Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla və yeni çalarlarla zənginlədirilmiş şəkildə həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə islahatçı, innovativ bir ölkə imicini formalaşdırmış, əməkdaşlığa can atılan dövlətlərdən birinə çevrilmişdir. Son on ildə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirməsi, beynəlxalq imici, regionun lideri olaraq özünü təsdiqləməsi ölkəmizin seçdiyi yolun düzgünlüyü həqiqətini təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Ötən dövrü xarakterizə edən faktların ümumi təhlili göstərir ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev siyasi kursunu həyata keçirməyə qadir dövlət xadimi olaraq özünü doğrultmuşdur.
Məhz bu məqsədyönlü və uğurlu siyasətin nəticəsidir ki, dövlət başçısı nəinki ölkə daxilində, hətta respublikamızın sərhədlərindən kənarda da intellektual siyasətçi, dövrün nəbzini tutmağı bacaran təcrübəli rəhbər kimi tanınmışdır. Təsadüfi deyildir ki, Azərbaycan Prezident İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilmişdir. İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilmiş, iqtisadi, siyasi və sosial sahədə islahatlar paralel şəkildə aparılmışdır. Prezident ölkədaxili sabitliyin təmini və saxlanması, daxili islahatların ardıcıl yerinə yetirilməsi carçısı olmaqla, eyni zamanda beynəlxalq arenada Azərbaycanın imicinin artırılması istiqamətində məqsədyönlü strategiya reallaşdırmışdır.
Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsi geostrateji baxımdan yeni dünya xəritəsində böyük önəm daşıyır. Zəngin karbohidrogen ehtiyatları, əlverilşli coğrafi mövqe bütün dünyanın diqqətini bu regiona cəlb etmişdir. Belə bir şəraitdə, habelə Ermənistanın işğalçı siyasəti fonunda düşünülmüş xarici siyasət Azərbaycan üçün çox mühümdür. Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət xəttini uğurla davam etdirməklə, mövcud beynəlxalq vəziyyətə uyğun olaraq ona yeni nüanslarla zənginləşdirmişdir. Dövlətimiz beynəlxalq arenada layiq olduğu mövqeyə çatmışdır. Regionda həyata keçirilən bütün beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə və onun milli maraqlarına uyğun şəkildə reallaşır. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya yatırılıb. Bundan başqa Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü, süni peykini fəzaya çıxaran kosmik ölkə, 2015-ci ildə ilk dəfə təşkil olunacaq Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcək bir dövlətdir. Həmçinin beynəlxalq əhəmiyyətli bir çox siyasi, iqtisadi, mədəni forum və konfransların keçirildiyi yerdir. On ildə Azərbaycan sürətli inkişafı ilə Cənubi Qafqazı dünyanın iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevirib.
Bütün bu sadalananlar on illik praqmatik, rasional və innovativ siyasətin yalnız bir hissəsidir. İlham Əliyevin məqsədyönlü siyasi xəttinin uğurları Azərbaycanı lider bir ölkəyə çevirmişdir. Dövlət başçısı İlham Əliyev istər seçkilər zamanı və andiçmə mərasimində, istərsə də vəzifəsinin icrasına başladıqdan sonrakı dövrdə bütün bəyanatlarında Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini söyləmiş və daim də sadiq qalmışdır. Millət Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir. Alternativsiz lider kimi ölkədə keçiriləcək növbəti prezident seçkilərində İlham Əliyevə rəqib ola biləcək şəxs yoxdur. Çünki bu yol bizi daha uğurlu gələcəyə aparır.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı