Qüdrət Həsənquliyev
10 yanvar 2023 12:08 (UTC +04:00)

Qüdrət Həsənquliyev

"Azərbaycan dövləti onların ağlı ilə hərəkət etsə..." - Qüdrət Həsənquliyev

“Biz tədricən beynəlxalq birliyi Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının tanınmasına alışdırmalıyıq və hazırda bu proses də gedir”.

Lent.az-ın məlumatına görə, bu sözləri millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri,Qüdrət Həsənquliyev müsahibə zamanı deyib.

- Qüdrət bəy, bəlli şəxslər davamlı olaraq iddia edirlər ki, 2020-ci il noyabrın 10-da Ermənistan və Rusiya ilə atəşkəs haqqında üçtərəfli bəyanat imzalanmamalı və Qarabağ erməni ordusundan tam təmizlənməliydi. Bu gündən baxanda həmin şəxslərin dediyi kimi problemi birdəfəlik həll etmək olardımı?

- Azərbaycan dövləti o adamların ağlı ilə hərəkət etsə bu dövlətdən heç nə qalmaz. O adamlar niyə düşünürlər ki, İlham Əliyevdən daha cəsarətli, daha təcrübəli və daha vətənpərvərdilər? Axı, ən yeni tariximiz bunun belə olmadığını dəfələrlə sübut edib. Əgər 44 günlük savaşda ərazi bütövlüyü məsələsini birdəfəlik həll etmək mümkün olsaydı İlham Əliyev bunu edərdi. İlham Əliyevin guya Türkiyə ilə məsləhətləşmədən üçtərəfli sazişi imzalaması barədə deyilənlər də cəfəngiyatdan başqa bir şey deyil. Belə açıqlamalarla onlar, yalnız özləri ağılda olan adamları çaşdıra bilərlər. Bu gün utanmadan söyləyirlər ki, Türkiyə Ermənistanla hava yükdaşımalarına ona görə başlayıb ki, guya Azərbaycan 10 noyabr 2020-ci il tarixli sazişdə Türkiyənin iştirakını təmin etməyib. Türkiyə həmin ərəfədə Rusiya ilə intensiv işləyirdi və Azərbaycandan dəfələrlə böyük dövlətdir. Türkiyə bizim hüquqlarımızın tanınması üçün çalışırdı. Biz Türkiyə üçün gücümüz çatanı həmişə etmişik. Türkiyəni bu formada aşağılamaq olmaz ki, “incikliyə” görə düşmənlə əməkdaşlıq edir. 2016-cı ildən tam müstəqil siyasəti olan Türkiyə Azərbaycandan “narazı” olsa belə, heç vaxt bizim əleyhimizə olan hər hansı addımı atmaz. Azərbaycanla razılaşmadan heç vaxt belə bir qərar qəbul etməz. Bu qardaşlıq münasibətlərimizə kölgə salar, “Şuşa Bəyannaməsi”nin pozulması olardı. Azərbaycandan inciyən Türkiyə, ümumiyyətlə, “Şuşa Bəyannaməsi”ni imzalayardımı?

Biz Rusiyanın mövqeyini, geosiyasi reallıqları nəzərə almasaydıq müharibəni bitirmək mümkün olmayacaqdı. Biz Ermənistanla dövlət sərhədlərimizə çıxsaydıq belə, bu, müharibənin bitməsi olmayacaqdı. Birinci Qarabağ savaşında Ağdərəni azad etmişdik, Sərsəng su anbarına qədər gedib çıxmışdıq, sonra nə oldu? Orduda, ölkə daxilində təxribatları, Ermənistanın silahlandırılmasını, ona hər cür hərbi dəstək verilməsini, Azərbaycanın təklənməsini gördük. Kim təminat verə bilərdi ki, bu dəfə eyni hadisələr təkrar olunmayacaqdı. Bəziləri deyir ki, Türkiyə bizə kömək edəcəkdi, çünki indiki Türkiyə 90-cı illərin Türkiyəsi deyil. Bəli, amma 2020-ci ilin Rusiyası da 90-cı illərin Rusiyası deyildi. Türkiyə Rusiya ilə razılaşmadan öz sərhədlərində, Suriyada istədiyinə nail ola bilirmi? Hazırda Türkiyənin regional gücə çevrilməsi istiqamətində böyük işlər görülür. Türkiyənin bu ərəfədə nəticəsi 100% bəlli olmayan müharibəyə cəlb edilməsi böyük cinayət olardı. Bundan başqa, bizə torpaqlarımızda ən azı iki böyük gücün üz-üzə gəldiyi savaş lazımdırmı? O zaman həmin savaşa daha hansı ölkələr qoşula bilərdi? Birinci Qarabağ savaşında Qərb əvvəl Qorbaçovu, sonra isə Yeltsini Ermənistana köməyə məcbur etdi. ABŞ bizə - təcavüzə məruz qalan, qanlı seperatizmlə üzləşmiş, avroatlantik məkana inteqrasiya olunmağa can atan, demokratik cəmiyyət qurmağa çalışan Azərbaycana sanksiya tətbiq etdi. Bu dəfə Rusiya açıq formada bizə qarşı çıxsaydı, onlar avroatlantik məkana inteqrasiya olunmaqdan imtina etmiş Azərbaycanla necə davranacaqdılar? Sizə elə gəlmir ki, biz o zaman Rusiya - Qərb bloku ilə vuruşmalı olacaqdıq? Bir anlığa düşünün, o halda Azərbaycan hansı günə qalardı. Bəyanat imzalanandan dərhal sonra demişdim ki, Azərbaycan mümkün olan maksimuma nail olub. Biz tədricən beynəlxalq birliyi Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının tanınmasına alışdırmalıyıq. Hazırda bu proses də gedir.

Xalqımız bilməlidir ki, ermənipərəst Qərb dairələrindən qidalanan və yönləndirilən bu şəxslər heç zaman düz söz danışmayacaqlar. Biz Qərbin dövlət idarəetməsini mənimsəməliyik, amma yaddan çıxarmamalıyıq ki, Qərb heç vaxt xristian Ermənistanın işğalçılıq siyasətini pisləməyib, onu işğalçı dövlət kimi tanımayıb, müxtəlif formalarda işğalı və separatizmi dəstəkləyir. Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etməsini istəmir və bizə mane olmağa çalışır.

# 2367
avatar

Oxşar yazılar