“Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra Azərbaycanla Ermənistan arasında “xalq diplomatiyası”nın təsirləri və nəticələri ciddi müzakirə olunur. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin Ermənistandan olan həmkarları ilə təmasları, ikinci, yaxud da üçüncü ölkədə keçirdikləri görüşlər ciddi narahatlıq doğurmağa başlayıb.
Hətta bununla bağlı APA-ya açıqlamasında Azərbaycan parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələni daha konkret qoyaraq bunu faktiki olaraq cinayət halı kimi xarakterizə etdi.
O, “bəzi vəkil və hüquq müdafiəçilərinin dövlətə xəyanət ittihamı ilə həbs olunan jurnalist Rauf Mirqədirovun fəaliyyətini ictimaiyyətə “xalq diplomatiyası” kimi çatdırması yanlışdır. Ölkə ictimaiyyəti birdəfəlik bilməlidir ki, hazırkı müharibə vəziyyətində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu məsələlərin tənzimlənməsi üçün münasibətlər ancaq müəyyənləşdirilmiş rəsmi çərçivədə aparılır” - deyərək, bildirdi ki, “Xalq diplomatiyası” yalnız Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpaqlarının azad olunmasından, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə rəsmən üzr istəməsindən sonra mümkün ola bilər.
Komitə sədri xüsusi bəyan edib ki, jurnalistlərin, QHT nümayəndələrinin, yaxud digər vətəndaş cəmiyyəti təmsilçilərinin “xalq diplomatiyası” adı altındakı təmasları effekt verə bilməz: “Əksinə, Rauf Mirqədirovla bağlı hadisə də göstərdi ki, bu, təhlükəlidir, belə haldan Ermənistanın xüsusi xidmət orqanları istifadə ediblər. QHT nümayəndələrinin, ayrı-ayrı şəxslərin, jurnalistlərin, digər vətəndaş cəmiyyəti nümayəndələrinin “xalq diplomatiyası” adı altında həyata keçirdikləri səfərlər, görüşlər birbaşa Ermənistan xüsusi xidmət orqanlarının nailiyyətlərinə işləyib”.
Bu mövzu ilə bağlı Lent.az-a açıqlama verən Milli Məclisin hüquqşünas, əslən Qarabağdan olan deputatı Rövşən Rzayev bildirib ki, “xalq diplomatiyası” adlandırılan bu cür təmasların tamamilə əleyhinədir və bunu zərərli hal kimi qəbul edir.
Deputat bildirib ki, sülh danışıqlarını qarşı tərəflə ölkə prezidenti, bəzi hallarda da müəyyənləşdirilmiş qaydada xarici işlər naziri aparır: “Azərbaycan tərəfdən Dağlıq Qarabağın azərbaycanlı icması da öz işini lazımınca görür. Bu qurum da ancaq Dağlıq Qarabağın erməni icmasının üzvləri ilə dialoq aparır. Bu o demək deyil ki, hər azərbaycanlı erməni ilə ünsiyyət yaratmalıdır. Hər hansı bir vətəndaşımızın fərdi şəkildə Ermənistan təmsilçiləri ilə ünsiyyət saxlaması qəti qəbul olunan deyil”.
R. Rzayev deyib ki, QHT nümayəndələri, ayrı-ayrı fərdlərin öz yanlarında ermənilərlə ünsiyyətə, özü də siyasi ünsiyyətə girməsi bütün hallarda Ermənistan kəşfiyyatının əlinə kart verir: “Mən bunu dəfələrlə bəzi şəxslərə irad olaraq bildirmişəm”.
Ümumiyyətlə, belə bir diplomatiyanın onun üçün qaranlıq məsələ olduğunu deyən Qarabağ müharibəsi əlili, jurnalist Rey Kərimoğlu bildirib ki, o qətiyyətlə belə görüşləri qınayır. R. Kərimoğlu bildirib ki, bütün hallarda müharibə şəraitində olduğumuz ölkə ilə təmasda, münaqişənin həlli üçün, səlahiyyətli ölkə başçısı və xarici işlər naziri var: “Axı bizim torpaqlar işğal olunub, axı hələ də təcavüz davam edir. Ona görə də “xalq diplomatiyası” adı altında belə görüşlərin keçirilməsi, əlbəttə, Ermənistan kəşfiyyatçıları üçün bir fürsət ola bilər”.
Qarabağ müharibəsi iştirakçısı bildirir ki, bütün bu baş verənlər onu narahat edir və o, bu kimi halların qarşısının birdəfəlik almasının tərəfdarıdır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə bildirib ki, bu kimi məsələlərə fərdi yanaşmaq lazımdır: “Bütün hallarda “xalq diplomatiyası” adı altında keçirilən bu cür görüşlərin münaqişənin həllinə heç bir xeyri yoxdur. Bu, dəqiqdir. Amma ziyanlı tərəfinə gəldikdə, bu, artıq görüşün özündən asılıdır. Əgər görüşən şəxs hansısa dövlət sirrinə malikdirsə, bilərəkdən və ya bilməyərəkdən elə görüşlərdə bu sirri saxlamaya bilərsə, əlbəttə ki, təhlükəlidir. Qarşısı alınmalıdır. Yox, əgər görüşən fərd heç bir sirrə malik deyilsə, adi bir görüş keçirirsə məncə bunun elə bir qorxusu yoxdur. Bütün hallarda məsələyə fərdi yanaşmaq lazımdır”.
Onu da xatırladaq ki, ötən ilin sonunda QHT-lərlə, qrantlarla bağlı bir sıra qanunvericilik sənədlərinə xeyli dəyişiklik oldu. Bu sənədlərə edilən dəyişikliyin əsas məğzi xarici donorlardan maliyyələşən QHT-lərin qarşısında donorları barədə hər tərəfli məlumatı ölkədəki müvafiq icra orqanına bildirməkdir. Nəzərə alınmalıdır ki, QHT-lərimizin Ermənistandan olan həmkarları ilə keçirdikləri əksər görüşlər də məhz xarici donorların maliyyəsi sayəsində həyata keçirilir.