Separatizmə dəstək verən Fransanın Korsika “yarası”
13 mart 2023 14:27 (UTC +04:00)

Separatizmə dəstək verən Fransanın Korsika “yarası”

Dünyanın demək olar hər yerində, o cümlədən Qərbi Avropa ölkələrində separatçı-millətçi hərəkatlar mövcuddur. Məsələn, İspaniyada Kataloniya və Basklar ölkəsi, İtaliyada Cənubi Tirol və Sardiniya, Belçikada Flandriya və Valloniya kimi regionlar var. Həmin regionda yaşayan insanların öz milli kökləri və dilləri var, lakin onlar məxsus olduqları ölkənin tərkib hissəsi kimi çıxış edirlər. Eyni zamanda, Fransanın özündə də belə bölgələr mövcuddur. Lakin Qarabağdakı bir ovuc erməni üçün xüsusi status tələb edən Fransa özü bu bölgələrə müstəqillik və ya muxtariyyət vermək istəmir, onların sakinlərinə qarşı zorakılıqlardan çəkinmir.

Bu fikirləri  Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva deyib.

O qeyd edib ki, 2021-ci ildə Fransa Milli Assambleyasında “separatizmlə mübarizə və respublikanın prinsiplərinə hörmət haqqında” və “terror hücumlarının qarşısının alınması” adlı iki qanun layihəsi qəbul olundu. Hər iki qanun layihəsi ölkədə separatizm və terrorizmlə mübarizədə hökumətə daha geniş addımlar atmağa imkan verir. Bu qanun layihəsinin təşəbbüskarı isə şəxsən Fransa Prezidenti Emmanuel Makron idi. Fransa Prezidenti hər iki qanun layihəsi üzrə təşəbbüslərini istər öz cəmiyyətlərinə, istərsə də beynəlxalq ictimaiyyətə ölkədəki “İslam separatizmi” və “dini radikal qruplarla mübarizə” adı altında təqdim etdi.

“Qanun layihəsi qəbul olunandan sonra Fransanın Terrorla Mübarizə üzrə Milli Prokurorluğunun başladığı ilk iş isə milli-etnik zəmində separatçı Korsika əyalətində ictimai-siyasi fəallara qarşı “cinayətkar terror qruplaşmasının yaradılması” ilə bağlı araşdırmalar aparmaq oldu.

Başqa ölkələrdə separatizmə qucaq açan Fransa son otuz il ərzində Korsika və Brittanidə müstəqillik-azadlıq hərəkatı haqqında beynəlxalq ictimaiyyətə doğru olmayan, reallığı əks etdirməyən məlumatlar verir edir. Bu, milli azadlıq hərəkatları haqqında milli-etnik zəmində siyasi fəaliyyət kimi deyil, terror və zorakılıq ideologiyası ilə radikal fəaliyyət kontekstində təqdim olunur. 2020-ci ildən sonra Fransa dövləti və şəxsən Prezident E.Makron Qarabağdakı separatçı hərbi birləşmələrin təkcə Avropada deyil, bütün dünyada vəkili timsalında çıxış edir. Başqa ölkələrdəki separatçı quruluşların müdafiəçisi olan Fransa Prezidenti Emmanuel Makron öz ölkəsindəki separatçıları terrorçu və ekstremist adlandırır. Onu da qeyd etmək vacibdir ki, Emmanuel Makron beynəlxalq səviyyədə separatizmə açıq dəstək verən ilk Fransa Prezidenti deyil. Belə ki, 1967-ci ildə Kanadaya səfəri zamanı Fransa Prezidenti Şarl de Qoll “Yaşasın azad Kvebek!” şüarları ilə bu ölkədəki separatizmə açıq dəstək verməklə, həm də Kanada ilə Fransa arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. Onun bu fikirləri beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraq “Fransa Prezidentinin Kvebek separatçılarına dəstəyinin rəsmi elanı” kimi qəbul edilib”, - deyə Yeganə Hacıyeva vurğulayıb.

