““Araz Əzimov illərin diplomatıdır, Azərbaycan müstəqil olandan XİN-də çalışır, Dağlıq Qarabağ danışıqlarında ölkəni və prezidenti təmsil edir və belə bir mühüm pozisiyaya malik adam deyir ki, Bəşər Əsəd prezident kimi hazırda Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır və onun ordusu hüquqi institutdur (?!). Araz Əzimovun Əsədlə bağlı fikirləri Rusiya və İran rəsmilərinin fikirləri ilə tamamən üst-üstə düşür. Məgər biz Suriya məsələsində Moskva və Tehranın mövqeyini müdafiə edirik?”
Lent.az-ın məlumatına görə, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Araz Əzimovdan heç kim tələb etmir ki, Qərb və Türkiyə liderləri kimi desin, “Əsəd getməlidir”: “Bu bizim dərdimiz deyil, heç prezident İlham Əliyev Əsədi dəstəkləyən açıqlamalar vermir, Suriyadakı vəziyyətlə bağlı ümumi ifadələr işlədir, çünki bilir ki, Əsədin günahları terrorçuların günahlarından az deyil. Görəsən, illərin diplomatı Araz Əzimov Əsədin adını çəkmədən Suriyadakı durumla bağlı ümumi ifadələr tapa bilməzdi?”
Elxan Şahinoğlu bildirib ki, Araz Əzimovun müsahibəsindəki fikirlərə ya o, özü, ya da Azərbaycan XİN aydınlıq gətirməlidir: “Əks halda Qərbdə və Türkiyədə Azərbaycanı İran və Rusiya ilə yanaşı Əsəd dəstəkçiləri siyahısına aid edəcəklər”.