. Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbərin APA-ya müsahibəsi
- Sizin Açıq Cəmiyyət Partiyasının sədri vəzifəsinə gəlişiniz, bu partiyaya nə verib? Ümumiyyətlə, siyasi proseslərdən kənarlaşan şəxsin sonradan buna ehtiyacı var idimi?
- Ötən il mayın 29-da Açıq Cəmiyyət Partiyasının sədri seçilmişəm. Açığı, öz fəaliyyətim barədə danışmağım etik baxımdan bir qədər çətindir. Açıq Cəmiyyət Partiyası 2007-ci ilin aprelində Rəsul Quliyevin tərəfdarlarının Azərbaycan Demokrat Partiyasından ayrılmasından sonra yaradılıb. Partiya uzun müddət passiv rejimdə fəaliyyət göstərib. Mən partiyanın sədri seçildikdən sonra Açıq Cəmiyyət Partiyasının yenidən təşkilatlanması prosesi gedir və biz bu işi bir neçə istiqamətdə aparırıq. Əsas prioritetlərimiz partiyanın təşkilatlanmasıdır. Biz təşkilatlanma məsələsində ikinci mərhələyə keçmişik. İkinci mərhələdə əsasən regional mərkəzlərdən başlamaq şərti ilə təşkilatlanmanın yenidən qurulması mərhələsinə keçirilib. Bu mərhələni də iki fazaya bölürük. 30-a qədər kənd-şəhər məntəqələrində hazırlıq işləri görülüb, bəzilərində təşkilat komitəsi yaradılıb. Üçüncü mərhələdə isə təşkilatlanmanı tam başa çatdırmağı planlaşdırırıq. Planlarımıza əsasən, mayın sonuna qədər Açıq Cəmiyyət Partiyası aktiv siyasi mübarizəyə, kütləvi tədbirlərin keçirilməsi də daxil olmaqla, tam hazır vəziyyətə gətiriləcək. İkinci prioritetimiz siyasi əlaqələrin qurulmasıdır. Buna xüsusi önəm veririk. Strateji xəttimiz bundan ibarətdir ki, Azərbaycanda aparıcı qüvvələrin strateji ittifaqı qurulsun və bu ittifaq ətrafında müxalifətin geniş koalisiyası qurulsun. Görüşlərimiz qismən uğurlu olub. Strateji müttəfiqliyimiz bizdən asılı olmayan səbəblərdən, yəni digər qüvvələrin fərqli mövqeyi səbəbindən buna tam nail ola bilmədik. Bundan sonra siyasi əlaqələr sahəsinə bir qədər korrektlər etməli olduq və Demokratik Qüvvələrin Məşvərət Məclisi təsis etdik. Məşvərət Məclisindəki hazırkı fəaliyyətimizi uğurlu hesab edirəm. Qısa zamanda Məşvərət Məclisi aparıcı siyasi güc mərkəzlərindən birinə çevrildi. Bu qurumu qurduğumuz zaman həm İctimai Palataya, həm də Ziyalılar Forumuna funksional əməkdaşlıq üçün müraciət etdik. Onlara bildirdik ki, yeni qurum yaratmağa da, qurumlararası koordinasiya mərkəzi yaratmağa da hazırıq. Onların diqqətinə çatdırıldı ki, bunlarla razı deyillərsə, heç olmazsa üstü-üstə düşən demokratik maraqlar naminə funksional əməkdaşlıq edə bilərik. Uzun müzakirələrdən sonra həm Ziyalılar Forumu, həm də İctimai Palata funksional əməkdaşlığa müsbət cavab verdi. Amma əməli sahədə razılaşma icraya yönəlmədi.
- Bu səbəbdənmi əməkdaşlıq reallaşmadı?
