Azərbaycan Respublikasının sabiq maliyyə naziri Əvəz Ələkbərov
27 sentyabr 2021 20:15 (UTC +04:00)

Azərbaycan Respublikasının sabiq maliyyə naziri Əvəz Ələkbərov

4 banka rəhbərlik edən sabiq nazir indi nə işlə məşğuldur? - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Azərbaycanın keçmiş maliyyə naziri Əvəz Ələkbərovdan bəhs edəcəyik.


Əvəz Əkbər oğlu Ələkbərov 1952-ci il iyulun 23-də Göyçə mahalının Çəmbərək (Krasnoselski) rayonu Cil kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakultəsini bitirib, iqtisadçı ixtisası alıb. İnstitutu bitirdikdən sonra bir müddət Bakı Baş Tikinti İdarəsində mühasib-hesabdar işləyib.

1973-cü ildə hərbi xidmətə yollanıb. Bir illik hərbi xidmətini Belarusiyanın Brest vilayətində qulluq edərək başa vurub.  

1975-ci ildən 1981-ci ilə kimi Azərbaycan Kənd Tikinti Nazirliyinin "Azərkəndquraşdırmatikinti" trestində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini vəzifələrində çalışıb. 1981-ci ilin oktyabr ayından 1984-cü ilin may ayına kimi Azərbaycan SSR Nazirlər Soveti plan-maliyyə orqanları şöbəsində böyük referent olub. 1984-cü ildən 1991-ci ilə kimi Azərbaycan SSR Nazirlər Sovetinin iqtisad şöbəsində müdir müavini vəzifəsində çalışmışıb. 1991-ci ilin yanvarından dekabr ayına kimi yeni yaradılan SSRİ Pensiya Fondu Azərbaycan SSR bölməsinin müdiri olub. 1991-ci ildən 1992-ci ilə kimi Pensiya Fondu idarə heyətinin sədri işləyib. 1992-ci ildən 1999-cu ilə kimi Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışıb.

1999-cu ildən 2006-cı ilə qədər Azərbaycan Prezidentinin fərmanı ilə Əvəz Əkbər oğlu Ələkbərov maliyyə naziri vəzifəsində çalışıb.

O, Azərbaycan-ABŞ dövlətlərarası iqtisadi komissiyanın həmsədri, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf bankının Azərbaycan üzrə müdiri də olub. Azərbaycan və ABŞ iqtisadi əlaqələrinin qurulmasında işgüzar xidmətlər göstərib.

2000-ci ildən 2013-cü ilə qədər Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasının müdiridir. Azərbaycan, türk və rus dillərini mükəmməl bilən, uzun müddət yüksək postlar tutmuş sabiq maliyyə naziri Əvəz Ələkbərovun vəzifədən çıxarılandan bəri elmi fəaliyyətlə məşğul olduğu bildirilir.

Ailəlidir, iki oğlu var.

# 14124
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar