“Türkiyə ən ağır vaxtlarında Azərbaycanın yanında olub. Biz Türkiyəni, Türkiyə isə bizi heç vaxt özgə hiss eləməyib. Xocalı soyqırımının dünyaya tanıdılması üçün Türkiyənin köməyindən, bizə yaratdığı imkanlardan maksimum yararlanmağa çalışmalıyıq. Erməni diasporu, erməni maliyyəsi dünyanın hər yerində olduğu kimi Türkiyədə də xərçəng xəstəliyi kimi yayılmağa başlayıb. Onların Türkiyədəki əlaltıları mümkün qədər Xocalı soyqırımını yalanlamağa çalışırlar”.
Lent.az-ın xəbərinə görə, bunu bu gün Türkiyədə keçirdiyi silsilə tədbirlərlə bağlı mətbuat konfransı keçirən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
T. Rüstəmxanlı bildirib ki, Türkiyənin İstanbul şəhərində Aydın Universiteti, Kayseri Erziyez Universiteti, İzmir Ege Universitetində tədbirlər keçirib.
Birlik sədri bildirib ki, bu görüşlərdə onda təəssüf yaradan bir halla rastlaşıb: “Görüşümün təşkil edildiyi universitetlərdə Xocalı həqiqətlərindən bəhs edən sənədli filmin göstərilməsi nəzərdə tutulurdu. Təəssüf ki, bu universitetlərdə filmin yayınlanmasına mane oldular. Soruşdum ki, filmin yayımlanması kimə mane olur axı? Kim Xocalı soyqırımı ilə bağlı filmin yayımlanmasına qarşı çıxa bilər? Əvvəlcə dedilər ki, texniki problemlər var. Sonradan məlum oldu ki, heç bir problem yoxdur. Sadəcə olaraq onlar Türkiyədəki ermənilərin filmdən narahat olmasını istəməyiblər. Belə hallar bizi çox üzür”.
T. Rüstəmxanlı qeyd edib ki, bütün çıxışlarında Xocalı sakinlərinin məhz türk mənşəli olduqları üçün qətliama məruz qaldıqlarını da vurğulayıb: “Türki millətinə ən böyük zərbə bu ağrıları unutmaq və unutdurmaq olar”.
Birlik sədri bildirib ki, Türkiyənin özündə də Azərbaycanla bağlı tarixi həqiqətlərin söylənilməsinə ehtiyac var.
Tənzilə Rüstəmxanlı “Ergenekon” prosesi çərçivəsində həbsdən azad olunanlar arasında tanıdığı şəxslər də olduğu üçün sevindiyini deyib: “Həbs edilənlərdən biri Alparslan Türkeşin mənəvi qızı Sevgi Ereneroldur. Sevgi Erenerol o insandır ki, onun işi ilə bağlı Avropa Məhkəməsinə müraciət etmək istəyirdim. Bunun üçün razılıq vermədi. “Vətənimdən avropalıya şikayət edə bilmərəm” dedi”.