- Biz nəzərdə tuturduq ki, funksional əməkdaşlıq mərhələ-mərhələ daha sıx əməkdaşlığa çevrilə və biz istədiyimiz kimi ölkədə demokratik seçkilərin keçirilməsi üçün müxalifətin geniş koalisiyasına nail ola bilək. Ümumiyyətlə, bizim bu sahədə strateji xəttimiz bundan ibarətdir ki, Azərbaycanda mövcud iqtidarı dəyişməyin yolu kütləvi xalq hərəkatından keçir. Kütləvi hərəkatdan öncə isə ölkədə siyasi qüvvələrin birliyinə - kütləvi hərəkatın ictimai-siyasi bazasına ehtiyac var. Yəni xalq hərəkatından öncə kütləvi siyasi hərəkat olmalıdır. Bunun üçün də hər şeydən əvvəl müxalifət qüvvələrinin birliyinin olması zəruridir. Kütləvi xalq hərəkatının ilkin şərti ölkədə demokratik qüvvələrin birliyinin yaradılmasından keçir. Bizim siyasi xəttimiz bu baxışa əsaslanır. Bu gün isə müxalifət qüvvələrin birləşdiyi Demokratik Qüvvələrin Məşvərət Məclisi, İctimai Palata, Ziyalılar Forumu, “Qarabağ” bloku mövcuddur. Təklifimiz budur ki, güc mərkəzlərinin koordinasiya mərkəzini quraq. Bu, çətin proses deyil. Sadəcə, bunun üçün xoş niyyətə ehtiyac var. Danışıqlarda, çıxışlarda və görüşlərdə hamı birlikdən danışır. Amma əməli addımların atılmasına gəldikdə, görünməyən əlaqələr işə düşür, “sualtı” maneələrə rast gəlinir. Məsələn, bir neçə ay öncə müstəqil hüquqşünas və seçki mütəxəssislərinin iştirakı ilə “Seçki islahatları memorandumu” hazırlandı. Həm partiya, həm də Məşvərət Məclisi olaraq bu ideyanı dəstəklədik, müzakirələrdə iştiraka hazır olduğumuzu bildirdik. Hətta İctimai Palatadan öncə Məşvərət Məclisində bu sənədlə bağlı dinlənmə keçirildi. Bununla da birlik istiqamətində xoş niyyətimizi göstərdik. Həmçinin, bildirdik ki, heç olmazsa ilin sonuna qədər bu sənəd ətrafında müxalifət qüvvələrinin birliyinin ilk təməlini ataq. Gəlin, “Seçki islahatları memorandumu”nu imzalayaq və birgə tədbir keçirərək, cəmiyyətə birlik ismarışı verək. İlkin olaraq hamı razılaşdı. Lakin bu gün də birlik istiqamətində addım ata bilməmişik. Görürsünüzmü, lakin kiminlə söhbət aparırsan, hamı birgə fəaliyyəti dəstəklədiyini deyir. Yəni birlik istiqamətində konkret addımların atılmasına gələndə, artıq ciddi maneələrə rast gəlirik. Ona görə də burada artıq ictimai təzyiqin lazımlılığını görürəm. Fikrimcə, birliyi kimin pozduğunu cəmiyyətimiz görməlidir.
- Ortaq qərarın verilməsinə nə və ya kim mane olur?
