"15 iyul hadisələrində prezidentimizin reaksiyası gözəl  örnəkdir" - MÜSAHİBƏ
05 dekabr 2016 12:58 (UTC +04:00)

"15 iyul hadisələrində prezidentimizin reaksiyası gözəl örnəkdir" - MÜSAHİBƏ

0

Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyevin APA-ya müsahibəsi

 

- Bəzi Qərb ölkələri təcrübəli diplomatlarını İstanbul, Nyu-York, Rio-de Janeyro kimi böyük şəhərlərə baş konsul vəzifəsinə göndərir ki, ikitərəfli münasibətlərin dərinləşdirilməsi istiqamətində daha sürətli addımlar atıla bilsin. Azərbaycan XİN-in təcrübəli diplomatlarından biri kimi sizin də İstanbula baş konsul vəzifəsinə təyin edilməyiniz o məqsədi daşıyır?

 

- Hər şeydən əvvəl məni İstanbul kimi  dünyanın  bir neçə  böyük meqapolisindən birinə baş konsul vəzifəsinə təyin etməyi uyğun görmüş möhtərəm prezidentimiz İlham Əliyev cənablarına təşəkkür edirəm. Zati-alilərinin etimadını doğrultmaq mənim birinci dərəcəli vəzifəmdir. Diplomatik və konsulluq missiyalarının rəhbərləri  dövlət başçısının müəyyənləşdirdiyi təməl çərçivə içərisindəki tapşırıqları ən dəqiq şəkildə  yerinə yetirməlidir. Bunu xüsusi şəkildə vurğulamaq istərdim: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin təməl çərçivəsi mərhum ulu öndərimiz Heydər Əliyev “Bir millət iki dövlət” - prinsipiylə müəyyənləşdirilib, cənab prezidentimiz İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı münasibətləri   o prinsip üzərindən inkişaf  etdirirlər. Diplomatik və konsulluq missiyalarımızın  rəhbərləri “Bir millət iki dövlət” prinsipi çərçivəsində hərəkət edərkən  Türkiyənin  qurumları  və qurumlara rəhbərlik edən şəxslərlə   münasibətləri dərinləşdirmək üçün ürəkli davranmaqdan çəkinməməlidirlər. Münasibətlərin qurumlar və şəxslər üzərindən üfüqi istiqamətdə dərinləşdirilməsi “bir millət iki dövlət” prinsipinin içinin daha  çox doldurulmasıyla nəticələncək. Fəaliyyətimizin əsas məqsədini də bu təşkil edir. FETÖ-nün 15 iyuldakı hərbi çevriliş təşəbbüsünə qarşı möhtərəm prezidentimizin digər ölkə başçılarından tez reaksiya verərək Türkiyənin seçilmiş hökumətini və xalqı dəstəklədiyini bəyan etməsi, onun arxasınca isə xarici işlər nazirimizin Türkiyə hökumətini və xalqını dəstəkləyən açıqlama verməsi iki qardaş ölkə arasındakı münasibətlərinin gəldiyi  yüksək səviyyənin gözəl  örnəkləridir.

 

- Altı aylıq fəaliyyətinizi müşahidə edərkən ikitərəfli münasibətləri üfüqi istiqamətdə dərinləşdirmək üçün addımlar atdığınızı müşahidə edirik.

 

- Baş konsulluğumuzun xidmət ərazisinə Türkiyənin  ən böyük sənaye, mədəniyyət  və turizm vilayətləri  daxildir: İstanbul, İzmir, Bursa, Kocaeli, Manisa, Əskişəhər, Mersin, Antalya, Muğla, Bolqarıstan və Yunanıstanla həmsərhəd olan Ədirnə, Təkirdağ, Kırklareli, Egey dənizi sahilindəki ən mühüm strateji nöqtə olan Çanakkale. 5 ay əvvəl vəzifəmin icrasına başlayanda əsas işim bir tərəfdən xidmət ərazimizdə olan böyük vilayətlərin mülki idarəçiləri və bələdiyyə başqanlarıyla görüşmək, digər tərəfdən, İstanbulda yerləşən əcnəbi konsulluq missiyalarının başçılarıyla bir araya gəlmək idi. Bunlar tanışlıq görüşləri olsa da, mən görüşdüyüm şəxslərin hamısıyla ilk andan isti münasibətlər qurmağa çalışmışam. Buna inanıram: işimiz nə qədər rəsmi olsa da, yarada bildiyimiz səmimi münasibətlər  həm ortaya çıxa biləcək problemlərin həllində çox kara gəlir, həm də ölkəmizi başqa əcnəbi missiyalara tanıtmaq üçün ikitərəfli münasibətlərin müstəsna rolu vardır. Unutmamalıyıq ki, torpaqlarımızın 20%-i illərdən bəri erməni işğalı altındadır və problemi daha obyektiv şəkildə izah etmək üçün əcnəbi konsulluq missiyalarının rəhbərliylə yaxın münasibət qurmaq ən doğru yoldur. Bölgəmizdəki mülki idarəçilər və bələdiyyə başqanlarıyla görüşlərimdə  vətəndaşlarımızın problemlərinin həllinə kömək edilməsini də həmişə ön planda tuturam. Xidmət ərazimizdəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələrlə iş fəaliyyətimizin başqa bir önəmli istiqamətini təşkil edir. Bu məqsədlə xidmət bölgəmizdəki universitetlərin rektorlarıyla görüşlərimi davam etdirməklə yanaşı, tələbə kollektivlərimizlə bir araya gələrək onların problemlərinin həlli üçün lazım olan bütün addımları atıram. 

