Dovşandodaq və qurdağız deyilən xəstəlik necə yaranır? - CAVAB
23 yanvar 2023 13:05 (UTC +04:00)

Dovşandodaq və qurdağız deyilən xəstəlik necə yaranır? - CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının növbəti mövzusu dovşandodaq və qurdağız deyilən xəstəliklərin necə yaranması ilə bağlıdır.

Hər bir ailədə övlad dünyaya gəlməsi böyük sevinclə qarşılanır. Amma elə hallar olur ki, ailələr sevinclə yanaşı, üzüntü hissi də keçirirlər. 

Xüsusən son zamanlar körpələrin dovşandodaq, yaxud qurdağız deformasiyaları ilə doğulması gənc anaları narahat edir. Belə deformasiyaların nədən yaranmasını bilməyən insanlar isə körpələrinin məhz bu qüsurlarla doğulmaması üçün təlaş keçirirlər.

Maraqlıdır, dovşandodaq və qurdağız deyilən xəstəlik necə yaranır?

Lent.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev məsələ ilə bağlı açıqlama verib. 

Onun sözlərinə görə, bu xəstəlik hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozğunluqlar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur:

"Üz-çənə nahiyəsinə aid yenidoğulmuşlarda rast gəlinən bəzi patologiyalar adətən anadangəlmə dodaq-damaq yarıqlar, xalqda arasında “dovşan dodaq” və “qurd ağız” deyilən xəstəliklərdi. Bunlar hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozğunluqlar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur.

Səbəbi müxtəlifdir: irsi xəstəliklər, hamiləlik dövrünün problemli keçməsi (müxtəlif dərmanların qəbulu, intoksikasiya, bətndaxili hiopksiya, stres və bəzi şəkərli diabet kimi sistem xəstəlikləri), ətraf mühitin çirklənməsi, ananın pis vərdişləri və nəhayət qohum evliliyi.

Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlarda ən çox rast gəlinən problem qidalanmanın pozulması, hava yolu tıxanıqlığı, xırıltılı tənəffüs, nitqin pozulması, çəki itkisi və s. kimi problemlər rast gəlinir. Bunun üçün mütəxəssisə vaxtında müraciət etməli və müalicəyə başlanılmalıdır.

Bu patologiyalarla doğulmuş uşaqlar 17-18 yaşına qədər üz-çənə cərrahlarının, orotdontların, loqopedin və pediatrların daimi nəzarəti altında olmalı, onların müayinə və müalicəsini almalıdır.

Dodaq yarıqları üçün uşaqlarda “xeyloplastika” ilk 3-6 aylarında, damaq yarıqları zamanı isə “stafiloplastika” və “uranostafiloplastika” 9-18 aylarında aparılması tövsiyə edilir. Cərrahi əməliyyatlar ümumi anesteziya altında aparılır.

Onu da qeyd edim ki, damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gec isə nitqdə pozulmalara gətirib çıxardır".

# 3183
avatar

Fidan İlqar

Oxşar yazılar