- Partiya sədri olaraq bu danışıqlarda iştirak edirəm. Bəzi təşəbbüslər irəli sürürəm. Dar çərçivədə gedən danışıqlarda olan söhbətləri mətbuata çıxararamsa, bu, artıq mənim apardığım işi çətinləşdirir. Missiya bitməyib, bu gün də bu görüşlər davam etdirilir. Diqqət edirsinizsə, biz bu prosesdə əsas təşəbbüskarlardan biriyik. Bəzən jurnalistlər prosesin müsbət yekunlaşmasına mane olanların adını çəkmədiyimizə görə bizə irad tuturlar. Axı, biz həmin siyasi liderlə bu gün də danışıqları davam etdiririk. Digər tərəfdən, həmin qüvvənin danışıqlarda iştirak etməsini də istəyirik. Yəni onunla özümüz arasında qara xətt çəkib, hansısa partiya və ya siyasi lider olmadan, yolumuza davam etməyi yanlış hesab edirik. Nəyə görə? Səbəbini açıqlaya bilərəm. Əgər Azərbaycanda hansısa partiya, yaxud siyasi lider inteqrasiya prosesindən kənarda qalarsa, bunda həm xarici, həm də iqtidar maraqlı olar. Beləliklə, həmin kənarda qalan partiyanın ətrafında süni olaraq müxalifətin ikinci mərkəzini yaratmağa çalışacaqlar. Biz də hələlik qəti olaraq, yox qərarını vermək istəmirik. Həmin qərarla Azərbaycan müxalifətinin iki hissəyə parçalanmasına rəvac verə bilərik. Ümidimizi tam itirmədiyimizə görə bu prosesdə iştirak edən nüfuzlu ziyalılarımızın da fikirlərini nəzərə alaraq, hələlik konkret adlar çəkməkdən çəkinirik.
- Amma hər halda maneə olan məqamları deyə bilərsiniz...
- Məsələn, birinci “Seçki islahatları memorandumu”nun imzalanmaması. Bu sənəd hazırlanana qədər və təqdim olunduqda hamı alqışladı, lakin imzalanma məqamına gəldikdə, bu proses sürətini itirməyə başladı. Hətta konkret tarix də təklif edilmişdi. Bizi birləşdirən, ümumi maraq kəsb edən məsələlərdə - seçkiqabağı şəraitin demokratikləşməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin yaradılması, vahid komandanın formalaşdırılmasında bir araya gələ bilmiriksə, onda mən sual verirəm, bizi ayıra biləcək məsələlərdə - vahid və ya əsas namizədin müəyyənləşməsində, vahid seçki qərargahının yaradılmasında - necə bir ola biləcəyik? Yəni Azərbaycan müxalifəti siyasi mədəniyyət baxımından arzu olunan səviyyədə deyil. Birinci səbəbi bunda görürəm. Azərbaycan müxalifəti hələlik yetkinliyi, lazım olan siyasi mədəniyyət səviyyəsini bu günə qədər təəssüf ki, göstərə bilməyib.
- Nəyə görə, Açıq Cəmiyyət Partiyasının sədri olduqdan sonra daha yaxşı tanıdığınız siyasətçilərin toplaşdığı İctimai Palatada təmsil olunmaqdan çəkindiniz? Axı, həmin vaxt Demokratik Qüvvələrin Məşvərət Məclisi yaranmamışdı...
- Mən İctimai Palatanın təsisçilərindən biriyəm, bu qurumun missiyası haqda yəqin məlumatınız var. İctimai Palata həmin dövrdə missiyasına uyğun formatda strukturlaşdı. Lakin aparılan siyasət düzgün qurulmadığına görə, ölkədə dəyişiklik istəyən bütün müxalifət qüvvələrini, bütün təbəqələrdən olan qurum və şəxsləri, yəni demokratik potensialı səfərbər edə bilmədi. İkincisi, yanlış siyasət bu oldu ki, İctimai Palata AXCP və Müsavat Partiyasının bazasında quruldu. Hansı ki, bu təşkilatlar arasında ciddi rəqabət mühiti mövcuddur. Bir növ İctimai Palata birləşdirici qurum olmaqdan çıxıb, bu iki partiya arasında rəqabət meydanına çevrildi. Bu günə qədər də bu rəqabət davam edir və mətbuat səhifələrinə açıq şəkildə çıxıb. Bu qurumun seçki haqqında