Dünya mediası Bakıda ...
24 noyabr 2016 16:00 (UTC +04:00)

Dünya mediası Bakıda ...

0

 

Noyabrın 16-da Bakı daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirildi. Üç gün ərzində davam edən tədbirlərdə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak etdi.

Konqresdə dünyanın bütün qitələrindən olan xəbər agentlikləri təmsil olundu. Belə ki, Bakıya Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə təşrif buyurdu. Açılış mərasiminə dövlət başçısı İlham Əliyevin nitqi ilə start verildi. Prezident çıxışında belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etməyin Azərbaycan üçün böyük şərəf olduğunu bildirdi. Azərbaycanda azad medianın inkişafının çox uğurlu olduğunu diqqətə çatdıran Prezident ölkədə internetin tam azad olduğunu və əhalinin 75 faizindən çoxunun fəal internet istifadəçisi olduğunu vurğuladı. İlham Əliyev bildirdi ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur.

Bakı Konqresində və OANA-nın XVI Baş Assambleyasında müasir jurnalistikanın üzləşdiyi çağırışlar, yaranmış problemlərin birgə həlli yolları, yeni texnologiyaların imkanları, xəbər agentliklərinin innovasiyası, ənənəvi medianın transformasiyası, xəbər istehlakının gələcəyi kimi çox vacib mövzularda müzakirələr aparıldı, təkliflər irəli sürüldü.

Şübhəsiz demək mümkündür ki, Konqres və Assambleya xəbər agentlikləri arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir. Bu tədbirlərdə təmsil olunan nüfuzlu media qurumlarının diqqəti üç gün ərzində Azərbaycana yönəldi. Bakıda dünya mediasının durumu, xəbər agentliklərinin rolu, ifadə azadlığını təmin edən şəraitlər barədə müzakirələr aparıldı. Bugün Bakı artıq dünyəvi əməkdaşlığın əsas mərkəzlərindən birinə çevrilmişdir. Konqresin və OANA-nın XVI Baş Assambleyasının Şərqlə Qərbin qovşağında yerləşən, multikulturalizm məkanı olan Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda daha yaxından tanıdılmasına, Azərbaycan reallıqlarının obyektiv şəkildə dünyaya çatdırılmasına  imkan yaratdı.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar