İmkan verin, şəhidimizə öz adıyla yas tutaq!
15 sentyabr 2022 18:18 (UTC +04:00)

İmkan verin, şəhidimizə öz adıyla yas tutaq!

Ağır günlər yaşayırıq. Bu coğrafiyada yaşamağın, Dövlət, Millət olmağı bacarmağın bədəli həmişə ağır olub. Tarixin bütün dövrlərində var olmaq üçün döyüşmüşük. Ya Dövlət və Millət kimi qalmaq üçün mübarizəmizi davam etdirəcəyik, ya da bizi əritməyi dördgözlə gözləyənlərin içində yox olacağıq. Az qala hər yanımız varlığımızı, kimliyimizi, bayrağımızı özlərininki ilə əvəzləmək istəyən bədnamlarla sarılıb. Çətin qəbul olunası həqiqətdi. Amma həqiqətdi, belədi...

Heç kim ölmək istəmir. Ramiz Rövşən demiş, biz ölməyə yox, yaşamağa Vətən istəyirik. Bütün normal xalqlar, qövmlər, insansever, sülhsevər millətlər kimi biz yaşamaq istəyirik.

Pafosa filana yer yoxdu.  Heç kim canından olan canı tabutda qarşılamaq istəmir. Dünyada sevdiyini məzarda görməkdən fərəhlənən normal insan tipi yoxdu. Amma başa düşürük ki, bu torpaqlarda var olmaq üçün döyüşmək, torpağına təcavüz edənə yerini göstərmək və bu yolda şəhid olmaq taleyi də var. Biz şəhidlərimizi adına layiq qarşılayırıq, iki gündü xalq öz şəhidlərini layiq olduqları sevgi ilə son mənzilinə yola salır. Bütün rayonlarda, kəndlərdə şəhidlər xiyabanları ziyarətgahlardı.

 

... Və şəhid dəfnlərindəki o mənzərə

Bəlkə kimlərəsə görə, indi bu barədə danışmağın yeri deyil. Amma son iki gündə dəfnlərdə və sosial şəbəkələrdə izlənilən mənzərədən sonra başa düşürsən ki, yox, elə məhz indi yeridir. Fürsət gözləyənə zamanında cavab verməyəndə o sonra bütün sədləri aşır.

 Ölkənin dörd bir tərəfindəki şəhid dəfnlərinin hamısında əməkdarımız iştirak edib, sosial şəbəkələr, bizim media qrupa məxsus olanlarla yanaşı onlarla başqa səhifə və saytlar da dəfnlərdən olan reportajlarımızı yayıb. Yəni, hər yerdəki vəziyyəti müşahidə eləmək imkanımız olub.

Deməli, Bakıda və bəzi bölgələrdə şəhid dəfnlərində çox kiçik qruplar dayanmadan, israrla dini şüarlar səsləndirib, faktiki dəfn mərasimlərini pozur. Onlara etiraz edənlərə isə kobud, etikadan kənar davranırlar.

Dünən bir neçə şahid sosial mediada oğlunun məzarı başında dini şüarlar səsləndirməsini istəməyən şəhid atasına qarşı olunan sayğısızlıqdan yazdı. Şəhid atasına “ yaxşı edirik, biz belə istəyirik” demək artıq həddi keçməkdir. Dünən bir şəhid anası da oğlunun məzarı üstündə yalnız onun balasının adının çəkilməsini istədiyini deyib üsyan elədi. 

Bəlkə də kənardan baxan kiməsə elə gələ bilər ki, dini inancı olan, şəhidlərimiz üçün yas tutan bu adamlar da hissələrini belə ifadə edirlər. Sözsüz ki, bu qara dəstəyə inanıb, səmimi olaraq hissini ifadə edənlər var. Amma hər şey göründüyü kimi deyil.

Bu qara şüarçılar səmimi olaraq şəhid ağrısı çəkib eləmirlər. Onlar missionerdirlər və dəfn günü səhər tezdən xiyabanlara gəlib, hər dəfn edilən şəhid mərasimində diqqəti özlərinə çevirib, missiyalarını yerinə yetirirlər. Sonra yenə gedib, xiyabanın bir kənaraında toplaşıb, növbəti mərasimi gözləyirlər. Dünən onlarla sosial media iştirakçısı, şəhid dəfnində olan gənclər bu barədə yazdılar, canlı yayınlarda aparılan konkret ideoloji (dini yox!) təbliğat aydın görünür.

 

Şəhid kimə deyilir?

Şəhid dəfni üçün bütün dini rituallar yerinə yetirilir. Dəfnin dini rituallarını yerinə yetirmək üçün dəvət olunmuş din xadimi Quran oxuyur, dualar edilir, şəhidlərimizin ruhuna fatihə verilir, mərasim tam islami qayda-qanuna uyğun həyata keçirilir. Və dədə-babadan görmüşük ki, məzar başında bundan sonra həyatını itirən barədə ağı deyilər, xatirələr danışılar, onun adı anılar. Çünki bu onun yasıdı, bu onun mərasimidi.