 

- Fəaliyyətinizi izləyərkən baş konsulluğun xidmət ərazisində yaşayan Azərbaycan vətəndaşlarıyla da yaxından maraqlandığınızı görürük.

 

- Vətəndaşlarımızla üzbəüz görüşlərim  onlara da, bizə də eyni dərəcədə faydalı olur. Məsələn, 26 sentyabrdakı Konstitusiya referendumundan əvvəl Bursaya gedib vətəndaşlarımızla ətraflı  söhbət etdim, onlar referendumda fəal iştirak etdilər. 28 oktyabrda isə İstanbulda yaşayan ali məktəb müəllimlərimiz, sənətkarlarımız və jurnalistlərimizlə bir araya gəlib çox faydalı fikir mübadiləsi apardıq. Mənim iş prinsipim diplomatik və konsulluq missiyalarının təməl iş prinsipidir: öz işlərimizdə mümkün qədər qapalılığa riayət etməklə birlikdə, vətəndaşlarımıza daima qapılarımızı açıq saxlamaq. Bu baxımdan Baş Konsulluğun əməkdaşlarının hamısının  onlara tapşırılan vəzifələrin öhdəsindən  lazımi şəkildə gəlməklə birlikdə, vətəndaşlarımızla daimi təmasda olduqlarını da qeyd etmək istərdim.

 

- Diplomatik və konsulluq missiyalarının fəaliyyət göstərdikləri  ölkənin mediası və o ölkədəki əcnəbi media ilə qurduğu münasibətlər də təmsil etdikləri ölkənin mənafeyi baxımından çox mühümdür. 5 ay müddətində bu sahədə hansı işləri görə bilmisiniz?

 

- Vəzifəmin icrasına başladığım gündən Türkiyə mediası və ölkədə akkreditasiyadan  keçmiş əcnəbi media ilə görüşlər keçirərək ölkəmiz barədə obyektiv məlumatlar vermiş, hər şeyi yerində görmək üçün onları ölkəmizə dəvət etmiş, diplomatiyanın qaydaları çərçivəsində hər cür fikir mübadiləsinə hazır olduğumu bildirmişəm. Buna inanıram: hansısa jurnalist və ya köşə yazarı ölkəmiz barədə subyektiv xəbər və ya şərh yazıbsa, onunla üzbəüz görüşərək obyektiv məlumatlandırma ən düzgün yoldur. Türkiyə mediasının və buradakı əcnəbi medianın önəmli nümayəndələri, böyük media qurumlarının idarəçiləriylə birbaşa münasibətlər yaradıram. Torpaqlarımızın uzun müddətdən bəri erməni işğalı altında olmasını daima Türkiyə və dünya mediasının gündəmində saxlamağa çalışmalıyıq. Bu baxımdan İstanbulda akkreditasiyadan keçən əcnəbi media nümayəndələriylə birbaşa əlaqələr yaratmağa, həqiqətləri onların vasitəsiylə dünyaya yaymağa   davam edəcəyəm.

 

- İstanbul dünyanın mühüm turizm və sənət mərkəzlərindən biri halına gəldi. Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması da ölkə üçün vacib işlərdən biridir. Bu istiqamətdə hansı işləri görürsünüz?

 

- Bir neçə gün əvvəl İstanbulun mərkəzi rayonu olan Bəyoğlunun bələdiyyə başqanıyla görüşümdə Azərbaycan mədəniyyətinin tanıdılması məsələsini  gündəmə gətirərək başqandan dəstək sözü aldım. Xidmət bölgəmizdə yaşayıb-yaradan bütün sənətkarlarımızın fəaliyyətləriylə yaxından maraqlanırıq. Rəssamların sərgi açılışlarında, rejissorların və aktyorların  ilk tamaşalarında iştirak edirik. Görəcəyimiz o qədər iş var ki... Məsələn, 1898-ci ildə Naxçıvanda anadan olan, 1918-ci ildə İstanbula gəlib burada rəssamlıq təhsili alandan sonra Türkiyə rəsm sənətinin korifeyləri arasında yerini almış  İbrahim Safinin  (Naxçıvandakı ad-soyadı: Rəhman Səfiyev) yaşadığı binaya xatirə lövhəsi asdırmaq, onun kitabının və ya kataloqunun çıxmasına dəstək vermək, mümkün olsa, kolleksiyalardan toplayacağımız bəzi əsərləriylə Azərbaycanda Safinin sərgisini açmaq  mənim arzumdur. Azərbaycanın böyük rəssamları Səttar Bəhlulzadənin, Mircavadın, Toğrul Nərimanbəyovun, Rasim Babayevin, Mikayıl Abdullayevin, Böyükağa Mirzəzadənin Türkiyənin müxtəlif kolleksiyalarında olan tablolarının inventarını hazırlatdırıb, kataloq şəklində çap etdirmək istəyirəm. Klassik yazıçılarımızın kitablarının çapı, onların  Türkiyədə tanıdılması və bir çox başqa işləri  görməyə niyyətim var. İstanbul elə bir yerdir ki, burada hər günü, hər saatı ölkəmiz üçün önəmli işlərə  sərf etmək   mümkün və lazımdır.

 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar