“Saytınızda Nepal, Ekvatorial Qvineya və vətənim Qvatemala haqdakı araşdırma yazını oxudum. Düzdür, həmin yazını oxumaq bir xeyli vaxtımı aldı... (Gülür) Yazı çox maraqlı hazırlanmışdı. Azərbaycan vətəndaşlarının Qvatemalaya getməsinə kömək edəcək qədər dolğun məlumat var idi”. Bu sözləri Bakıda yaşayan qvatemalalı Mario Xose Quzman Oliveros bir ay əvvəl Lent.az-da yayımlanmış “Adamyeyənlər ölkəsi”nə necə getməli? - ARAŞDIRMA” yazısına münasibət bildirərkən dedi. Mario hüquqşünasdır. Bu ilin yanvarından etibarən ailəsi ilə birlikdə Bakıda yaşayır. Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs deyir. Bəs, 29 yaşlı Mario Azərbaycana necə gəlib çıxıb? Mario bu suala ətraflı cavab vermək istəmədi. Qısa olaraq həyat yoldaşının işi ilə əlaqədar ölkəmizə gəldiyini bildirdi:
- Həyat yoldaşımın işi mənim bura gətirib çıxartdı. Çox təəssüf ki, bu barədə ətraflı məlumat verə bilməyəcəyəm. Etiraf edim ki, Azərbaycana gələcəyimizdən xəbər tutanda çaşıb qaldım. Çünki ölkənizdə nə işlə məşğul olacağımı bilmirdim. Amma şükürlər olsun, indi hər şey yaxşıdır. Bakı Dövlət Universitetdə dərs deyirəm. Tələbələrim də bu müsahibəmi səbirsizliklə gözləyir (Gülür). Qvatemala ilə müqayisədə Azərbaycan çox fərqlidir.
Mən hələ Azərbaycan mədəniyyətini öyrənirəm. Ölkənizə gəlməmişdən əvvəl Azərbaycanın daha çox Avropalaşdığını, Avropaya meylli olduğunu düşünürdüm. Amma gələndən sonra gördüm ki, ölkəniz daha çox Avropa ilə Asiyanın qarışığından ibarətdir. Azərbaycanda açıq-aşkar köhnə ilə yeni arasında qarşıdurma gedir. Bu qarşıdurma yalnız memarlıq, tikinti sahəsində deyil, cavanlar və yaşlıların münasibətlərində də mövcuddur və bu qarşıdurma insanda maraq doğuracaq bir yolla hərəkət edir...
Yeni ili Qvatemalada qarşılamağa hazırlaşan Mario ailə üzvlərinin bayramını Azərbaycan çayı ilə təbrik edəcək:
- Qvatemaladakı ailə üzvlərimə orijinal qablarda satılan Azərbaycan çayı, bir də armudu stəkanlar almışam. Ümumiyyətlə, Azərbaycan çayı ilə aram çox yaxşıdır. İlk vaxtlar çay süfrəyə gələn kimi, içməyə başlayırdım, ağzım yanırdı və bu da təbii ki, ətrafdakıların gülüşünə səbəb olurdu. Artıq bu problem də arxada qalıb (Gülür).
Marionun stula oturar oturmaz “ofisiant”a çay sifariş verməsi onun artıq çayxor olduğundan xəbər verirdi. Deyir, Bakıda hamam azarına tutulub. Demək olar ki, hər həftə “Nizami” metro stansiyasının arxasındakı hamama üz tutur. Adını açıqlamasa da, ilk əvvəl paytaxtdakı dəbdəbəli hamamlardan birinə gedirmiş. Oradakı xidmət səviyyəsi Marionu qane etmədiyinə görə, seçimində dəyişiklik etmək məcburiyyətində qalıb. Dediyinə görə, Azərbaycan dilində vacib söz və ifadələri öyrəndiyi üçün hamanda ona o qədər çətin olmur. Ən çox xoşladığı yemək isə plovdur:
- Azərbaycan mətbəxinə aid yeməkləri dəfələrlə dadmışam. Amma ən çox xoşladığım, sevdiyim Azərbaycan yeməyi plovdur. Hə, bir də yaddan çıxmamış deyim. Paxlavanız da ləzzətlidir. Müxtəlif ölkələrdə, Türkiyədə, Livanda paxlavanın dadına baxmışam. Amma hələ ki, Azərbaycan paxlavasına çatan yoxdur.
Mario Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda ətraflı bilgiyə sahib deyil:
- Çox təəssüf ki, bu haqda məlumatım yoxdur.
Mariodan Lent.az-da yayımlanmış “Adamyeyənlər ölkəsi”nə necə getməli?” yazısının başlığından inciyib-incimədiyini soruşdum. Soyuqqanlı şəkildə başlığı adi zarafat kimi qəbul etdiyini bildirdi:
- Yox-yox, nə incimək?! Mən bu başlığı zarafat kimi qəbul etdim. Bilirsiniz, yeni məlumatlar olmayanda insanlar daha çox köhnələrə üstünlük verir və bir qayda olaraq stereotiplərdən yararlanır. Belə olan halda isə belə başlıqlar yaranır.
