməni diasporunun güclü olduğu Fransadan alıb. Hüquq müdafiəçisinin əhatəsindəki ermənilər və erməni diasporunun nümayəndələri isə bunlardır: Laura Baqdasaryan, David Şahnəzəryan (Ermənistanın təhlükəsizlik xidmətinin sabiq başçısı), Riçard Kirakosyan (Vaşiqntonda olur), Qrant Baqratyan (sabiq nazir, hazırkı deputat), Vaaqn Xaçatryan (İrəvanın sabiq meri), Arnold Stepanyan (Cavaxetiyadandır), Marina Karapetyan (erməni diasporu), İqor Martirosyan (Ermənistan Xarici İşlər Nazirliyi), Lilit Petrosyan (Vaşinqtondan), Mari Titizyan (Kanada), Karine Stepanyan, qarabağlı separatçı Samvel Babayan və digərləri.
5 illik viza isə bir neçə saat ərzində verilib. Çünki məsələyə Fransa səfirinin özü qarışıb. L.Yunus isə hava limanına Fransa diplomatik missiyasının avtomobilində yollanıb. Onun qaçışını isə şəxsən səfir Paskal Monye təşkil edib.
Xanım Yunus Parisə yollanmaqda məqsədinin qonşuluqdakı Belçikanın paytaxtı Brüsseldə konfransa qatılmaqdan ibarət olduğunu bildirib. Amma yazarın fikrincə, ailə üzvlərini Parisdə özbək əsilli Nadejda Atayeva adlı şəxs gözləyib. Atayeva 2000-ci ildə Fransaya Özbəkistandan qaçıb. Bu, “Özbəkistan Çörək Məhsulları” korporasiyasına rəhbərlik etmiş atasına qarşı korrupsiya ittihamı ilə cinayət işinin qaldırılmasından sonra baş verib. Atayeva Özbəkistanda 6 ilədək şərti azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib. Amma o, əri Sergey İqnatyevlə birgə Parisdə yaşayır.
Məhz Arif və Leyla Yunusun özlərini Fransa paytaxtına çatdırmalı olduqları gün Atayeva sosial şəbəkələrdə onların müdafiəsi məqsədilə böyük kampaniyaya başlayır. O, eyni zamanda Ermənistan KİV-inə istinad edərək, daha bir rezonans doğuran kampaniyaya əl atır. Burada isə ABŞ-ın ötən il Azərbaycandan deportasiya olunmuş qadın əməkdaşı, Vaşinqtondan olan “Miledi” ləqəbli Vinsent adlı şəxsin adı hallanıb.
Digər tərəfdən, azərbaycanlı hüquq müdafiəçilərinin çemodanından Türkiyənin Antalya şəhərində daşınmaz əmlaklarının olduğuna dair sənədlər də tapılıb. “Belçikadakı konfransa gedən” L.Yunusun mülk sənədləri nəyinə lazım idi? – deyə müəllif sual edir.
O da qeyd olunub ki, L.Yunus kifayət qədər böyük məbləğdə pul vəsaitlərini idarə edib. Məsələn, “Transparency İnternational”ın Azərbaycan bölməsinin sədri Rəna Səfərəliyevanın digər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı ilə birgə rəhbərlik etdiyi “Azərbaycan qadınları Qafqazın ön cərgələrində sülh və demokratiya uğrunda” adlı qeyri-hökumət təşkilatından 155 min manat, 230 min dollar və 100 min avronu nağd və bank hesabından alıb. Yazı müəllifinin fikrincə, bu vəsaitin böyük hissəsi Antalyaya gedib.
Eyni zamanda L.Yunusun Böyük Britaniya və Kanada səfirliklərindən, habelə, NED fondundan aldığı yazılıb. Maliyyə isə Rəna Səfərəliyevanın QHT-sinin hesabına gəlib. Pul köçürmələri Fransanın “Societe Generale”, ABŞ-ın “Citibank” və “Wells Fargo Bank”, Avstriyanın “Raiffeisen Bank” və Almaniyanın “Commerzbank”ından edilib.