O deyib: “Emanuel Makron da sələfi kimi beynəlxalq hüquqa hörmət etməyən açıqlamaları ilə Ermənistanın və Qarabağdakı separatçı rejimin dezinformasiyalarına mənəvi və “hüquqi” dəstək verməklə Azərbaycan və Fransa münasibətlərini kifayət qədər gərginləşdirib. Lakin nədənsə xaricdə separatizmi açıq dəstəkləyən Fransa prezidentləri Şarl de Qoll və Emmanuel Makron ölkə daxilindəki separatçı hərəkatlara qanunun bütün sərt üzü ilə danışmağın tərəfdarları kimi çıxış ediblər. Məsələn, Prezident E.Makronun qızğın müdafiəçisi kimi çıxış etdiyi “xalqların müqəddəratını özləri həlletmə prinsipi” ölkə daxilindəki Korsika və Brittaniyə münasibətdə şamil olunmur. Mərkəzi hakimiyyət bu regionlar üzrə siyasətini siyasi inteqrasiya yolu ilə deyil, ekstremizm və terrorçuluqla mübarizə kontekstində həyata keçirir.

Məsələn, ancaq 2022-ci ilin yay aylarında Fransa rəsmiləri dəfələrlə Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) fəaliyyəti haqqında danışarkən onu siyasi mübarizə aparan azadlıq hərəkatı kimi, ekstremist və terror prinsiplərini yayan şəbəkə kimi təsnifatlandırıblar. Buna əsas kimi də Fransanın konstitusiyasını göstəriblər. Ümumiyyətlə, özünü demokratiyanın beşiyi və müdafiəçisi kimi səlahiyyətləndirmiş Fransada konstitusiya ölkənin ənənəvi olaraq əhəmiyyətli mədəni və dil müxtəlifliyi ilə səciyyələnməsinə baxmayaraq, milli kimlik mövcudluğunu inkar edir. Konstitusiyanın “bir və bölünməz” Fransa ideyası milli kimlik üzərindən də təsbit edilir. Çünki ölkədə milli-etnik müxtəlifliyə baxmayaraq, konstitusiya vətəndaşları bir milli kimlikdə-fransız olaraq təsnif edir”.
Politoloq əlavə edib ki, Fransada fəal Korsika, Brittani, bundan əlavə, Oksitaniya və Savoyard kimi bölgələr mərkəzləşdirilmiş dövlət sisteminə qarşıdırlar. Fransanın regionlara bölünməsi onların sosial-mədəni xüsusiyyətləri nəzərə alınmadan, regionların idarə edilməsini sadələşdirmək üçün bərabər ölçü prinsipi ilə iqtisadi amillər əsasında həyata keçirilib. Fransa dövləti yaxın vaxtlara qədər regional kimliyin istənilən, o cümlədən mədəni təzahürlərə qarşı fəal mübarizə aparıb.
Məsələn, guya separatizmə təkan vermə bəhanəsi ilə ənənəvi Brittani festivalı dövlət tərəfindən qeyri-qanuni elan edilib. Hələ də qüvvədə olan 1966-cı il fərmanına əsasən, uşaqlara regional, xüsusən də Brittani adları qoymaq qadağan edilib. Avropanın mərkəzində yerləşən Fransa dövlətinin dil siyasəti əsrlərdir anti-dialektik mərkəzçiliyə və linqvistik müstəmləkəçilik prinsiplərinə əsaslanır.

1951-ci ildə Fransada ümumi təhsil proqramının bir hissəsi kimi regional dillərin öyrənilməsinə icazə verən Deikson qanunu (La loi Deixonne) qəbul edildi. Buna baxmayaraq, hələ də Korsika dili tədrisə qəbul edilən dillər siyahısına əlavə olunmur. Qanunvericilikdə Korsika dili italyan dilinin bir ləhcəsi kimi tanınır və xarici dil kimi təsnifatlandırılır.
 

# 2367
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar