Aİ - Azərbaycanın əsas ticarət tərəfdaşı: “Belə də davam edəcək”
19 may 2022 19:03 (UTC +04:00)

Aİ - Azərbaycanın əsas ticarət tərəfdaşı: “Belə də davam edəcək”

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı (Aİ) ilə əlaqələr inkişaf edir və bu əməkdaşlıqda iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın regiondakı tranzit mövqeyi, onun Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması Avropa İttifaqı üçün cəlbedici faktorlardır.

1996-cı ildə Lüksemburqda imzalanmış və üç il sonra qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir. 10 il müddətinə imzalanmış sazişin icra müddəti 2009-cu ildə bitsə də yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 illiyinə uzadılır. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə Şərq Tərəfdaşlığı proqramına daxil edilib. Ötən dövrdə Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sazişlər imzalaması ikitərəfli və çoxtərəfli əlaqələrdə mühüm irəliləyiş kimi qiymətləndirilir.

Bu günlərdə Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsinə daxil olub. Qeyd edək ki, bu xüsusda danışıqlar 2017-ci ildə başlayıb. Həmin ilin noyabrında Brüsseldə V Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş birgə bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  bir daha dəstəklənib. Ermənistanın bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə bəyannamədə Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Prezident İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

2018-ci ilin iyulunda  Brüsseldə Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanan Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqlik ifadə olunub.

Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru mühüm yer tutur. Bu sahədə əməkdaşlığı nəzərdə tutan strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu 2006-cı ilin noyabrında Brüsseldə, Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə isə 2011-ci ildə Bakıda imzalanıb. Sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. 2015-ci ildən Bakı hər il Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına ev sahibliyi edir və Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur.

Cənub Qaz Dəhlizi Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran əsas infrastruktur layihələrindən biridir. 2018-ci ilin mayında açılışı olan Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasında yeni mərhələnin əsasını qoyub. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP seqmentlərindən  ibarət dəhlizin sonuncu hissəsi olan TAP 2020-ci ilin dekabrında tamamlanıb. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün xüsusi imkanlar yaradır.

Bu cür nəhəng enerji layihələrinin icrası Azərbaycanın müstəqil siyasəti sayəsində mümkün olub. Avropanın enerji xəritəsini yenidən tərtib edilməsinə imkan verən bu cür layihələr Azərbaycanın Avropa bazarında da fəallaşmasına əlverişli şərait yaradır. Dünyada neft-qaz qiymətlərindəki yüksələn dinamikanı nəzərə alsaq o zaman bu il Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin də artacağı reallıqdır.

Azərbaycan-Avropa İttifaqı gündəliyi çox genişdir və güclü siyasi təmaslar əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkəmizin xarici ticarət dövriyyəsinin təxminən 40 faizi bu əməkdaşlığın payına düşür. Prezident İlham Əliyev bunun belə də davam edəcəyini bildirib.

İkitərəfli əməkdaşlıqda enerji təhlükəsizliyi xüsusi əhəmiyyəti ilə seçilir. Bu gün Azərbaycan özünün enerji təhlükəsizliyini 100 faiz təmin edir və Avropa İttifaqına üzv ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasına töhvə verir. Azərbaycanın planlarına qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir.

Neft ixracının hazırki profili həm Azərbaycanı, həm də istehlakçıları qane edir. Lakin bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq o zaman Azərbaycanın enerji resurslarına ehtiyacın heç vaxt olmadığı qədər artacağı aydındır. Bu il Avropa İttifaqı ilə başlanan enerji dialoqunun da məğzini neft, qaz, elektrik enerjisi, hidrogen və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq təşkil edir. Bu sahədə tərəflər arasında tam anlaşma var.

Azərbaycan bərpa olunan enerji növlərinin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Hədəf  2030-cu ilə qədər bərpa olunan enerjinin ümumi balansdakı payını ən azı 30 faizə çatdırmaqdır. Bu, baş verəcəyi təqdirdə Avropa istehlakçıları üçün bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjinin cəlbediciliyi artacaq. Hazırda Azərbaycan bu istiqamətdə işləyir və proseslər hökumətin düzgün yolda olduğunu göstərir.

Azərbaycan enerji ehtiyatlarını və iqtisadiyyatı əlavə təchizat mənbələri ilə təmin edəcək bütün əsas neft-qaz kəmərlərinin tamamlanmasını başa çatdırıb. Bu baxımdan Azərbaycan xarici yardımdan asılı deyil və hazırda xarici borc Ümumi Daxili Məhsulun təxminən 18 faizinə bərabərdir. Qarşıdakı vəzifə bu rəqəmi 10 faizədək azaltmaqdır. Bu, baş verərsə o zaman əldə ediləcək nailiyyət dünyada ən yaxşı nəticələrdən biri olacaq. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əməkdaşlığında iqtisadi prosesləri sürətləndirmək və biznes sahəsində etimad mühitini daha da yaxşılaşdırmaq üçün mühüm mərhələ olacaq.

# 2943
avatar

Oxşar yazılar