Millət vəkili Qənirə Paşayeva AŞPA-da miqrantlarla bağlı məruzənin müzakirəsi zamanı çıxış edib.
Lent.az-ın məlumatına görə, millət vəkili çıxışı zamanı Azərbaycan və Türkiyə əleyhinə böhtanlarla çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavablar verib.
O bildirib ki, Avropada qaçqınlara qarşı hücumların artması hər kəsi ciddi narahat etməlidir: “Fiziki zorla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlara qarşı ciddi addımlar atıla bilər. Avropadakı iqtisadi böhranın səbəbkarları qaçqınlar və məcburi köçkünlər deyillər. Bu baxımdan biz, Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq”.
Azərbaycanın dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biri olduğunu vurğulayan Q.Paşayeva deyib ki, Azərbaycan 90-cı illərdə Özbəkistanda baş verən hadisələrin nəticəsində oradan qaçmaq məcburiyyətində qalmış on minlərlə Ahıska türkünə də qucaq açıb: “ Bu gün də müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. Ermənistan Suriyadan qaçan erməniləri işğal etdiyi Azərbaycan torpaqlarına köçürür. Hesab edirəm ki, Ermənistanın bu qeyri-insani fəaliyyətlərinə miqrasiya komitəsi səssiz qalmamalıdır. Mən buradan sizin qarşınızda Ermənistan heyətindən soruşuram. Siz nə üçün Ermənistanda o qədər yerlər qala-qala Suriyadan gələnlərin bir hissəsini qeyri-qanuni olduğunu bildiyiniz halda işğal etdiyiniz Azərbaycan torpaqlarında yerləşdirirsiniz? Bunu dayandırın! ”
Bir neçə il öncə ATƏT-in faktaraşdırıcı missiyasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında araşdırma apardığını xatırladan millət vəkili qeyd edib ki, araşdırma nəticəsində hazırlanan hesabatda Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarına süni məskunlaşma aparmaması, kənardan insanlar gətirib yerləşdirməməsi tələb olunub və bunun beynəlxalq hüquq qaydalarına zidd olduğu qeyd edilib: “Amma Ermənistan ATƏT-in bu çağırışlarına baxmayaraq indi də Suriyadan qaçan erməniləri işğal etdiyi Azərbaycan torpaqlarına yerləşdirir. Buna görə Ermənistana ciddi şəkildə xəbərdarlıq edilməli və Ermənistanın beynəlxalq hüquqa zidd addımlarına qarşı gecikmədən lazımı tədbirlər görülməlidir. Ermənistan heyətinin Azərbaycan əleyhinə çıxışı tamamilə yalandır”.