AŞPA Daimi Komitəsinin Bakıda keçirilən iclasında miqrasiya və qaçqınlar, məcburi köçkünlər arasında HİV virusuna yoluxmuş şəxslərin müalicəsinin təmin edilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsi haqda hesabat məruzəsi təqdim olunub.
APA-nın məlumatına görə, məruzəni isveçrəli Doris Fiala təqdim edib.
D. Fiala deyib ki, bir çox üzv ölkələrin qanunvericiliyində miqrantlar üçün HİV testi tələb olunur. O, bunu miqrantların müalicəsinə ciddi maneə törətdiyini bildirib: “Həmin ölkə HİV virusunun daşıyıcısı olan miqrantı qəbul etmirsə, bu, belə şəxsləri təcrid etmək və müalicələrinin qarşısını almaq deməkdir. Üzv ölkələr qanunvericiliklərində bu sahədə məhdudiyyətləri aradan qaldırmalıdırlar. Əks halda miqrantların, o cümlədən qaçqın və məcburi köçkünlərin işi ilə bağlı irəliləyiş əldə edə bilməyəcəyik”.
D. Fiala nəzərə çatdırıb ki, Rusiyanın Krımı zəbt etməsindən sonra həmin ərazidə 11 min insan HİV-lə bağlı zəruri yardımdan məhrum qalıb: “Rusiya oradakı insanlara bununla bağlı vəsait ayırmır, Ukrayna da bu vəsaiti dayandırıb. AŞ PA yaranmış vəziyyətdən narahatdır”.
Daha sonra hesabat müəllifi gözlənilməz açıqlama da verib: “Bu sənədin müəllifi mən özüm olsam da, əleyhinə səs verəcəyəm. Səhiyyə xidmətlərinə hamının əli çatmalıdır. Qanunvericilik baxımından o qədər irəli gedirik ki, bir çox ölkə bunu qəbul etməyəcək və nəticədə real işlər görə bilməyəcəyik”.
Müzakirələrdən sonra hesabat kiçik düzəlişlə qəbul olunub. Düzəliş bundan ibarətdir ki, üzv ölkələrdən birinə HİV-ə yoluxmuş şəxs daxil olduqda və onda bu xəstəlik aşkarlandıqda, onun ölkəsində bu xəstəliyin müalicə imkanları olduğu təqdirdə, həmin şəxs ölkəsinə geri qaytarılacaq. Eyni zamanda onun ölkəsinə vətəndaşının yoluxduğu xəstəlik barədə məlumat veriləcək.