- Qvatemalada oğurluğun tüğyan etdiyi deyilir. Yazımızda da bu haqda məlumat vermişdik. Ölkəndə real vəziyyət necədir? İstərdim Qvatemala haqda özünüz bizim vətəndaşlar üçün məlumat verəsiniz.
- Qvatemalada kriminal kartellər, narkodilerlər, küçə dəstələri mövcuddur. Bu qruplar, xüsusilə paytaxt Qvatemala şəhərində aktivdirlər. Paytaxtda mobil telefon və portmanat oğurlamaq dəbdədir. Sevindirici haldır ki, ölkənin gəzməli, görməli yerləri paytaxtdan kənardadır. Qvatemalaya getmək istəyən azərbaycanlılara, turistlərə məsləhət görərdim ki, daha çox regionlara diqqət yetirsinlər, nəinki paytaxt Qvatemala şəhərinə. Düzdür, tarixi məkanlar azdır. Amma bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Qvatemaladakı La Danta piramidaları Misirdəki Giza piramidalarından daha böyükdür. Hesab edirəm ki, bu amil turistlərin marağına səbəb ola bilər.
- Ölkə əhalisinin qazancı əsasən nədən çıxır?
- Qvatemala əhalisinin 60 faizini kəndlilər təşkil edir. Onlar da təbii olaraq öz həyatlarını kənd təsərrüfatında çalışmaqla təmin edir. Şəhər sakinləri isə bir qayda olaraq ictimai xidmət və istehsalatda çalışır.
- Qvatemalada qadın-kişi münasibətləri hansı səviyyədədir?
- Qvatemala bu gün də mühafizəkar ölkə ünvanını qoruyub saxlayıb.
Təbii ki, alicənablıq və cəngavərliklə hər yerdə qarşılaşmaq olar. Bunlar çox yüksək dəyərləndirilir. Kişilər və qadınlar isə sərbəst görüşüb münasibət qururlar.
- Bir vaxtlar Qvatemalada xunta rejimi mövcud olub. İndi ölkədə ictimai-siyasi vəziyyət necədir?
- Qvatemalada hərbi rejim çoxdan geridə qalıb. Hazırda ölkədə demokratik hökumət fəaliyyət göstərir. Xoşbəxtlikdən mən bu çətin məqamların heç biri ilə üzləşməmişəm.
- Azərbaycanlılar və qvatemalalılar arasında hansı oxşar və fərqli cəhətlər var?
- Ailəyə möhkəm bağlılıq və hər yerə gecikmək bu iki xalqın oxşar cəhətləridir. Fərqli cəhətimiz isə odur ki, siz bizə nisbətən çox, lap çox qonaqpərvərsiniz.
Təbii ki, Qvatemaladan olan birinə Çe Qevara haqda sual verməmək günah olardı. Bilənlər bilir ki, Qvatemala Çenin həyatında özünəməxsus yer tutub. Çe xalası Beatrisə yazdığı məktubda Qvatemalaya köçməsinin səbəbini belə izah edirdi: “Qvatemalada əsl inqilabçı olmaq üçün nə varsa edəcəm və özümü təkmilləşdirəcəyəm”. Bəs, Mario əsl inqilabçı Çe haqda nə düşünür? Marionun cavabı bəlkə də çoxunuzun təəccübünə səbəb olacaq:
- Çenin ideyaları gözəl olub. Amma bu ideyalara görə, qan tökülüb, müharibələr olub. Buna görə Çeyə münasibətim yaxşı deyil. Qvatemalada da Çeyə münasibət birmənalı deyil. Bilmirəm burdan baxanda necə görünür, amma qvatemalalıların yarısına görə Çe terrorçu, yarısına görə isə qəhrəmandır.
Latın Amerikası və futbol? Bu iki məfhumu bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Mario da sözlərimə haqq qazandırır. Dünyanın bir çox ölkəsində olduğu kimi, Qvatemalada da ən populyar idman növü futboldur:
- Amma əfsus ki, bizim futbolçular heç də yaxşı futbol oynamır.
Bir ortaq cəhətimiz də belə aşkarlanmış oldu. Amma bu barədə Marioya bircə kəlmə də demədim. Qvatemala qanlı xunta, oğurluq və digər neqativlərdən ibarət deyil ki... Qvatemalalı yazıçı Migel Anxel Asturias Nobel mükafat laureatıdır. Məncə, çox yüksək uğurdur. Mariodan Qvatemalada Asturiasdan başqa dünya səviyyəli şair və yazıçıların olub-olmadığını da xəbər aldım:
- Dünyada Migel Anxel Asturiasdan başqa tanınmış yazıçımız yoxdu. Elə bircə tanınmış yazıçımız var, o da Nobel alıb (Gülür) Asturiasın “Cənab prezident” (“El Senor Presidente”) romanı çox yaxşı əsərdir. Oxumaq məsləhətdir...
Qeyd: Müsahibənin alınmasında göstərdiyi köməkliyə görə, Arzu Nəcəfovaya təşəkkür edirik!