son qərarına da baxsaq, sənəddə fərqli iki mövqe ifadə olunub. Sanki İctimai Palata siyasi ideoloji baxımdan ikibaşlı quruma çevrilib. Yəni heç bir siyasi qüvvə, müxalifətin birliyini istəyən nüfuzlu qurum, artıq problemli, böhran yaşayan, ziddiyyətlər içərisində olan təşkilatda olmaq istəmir və istəməz də. İndi isə qarşıda duran vəzifələr də fərqlidir. Artıq Azərbaycan seçki ilinə daxil olub, siyasi qüvvələrin missiyası dəyişir. Qarşıdan prezident seçkiləri gəlir, amma ölkədə seçki mühiti yoxdur. Bu günün vəzifəsi Azərbaycanda seçkiqabağı vəziyyətin demokratikləşməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin yaradılmasıdır. Əgər bu şərait olmayacaqsa, deməli Azərbaycanda demokratik seçki olmayacaq. Demokratik seçki olmayacaqsa, bu seçkilərdə istər tək, istərsə də çox namizədlə iştirakın mənası, yəni müxalifətin hansı formada məğlub olmasının fərqi varmı? Azərbaycan müxalifəti sanki məğlubiyyətə bir namizədlə, yoxsa çox namizədlə getmək uğrunda mübarizə aparır. Ona görə də biz təklif etdik ki, gəlin, öncə hamının marağına uyğun olan məsələlərdə birləşək. Birinci, ölkədə seçkiqabağı vəziyyətin demokratikləşməsi, ikinci, azad və ədalətli seçkilər üçün şəraitin yaradılması, o cümlədən geniş koalisiyanın yaradılmasına nail olmaq. Təklif etdik ki, birgə mübarizə aparaq, cəmiyyətə birlik ismarışı verək, siyasi fəallığın yaranmasına nail olaq, həm də Azərbaycanda demokratiya istəyən beynəlxalq birliyə mesaj göndərək. Bir haşiyə çıxım. Demokratikləşmə istəyən müxalifət qüvvələrinə hansı halda beynəlxalq dəstək gəlir? O halda ki, müxalifət birləşir və kütləvi xalq dəstəyi alır. Buna qədər heç bir xarici güc mərkəzi mövcud hakimiyyətlə münasibətləri korlamaq istəmir. Çünki həmin ölkələrin də öz dövlət maraqları var. Biz də deyirik ki, gözünüzü açın və dünyada gedən proseslərə baxın. Yəni ölkədə dəyişiklik istəyən qüvvələr ilk növbədə birləşməlidir, geniş koalisiya qurulmalıdır və kütləvi hərəkata başlamağa nail olmalıyıq. Xalq dəstəyini almaqla paralel olaraq, beynəlxalq demokratik dünyadan da dəstək ala biləcəyik. Yəni partiyamızın İctimai Palatada təmsil olunmamasının səbəbi bizim strateji xəttimizlə bu qurumun siyasətinin uyğun gəlməməsidir. Əslində İctimai Palata müxalifət qüvvələrinin hissəvi təşkilatlanmasıdır. Biz isə elə formatın qurulmasını istəyirik ki, hissəvi deyil, geniş təşkilatlanmaya imkan olsun. Əlbəttə mütləq birlik də mümkün deyil.
- İctimai Palata ilə aranızda birləşdirici məqam olmayıb?
- İctimai Palata ilə bizim bütövlükdə məsələlərə baxışımız fərqlidir. Düzdür, son zamanlar AXCP artıq öz baxışını elan edib və onlarla mövqelərimiz üstü-üstə düşür. Buna baxmayaraq, AXCP İctimai Palata daxilində ikili siyasətin davamına qərar verib. Bu da bizim birgə işimizə müəyyən dərəcədə mane olur. Yəni AXCP ilə ortaq baxışlarımız var, amma ortaq məxrəcə gələ bilmirik. Ona görə elə format tapmaq lazımdır ki, yaxın gələcək üçün baxışları üstü-üstə düşən qüvvələr bir arada ola bilsinlər. Bu formatlardan biri də “Seçki islahatları memorandumu” idi.
- Nəzərə alsaq ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər prezidentliyə namizədliyini irəli sürüb, Sizə elə gəlmirmi ki, bundan sonra müxalifətin artıq birgə seçkilərə hazırlaşması imkanları tükənib?
