Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində ermənilərin kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı oktyabrın 27-də qurduqları "məhkəmə” şousu sona çatmaq üzrədir. Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, bu gün "məhkəmə”də "vəkillər”in və "prokuror”un çıxışı olacaq. Sonuncu "məhkəmə prosesi”ndə ermənilərin kəlbəcərli girovların öldürdüyü iddia etdikləri Sumbat Çakanyanın qohumları girovların onlara verilməsini tələb ediblər. Ermənistan mətbuatının yaydığı xəbərə görə, Sumbat Çakanyanın anası bununla bağlı KİV-lərə açıqlama verib: "Bilirəm ki, dekabrın 12-də vəkillərin və prokurorların çıxışı olacaq. İndidən aydındır ki, Əsgərov Sumbatı öldürüb, amma bunu etiraf etmir. Mən oğluma 7 dəfə atəş açan insanın mühakimə olunmasını istəmirəm. Qoy, onu mənə versinlər!”
Movqe.az Sumbat Çakanyanın bu tələbinə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun münasibətini öyrənib. D.Əsgərov atasının qatil olmadığını, öz doğma yurd-yuvasına onu vətən həsrətinin apardığını söyləyib: "Atam heç kəsi öldürməyib. Bunu atamın ona atılmış böhtanı inkar etməsi, həm də ermənilərin əlində ola-ola təyziq altında belə inkar etməsi bir daha təsdiqləyir. Yaxşı olar ki, atamı oğlunun qatili adlandıran Sumbatın Çakanyanın anası öz içlərindəki qatilləri axtarsın. İndiyə qədər bizi öz doğma torpaqlarımıza həsrət qoyan, körpə uşaqları analarının gözü qarşısında qəddarlıqla qətlə yetirib ağlar qoyan erməni qatillərini!".
Dilqəm Əsgərovun oğlu bu gün keçiriləcək qondarma məhkəmədən ədalət gözləmədiyini söyləsə də, atası və Şahbaz Quliyevlə bağlı düşmənlərin heç bir beynəlxalq normalara sığmayan məhkəməsinin necə sonuclanacağını gözlədiyini deyib: "Mənim üçün atam və Şahbazla bağlı ermənilərin qurama "məhkəsi"nin nə qərar verəcəyini gözləmək ağır olsa da, nəticəni gözləyirəm. Hamıya bəllidir ki, bu məhkəmə yox,düşmənin qurama bir oyunudur. Beynəlxalq təşkilatları bu qurama oyuna son qoymaları üçün erməni tərəfə sərt tələb qoymağa çağırıram. Ümid sonda ölür deyirlər! Mənim atamın və Şahbazın girovluqdan azad ediləcəyinə ümidim hələ də var".
Kürdoğlu Əsgərov bildirib ki, ötən gün atasını və Şahbazı yuxuda görüb: "Atam gecə yatanda da fikrimdən çıxmır. Yuxuda görüm ki, Şahbaz girovluqdan azad edilib, atam isə yox. Şahbazı qınadım ki, niyə atamı orda qoyub gəldin? Dedi ki, elə bilirsən atanı azad etmək asandır? Elə oyun atanın üzərində qurulub".