Deputat Ceyhun Osmanlının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və bəzi tanınmış ABŞ institutları ilə işbirliyində olması barədə iddialar irəli sürülüb.
Virtualaz. org saytının yazdığına görə, deputat son bir neçə ildə ABŞ qeyri-hökumət təşkilatları ilə fəal və əlbir işləyib: “ Bu QHT-lərin adı isə postsovet və ərəb ölkələrində yerli hakimiyyətləri yıxmaq üçün hazırlanan “rəngli inqilab ssenariləri”nin icrası fonunda tez-tez hallanıb”.
Sayt yazıb ki, C.Osmanlı “İrəli”yə bilavasitə rəhbərlik etdiyi dövrdə USAİD və İRİ-dən (ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu) maliyyə dəstəyi alaraq sosial şəbəkələrin, o cümlədən Facebook və Twitterin Azərbaycanda inkişafı və populyarlaşdırılması, həmçinin gənclərdən ibarət sosial qrupları idarə etməyin öyrənilməsi ilə məşğul olub. 2007-ci ildən etibarən Amerikanın pulları hesabına İnformasiya Texnologiyaları Mərkəzinin çətiri altına toplaşan gənc fəallar burada heç də proqramlaşdırmanın sirlərini, alqoritmləri və kompüter texnologiyalarını öyrənmirdilər.
Məqalədə göstərilib ki, ABŞ-ın “rəngli inqilablar”ın təşkilində ixtisaslaşan iki əsas QHT-nin yüksək rütbəli nümayəndələri 2009-cu ildə C.Osmanlı ilə danışıqlar aparıb. Bunlar İRİ-nin Azərbaycan üzrə direktoru Cekob Cons (Jake Jones) və ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) başçısı Arien de Volf (Arien de Volff) idilər: “ Həmin görüşdə müzakirə olunan “qarşılıqlı maraq doğuran” məsələlərin nədən ibarət olduğu məlum deyil. Amma bu dəqiqdir ki, bu görüşdən sonra C.Osmanlının “səhmləri” ikiqat qiymətə minmişdi”.
Daha sonra C.Osmanlını ABŞ-ın Azərbaycandakı səfirliyinə, müvəqqəti işlər vəkili Donald Lu ilə məxfi görüşə göndəriblər.
C.Osmanlı D.Lu ilə 2009-cu ilin sentyabrında keçirilən görüşdə bəyan edib ki, “Azərbaycan 10 ildən sonra inkişaf etmiş ölkəyə çevriləcək. Amma bu, yalnız düzgün adamların lazımi yerlərdə və postlarda olacağı halda mümkün olacaq”
C.Osmanlı D.Luya məlumat verərək deyir ki, “İrəli” çox vacib şəbəkədir, onun üzvləri həlledici də olmasa, hər halda vacib dövlət postlarında və biznes qurumlarında təmsil olunurlar.
Bu görüşdən dərhal sonra Vaşinqtona göndərilən depeşedə bildirilirdi ki, “İrəli”nin üzvləri Azərbaycan liderlərinin növbəti nəslinə çevrilmək üçün hazırda çox yaxşı mövqelər tutublar və ABŞ səfirliyi bu hərəkatla təmasları inkişaf etdirməkdə və onun inkişafını izləməkdə davam edəcək.
Sayt amerikalı diplomatın öz hökumətinə göndərdiyi məlumatın surətini də yayıb. (foto 1)
C.Osmanlı ilə D.Lunun şəxsi söhbətinin məzmunu Vaşinqtona - Dövlət Departamenti ilə MKİ-yə göndərilmişdi. Azərbaycan gəncliyinin hakimiyyət cəbhəsindən olan yeni lideri haqda arayış almış ünvanların qeyd olunduğu sənədin surəti ilə siz də tanış olun. (Foto 2)
C.Osmanlı ilə əlaqə qurulmasına dair Vaşinqtona göndərilmiş məxfi depeşeni ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi-iqtisadi şöbəsinin başçısı Robert Garverick şəxsən özü hazırlamışdı. (Foto3)
MKİ ilə Dövlət Departamentinə göndərilmiş depeşedə xüsusi vurğulanırdı ki, “İrəli” Ceyhun Osmanlının rəhbərliyi altında ümumi dəyəri 1 milyon dollar olan iki illik layihənin həyata keçirilməsi ilə məşğuldur və bu layihənin məqsədi 50 min nəfər gənc və fəal internet istifadəçisi hazırlayıb yetişdirməkdir. Amerikalılar bunu da xüsusi təəssüf hissi ilə bildirirdilər ki, C.Osmanlı müvafiq maliyyə sənədlərini təqdim etməyib. Böyük ehtimalla burada söhbət çoxmilyonluq layihədəki yeyintidən gedir. Amerikalı diplomatın depeşesindən də çıxarış var. (Foto 4)
Bu şübhəli layihənin başa çatmasını gözləmədən elə həmin 2009-cu ildə C.Osmanlı Amerika QHT-sindən Beynəlxalq Respublikaçılar İittifaqı (İRİ) tərəfindən hazırlanmış “Bələdiyyə-2009” layihəsinin həyata keçirilməsi üçün yeni subsidiya alır. Layihədə açıq göstərilir ki, onun məqsədi Azərbaycanın 56 şəhərində və regional mərkəzində gənclərin siyasi fəallığına dəstək verməkdir.
Bir il sonra, 2010-cu ildə “İrəli” yenə də USAİD-in maliyyə dəstəyi ilə Azərbaycanın şimal rayonlarında Gəncə, Şəki, Sumqayıt, İsmayıllı, Zaqataladan olan gənc fəalların iştirakı ilə treninqlər keçirir.
Virtualaz.org