- Müsavat Partiyasının başqanı bu qərarını 2012-ci ilin avqustunda açıqlayıb. Biz hələ o zaman bildirdik ki, bu, bir neçə baxımdan ziyanlıdır. Əvvəlcə onu deyim ki, iqtidar və hakimiyyətin beynəlxalq havadarları istəyirlər ki, bu seçkilər legitim olsun. Bu legitimliyin əsas şərtlərindən biridə də Azərbaycanda real müxalifət kimi tanınan qüvvələrin seçkilərdə alternativ olaraq iştirakıdır. Mən bu planın başqa detallarını da açıqlayıb yeni ziddiyyət yaratmaq istəmirəm. Amma bu beynəlxalq layihədir və bizim bu proyektin detalları haqqında da məlumatımız var. Birincisi, indiki şərtlərdə müxalifətin namizədinin - vahid və ya əsas olmasından asılı olmayaraq - seçkilərdə iştirakı hakimiyyətin namizədinin yenidən prezident olmasına legitimlik qazandırır, ikincisi, ondan tələb olunan islahatları aparmaq məcburiyyətini aradan qaldırır. Ən əsası müxalifətin birliyinə zərbə vurur. Ortaq baxışımız olmayandan sonra ortaqlığımız da alınmır. Sonda isə İctimai Palatanın daxilində ziddiyyətləri pik nöqtəyə qaldırır. Eyni zamanda həmin siyasi liderin və rəhbəri olduğu qüvvənin əleyhinə işləyir. Bunu ictimai rəydə də görmək olar.
- ACP lideri Rəsul Quliyev müxalifəti və vaxtilə bir ittifaqda olduğu siyasətçiləri kəskin tənqid edir. Rəsul Quliyevin bu tənqidlərini bölüşürsünüzmü?
- Bu tənqidləri bölüşürəm. Açıq Cəmiyyət Partiyasında liderlə, partiya rəhbərliyi arasında heç bir fikir ayrılığı yoxdur. Bilirsiniz, bizdə yenə də deyirəm, siyasi mədəniyyət problemi var. Yəni siyasətçilərimizin tənqidə dözümsüzlük problemi mövcuddur. Özünə tənqid çox aşağı səviyyədədir. Rəsul Quliyev bizi də, özünü də tənqid edir. Çox təəssüf ki, bir çox liderlərdə bunu görmürük. Tənqidin də səbəbi odur ki, biz ötən müddətdə qarşıda duran vəzifələri yerinə yetirə bilmədik, bu günə qədər müxalifətin geniş birliyinin yaranması cəhdləri alınmadı. Azərbaycan cəmiyyəti müxalifətin bu dağınıqlığından, daxili didişmələrindən bezib. Çünki cəmiyyətin müxalifətin birliyini istəyir. Biz partiya olaraq bu sifarişi qəbul etmək durumundayıq. Nə yazıq ki, hamı bu istəkdə deyil.
- Rəsul Quliyevin prezident seçkilərində namizəd olaraq iştirak məsələsi real görünürmü və ya bununla bağlı qərar varmı?
- Rəsul Quliyev Azərbaycana gəlmək və prezident seçkilərində iştirak etmək niyyətindədir. Bu şərtlə ki, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait olsun. Onu da deyim ki, vəziyyət bu cür davam edərsə, prezidentlik müddətinin 7 ilə qədər uzadılması da mümkündür. Bunu Azərbaycan müxalifəti nəzərə almalıdır.
- Rəsul Quliyevi dəstəkləyən partiyanın fəaliyyət göstərdiyini nəzərə alaraq, onun Hüquqlarının Müdafiəsi Komitəsinin yaradılması hansı zərurətdən meydana çıxdı və ya buna ehtiyac var idimi?
- Məncə, bu, təkrarçılıq deyil. Əvvəlcə onu deyim ki, Rəsul Quliyevin Azərbaycana dönərək, siyasi fəaliyyətlə məşğul ola bilməməsi yalnız onun və Açıq Cəmiyyət Partiyasının problemi deyil. Bu, bütün cəmiyyətin problemidir. Müdafiə komitəsi geniş miqyaslı, milli qurumdur və mən yalnız onun üzvüyəm.
- Demokratik Qüvvələrin Məşvərət Məclisinin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Məşvərət Məclisinin fəaliyyətini müsbət dəyərləndirirəm. Təsis olunanda 14 partiya qurumun üzvü idi, artıq bir partiya buranı tərk edib. Hazırda 13 partiya qurumun üzvüdür. Adından da göründüyü kimi, bura məşvərət məclisidir. Yəni siyasi blok deyil. Başlıca məqsədi ölkədə seçkilər öncəsi mühitin demokratikləşməsi uğrunda mübarizə aparmaqdır.
- Axı Məşvərət Məclisinin fəaliyyəti hiss olunmur, cəmiyyətdə də bu qurum populyar deyil...
- Təbii ki, biz istərdik güclənsin. Verdiyimiz son qərarlar qurumun fəaliyyətinin aktivləşməsinə yönəlib. Biz də sosial ehtiyacı hiss edirik və fəaliyyətin güclənməsi istiqamətində addımlar atırıq. Təbii ki, mükəmməl qurum yaratdığımızı deyə bilmərik. Amma mükəmməlliyə çatmaq mümkündür.
- Bütün bunların mövcudluğu kontekstində, müxalifətdaxili konsolidasiyanın alınması imkanları nə dərəcədədir?
- İmkanlar hələ tükənməyib. Ən azı siyasətçilər bu istəyin cəmiyyətin sifarişi olduğunu bilir. Burada ölkədə ictimai çəkisi olan ziyalıların üzərinə iş düşür. Ziyalılarla söhbətlərimiz də olub. Bir tərəfdən xalqın istəyi, digər tərəfdən bəzi qüvvələrin bu birliyi istəməsi, ictimai təzyiqin artması hələlik ümidlərin tükənmədiyini söyləyir. Amma vaxt sürətlə gedir.
- Prezident seçkiləri yaxınlaşır və vaxt da xeyrə işləmir. Bir qədər hipotetik sual olsa da, deyə bilərsinizmi, əgər müxalifət bu formatda seçkilərə gedərsə, seçkilərdən sonra müxalifətin hansı şəkildə qalmaq ehtimalı var?
- Həndəsi dildə danışsaq, məsələnin həlli üçün bugünkü verilənlər, sabah dəyişəcək. Yəni şərtlər dəyişəcək. Həm daxildə, həm də regionda bu dəyişikliklər olacaq. Ölkədə müxalifətin birliyi alınmasa da, diqqət edirsinizsə, bu birlik istiqamətində ciddi aramalar davam edir. Bu mənə deməyə əsas verir ki, dünya, region dəyişdiyi kimi, Azərbaycan da dəyişəcək. Söhbət bu dəyişikliyin nə zaman olmasından gedə bilər. Təbii ki, Azərbaycan müxalifəti yenə də resursları tükənmiş dağınıq şəkildə qalarsa, gözlənilməz daxili və xarici situasiyalar olmasa, yenə də bu hakimiyyət öz iqtidarını sürdürəcək.
- Müxalifətin konsolidasiyasına nail olmaq üçün yeni hərəkatın yaradılması istiqamətində ciddi işlərin aparıldığı haqda mətbuatda açıqlamalar yer alıb. Siz bu prosesdə iştirak edirsinizmi?
- Bununla bağlı bir neçə ideya var. Həmin danışıqlar mətbuata qapalı aparılır. Rüstəm İbrahimbəyovun məhz hansı ideyadan bəhs etdiyini deyə bilmərəm. Ən azı iki istiqamətdə gedən prosesdə iştirak edirik.
- Rüstəm İbrahimbəyov da bu danışıqlarda iştirak edir?
- Yox, açıqlamasında da dediyi kimi, özü danışıqlarda iştirak etmir.