Ulu öndər Heydər Əliyev görkəmli dövlət xadimi, müdrik rəhbər, praqmatik siyasətçi, eyni zamanda çox sadə və təbii insan, uğurlu lider formulunun əsil nümunəsi idi. Dahi şəxslərə məxsus olan mərdlik, cəsarət, səmimiyyət, qətiyyət, müdriklik kimi faktorlar Ulu Öndərdə birləşmişdi. O, rəhbər və lider kimi bənzərsiz insan idi. Heydər Əliyev siyasətinin ən uca məqamı xalqa xidmətə əsaslanırdı. Xalqa sevgi və məhəbbətlə yanaşan Heydər Əliyev fenomen şəxsiyyət olaraq tarixə daxil olmuşdur. Qədim dövlətçilik ənənələri üzərində yenidən qurulmuş müstəqil bir dövlət olan Azərbaycanı dünyaya tanıdan aparıcı amil onun məhz Heydər Əliyev kimi liderinin olması idi.
Azərbaycan dövlətçiliyinə, onun inkişafına verilən əvəzolunmaz töhfələr məhz ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. Xalqına, onun müdrikiliyinə, intellektual potensialına sonsuz inam Heydər Əliyev şəxsiyyətini ideal səviyyəyə qaldırdı.
Heydər Əliyev bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin bu sahədəki zəngin təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli Lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Ulu Öndərin dövlət idarəçiliyi məktəbinin ən görkəmli nümayəndəsi, beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş, müasir təfəkkürlü, səriştəli və cəsarətli Prezidentimiz İlham Əliyev atdığı addımlarda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu təsdiqləmişdir. Ölkə başçısının vurğuladığı kimi Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Qazanılan hər bir uğur isə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi diqqət çəkir. Ümummilli Liderin qeyd etdiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikri artıq özünü təsdiqləmişdir.
Nailə Məmmədova
“Azerbaijan Realities”