“Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağa dair qətnamə ilə bağlı səslərin sayılmasında saxtakarlıq həqiqətən olubsa, bunu bütövlükdə Avropanın ən vacib qurumlarından biri üçün başucalığı gətirməyən hadisə hesab edirəm”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, AŞPA-nın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədar qərara mənfi münasibət göstərməsi, Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi bu quruma hörmət gətirmir.
"Ən azı ona görə ki, AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib, ikinci dəfə əks mövqe nümayiş etdirilməsi düzgün hal sayıla bilməz. Digər tərəfdən, çox təəssüfedici hal ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri AŞPA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər. Bu isə bütövlükdə Minsk qrupunun hansı məqsədə xidmət etdiyi haqqında bizi düşünməyə vadar edir”.