İndi bir dəstə dəfn mərasiminin ortasında peyda olur, “Ya Hüseyn, vay Hüseyn” qışqıra-qışqıra, aradabir “Əbəlfəz” də çağırıb, sinə vurur, dəfn mərasimində nə din xadiminə, nə də ailə üzvlərinə imkan verirlər. Etiraz edib, bu  lazımsız göstərişi dayandırmaq istəyənlərə də “Allahu Əkbər” deyib, təkbir çəkirlər və belə bir fətva verirlər: “Əgər Hüseyni qəbul eləmirsə, o heç şəhid sayılmır”.  Hardan çıxarıblar bu fətvanı? Kim bunlara deyib ki, lap elə islam tarixindəki şəhidlik Hüseynlə başlayıb? Bəs Hüseynə qədər İslamı yaymaq, qorumaq üçün həyatını itirənlər kimlərdi? Heç onu demirik ki, Kərbəla faciəsinin baş verməsinin səbəbi İslama qarşı təhlükə deyildi.

Azərbaycan Respublikasında  isə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun var. O qanunda yazılıb:

Şəhid- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

 Yəni, Azərbaycanda şəhid statusunun dini terminlə heç bir bağlılığı yoxdur. Bu, dövlətin onun ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəxsə tanıdğı rəsmi statusdur. Bu rəsmi statusu həyatı ilə qazanan şəxsin dini inancı, ümumiyyətlə, belə bir inancın olub-olmaması heç bir əhəmiyyət daşımır.

 

Plan nəyə hesablanıb?

Şəhid dəfnlərinə göstəriş üçün qrup göndərilməsinin məqsədi də aydındır. Dövlət, Millət barədə heç bir şüara imkan tanımadan yalnız dini şüarlar səsləndirmək, bu göstəriləri çəkib, İran ayətullahlarının və şiə tarixi şəxsiyyətlərini mədh edən mərsiyyələrin fonunda sosial şəbəkəyə yerləşdirmək. “Bütün şəhidlər Hüseyndir” təbliğatı ilə bizim torpaq, Vətən, Dövlət mücadiləmizi heçə saymaq, şəhidlik amalımızı dini hisslərə bağlamaq. Biz çoxluqla müsəlmanıq, biz İslama da, onun dəyərlərinə də sayğı göstərməyi, dini bayramları, yasları, din tarixinin mühüm hadisələrini qeyd eləməyi bacarırıq. Amma burda məqsəd din deyil, İslam təbliğatı da deyil, burda məqsəd konkret olaraq ideoloji missionerlikdir. 

Dünən sosial şəbəkələrdə şəhid dəfnindən edilən canlı yayımda gördüyümüz bir mənzərə bunu daha dəqiq təsdiq edir. Azərbaycan bayrağı ilə (bu məqama xüsusi diqqət!) “Ya Hüseyn”, “Hüseyn vay” qışqıran qrupa səslənirlər ki, Dövlət Himni oxunur, sakit dayanın. Və içərilərindən etirazçılar çıxır, himn səslənə-səslənə “Allahu Əkbər” deyib təkbir gətirir. Biz Himnin də, Allahın da adının çəkiləcəyi yeri bilirik. Dövlətin himnini susdurmaq cəsarətini hardan alıblar bunlar? Bu nə hədsizlikdir?

O Xiyaban ona görə yaranıb, ordakı cavan canlar ona görə bu torpağa qarışıb ki, bu Dövlətdə heç bir səs Himndən yüksək çıxmasın! Bu ölkədə heç bir bayraq, üçrəngli bayraqdan yüksəkdə dayana bilməsin! Bunu anlamaq bu qədər çətin olmamalıdı axı?

Bu “dindar” dəstəyə qoşulan səmimi adamlar, indi başa düşə bilirlərmi ki, onları ortaya salıb, beyinlərini uydurma fantastik hekayələrlə yuyanlar nəyə nail olmaq istəyirlər? Bizim kimlik mücadiləmizin, millət və dövlət kimi yaşamağımızın uğruna həyatından keçən adamların məzarı başında,  bayrağımızı alət edib, hamımıza bir nəfərin adını qoymaq istəyirlər. Bu qədər aydındır. Bunu anlamaq, buna qarşı dayanmaq lazımdı.

Və ikinci, daha məkrli plan isə dərdli şəhid ailələri ilə elə bu xiyabanlarda tanış olmaq, daha sonra yas mərasimində iştirak etmək, şəhidin ailə üzvlərini öz dəstələrinə çəkmək, bununla da “Şəhid ailələri bizimlədir” obrazını yaratmaq. Vətən Müharibəsindən sonrakı dövr ərzində biz bunu müşahidə edirik axı...

İmkan verin, camaat dərdini çəksin, övladının acısını yaşasın. Adamları başqa qovğalara, öz çirkin oyunlarınıza alət etməyin! İmkan verin, şəhidlərimizə öz adları ilə ağlayaq, yas tutaq!

 

Şəhid dəfnləri üçün protokol

Hər birimizin arzusudur ki, daha övladlarımız şəhid olmasın, daha analar ağlamasın. Amma dövlət varsa, millət yaşayırsa, tarixin hər dönəmində yenə onu qorumaq zərurəti yaranacaq. Bu, bütün millətlər və dövlət üçün keçərlidir. Dünyanın bu gerçəyi dəyişəndə ordular da olmayacaq.

Dövlətimiz uğrunda döyüşüb şəhid olanların dəfni üçün protokol qaydalar müəyyən olunmalıdır. Şəhid dəfnlərində bu qaydalara əməl etməyənlərə qarşı isə cəzalar olmalıdır. Öz ağasını dövlətin bayrağından, himnindən, şəhidindən üstün tutanlara yerini göstərmək vacibdir.

... Bizi heç vaxt, heç bir silahla məğlub edə bilməyəcəklər!

# 8742
avatar

Oxşar yazılar