Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İTV–nin son dövrdəki fəaliyyətinə ciddi irad tutulub. Lent.az-ın məlumatına görə, hökumətin illik hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxışında ölkədəki dini maarifləndirmə məsələsinə toxunaraq, bu telekanaldan narazılığını bildirib.
O deyib ki, son vaxtlar İTV AzTV-yə çevrilib: “Əvvəllər yenə yaxşı idi. Maraqlı maarifləndirici verilişlər olurdu. Amma son vaxtlar İTV-ni AzTV-nin bir hissəsinə çeviriblər. Buna nə ehtiyac var? Əgər belədirsə, onsuz da AzTV kimi dövlət kanalımız var, daha İTV-yə nə ehtiyac? Bu telekanalın işi ictimai maarifləndirmə aparmaq idi”.
Deputat çıxışında səhiyyə sahəsinə də toxunub: “İnsanların bir çoxu müalicə üçün xarici ölkələrə gedir, sonra virus daşıyıcısı kimi ölkəmizə qayıdırlar. Hazırda Azərbaycanda əhalinin 10 faizi Hepatit C xəstəsidir. Bu, çox böyük rəqəmdir”.
Q.Həsənquliyev qeyd edib ki, ölkədə bu qədər dövlət səhiyyə obyektinin qalmasına ehtiyac yoxdur. Onun fikrincə, dövlət o müəssisələrdə həkimlərə yüksək səviyyədə maaş verə bilmədiyindən, ayrı-ayrı neqativ hallara yol verilir”.
Millət vəkili, həmçinin təhsil ocaqlarının da özəlləşdirilməsini vacib sayıb: “Bəzi akademiyalardan başqa, dövlət universitetlərin hamısı özəlləşdirilməlidir. O universitetlərin verdiyi vergi hesabına müəllimlərin maaşını qaldırmaq olar. Deyirik ki, orta təhsil pulsuzdur. Amma gəlin, sorğu keçirək ,kim repetitor yanına getmədən universitetə qəbul ola bilir? Valideynlərdən kim övladını oxutmaq istəyirsə, repetitora pul vermək məcburiyyətindədir. Nəhayət, bu məsələ ilə bağlı qərar qəbul etmək vaxtı gəlib çatıb, hökumət təhsil kreditlərinin verilməsinə başlamalıdır”.