Revanşistlər,  "Dəmir yumruğu" unutdunuz?
12 may 2022 14:10 (UTC +04:00)

Revanşistlər, "Dəmir yumruğu" unutdunuz?

Artıq bir neçə müddətdir ki, Ermənistanın keçmiş rəhbərləri və onlara yaxın çevrələr kütləvi aksiyalar təşkil etməklə ölkədə vəziyyəti gərginləşdirmək, Nikol Paşinyan iqtidarını devirmək və növbəti dəfə hakimiyyəti zəbt etmək planını gerçəkləşdirməyə cəhd göstərirlər. 

Baş verənlər 1998-ci ildə kütləvi itaətsizlik təşkil etməklə prezident Levon Ter-Petrosyanın istefaya məcbur edilməsinə bənzəyir. Məsələ ondadır ki, 1997-ci ildə Ter-Petrosyan mərhələli sülh planına razılıq verdiyi üçün “Qarabağ klanı”nı təmsil edən Robert Köçəryan-Serj Sarkisyan cütlüyü onu istefaya məcbur etdi. 
Düzdür, indiki ilə o vaxtkı dövr arasında fərq böyükdür. Çünki o vaxt erməni separatçılarının başında duran Köçəryan bilavasitə Rusiyanın himayəsi ilə Qarabağ və ətraf rayonların işğalına rəhbərlik etdiyi üçün ciddi nüfuza malik idi. Məhz bu amil onların hakimiyyəti ələ keçirməsində tramplin rolunu oynadı. Üstəlik, Köçəryan 1997-ci ilin fevralından ölkənin baş naziri idi. Serj Sarkisyan isə daxili işlər naziri vəzifəsini tuturdu. Müdafiə naziri olan Vazgen Sarkisyan Qarabağ ermənisi olmasa da, ərazilərimizin işğalında bilavasitə iştirak etdiyi üçün Köçəryanın yanında yer almışdı. Sözügedən amil Ter-Petrosyanı istefa verməyə məcbur etdi. 

Etiraf edək ki, erməni xalqı 20 ildən artıq bir dövrdə R.Koçaryan-S.Sarkisyan cütlüyünün oğru, talançı və qaniçən rejiminin idarəçiliyinin acı nəticələrini indi də yaşayır. Son parlament seçkiləri də göstərdi ki, hətta Azərbaycanla müharibədə ağır məğlubiyyət, çoxsaylı insan itkisinə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar və qaniçən rejimin rəhbərlərinə yenidən meydan vermək niyyətində deyil. İndi də bütün cəhdlərə baxmayaraq, onlar Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün küçələrə lazımi kontingenti çıxartmağa və onları hakimiyyətə qarşı səfərbər etməyə  nail ola bilmədilər. İndi isə bu cütlük daha əvvəlki ssenarini reallaşdırmaq, Qarabağda vəziyyəti gərginləşdirmək, Araik Arutunyanın  aradan götürülməsinə nail olmaq və özlərinin hakimiyyət ehtiraslarını Qarabağdan Ermənistana hakimiyyətə gəlmək yolu ilə həyata keçirmək istəyirlər. Təsadüfü deyil ki, general Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. Bu həmin Karapetyandır ki, 2008-ci ildə seçkilərin nəticələrinə etiraz edən aksiya iştirakçılarının gülləboran edilməsinə birbaşa rəhbərlik edib. 
Hazırda 2008-ci il martın 1-də Ermənistanda 2008-ci il 19 fevralda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqçilərin qətlə yetirilməsi ilə bağlı aparılan cinayət işinin nəticələrinə görə, S.Karapetyan aksiya iştirakçılarının gülləbaran edilməsinə birbaşa rəhbərlik edib. Onun R.Koçaryanın tərəfdarı olduğu və Paşinyan hakimiyyətinə qarşı fəallığı ilə seçildiyi deyilir. Lakin R.Koçaryan, S.Sarkisyan, S.Karapetyan və onlar kimilər unudurlar ki, hazırda 1990-cı ilin əvvəlləri deyil. Bu gün onların hansısa ssenarini gerçəkləşdirmək və yenidən hakimiyyəti mənimsəmək şansları sıfıra bərabərdir. 

Bu gün güclü Azərbaycan ordusu ölkəmizin ərazisində ermənilərin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdinin qarşısını dərhal alacaq və Ermənistan növbəti dəfə revanşistlərin özbaşınalığının acı nəticələrini ödəmək məcburiyyətində qalacaq. Hər halda “Dəmir yumruğ”u unutmayıblar yəqin... 

# 2214
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar