Nuran Abdullayev, Köln Universiteti Klinikasının tibb elmləri doktoru
18 fevral 2021 18:25 (UTC +04:00)

Nuran Abdullayev, Köln Universiteti Klinikasının tibb elmləri doktoru

Peyvənd nə qədər önəmlidir? - Elmlər doktorundan SƏLİS CAVAB

"Aparılan tədqiqalar nəticəsində öncədən virusa yoluxmuş insanlara peyvəndin ikinci dozasının vurulmasından sonra onlarda yaranan anticisim miqdarında ciddi dəyişikliyə rast gəlinməyib".

Lent.az xəbər verir ki, bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, peyvəndlərin tətbiqindən sonra elmi arenada ciddi müzakirə mövzularından biri də COVID-19 xəstəliyindən sağalanlara hansı dozada peyvəndin vurulması barədədir:

"Yəni bu xəstəliyi ötən il keçirən insanlara peyvəndin birinci dəfə vurulan dozası kifayətdir, yoxsa mütləq ikinci dozası da vurulmalıdır? Bu sualın cavabının tapılması istiqamətində aparılan çox önəmli tədqiqatın nəticəsi artıq məlumdur və qarşıdan gələn günlərdə elmi ədəbiyyata daxil ediləcək. Aparılan tədqiqatın metodik hissəsi çox ciddi dəqiqliklə icra olunub. Belə ki, peyvəndin tətbiqindən öncə insanların COVID-19 xəstəliyini keçirib-keçirmədiklərini müəyyənləşdirmək üçün anticisimləri yoxlayıblar. Bundan sonra həm virusa daha əvvəl yoluxanlarda, həm də yoluxmayanlarda 4 gündən bir anticisimlərin miqdarına baxılıb. Beləliklə, çox önəmli nəticələr əldə olunub. Belə ki, ilk peyvənd dozasından əvvəl xəstəliyi keçirmiş insanlarda 5-8 gün sonra ciddi nəzərə çarpacaq qədər anticisimlərin çoxalmasına rast gəlinib ki, bu da onlarda güclü immunitetin yaranması deməkdir. Əvvəllər xəstələnməyən insanlarda isə 9-12 günlük vaxt lazım olub ki, vurulan peyvəndin müəyyən effekti hiss olunsun. Tədqiqatın digər çox önəmli nəticəsi 24 günlük müşahidə zamanı rast gəlinib. Belə ki, peyvənd aldıqdan sonrakı bu zaman çərçivəsində xəstəliyi daha öncə keçirməyənlərdə anticisimlərin miqdarı xəstəliyi keçirən və peyvənd alan insanlarla müqayisədə az olub. Bu da bizə bir daha onu göstərir ki, peyvənd həm xəstəliyi keçirməyənlər, həm də keçirənlər üçün nə qədər önəmlidir. Tədqiqatda maraq doğuracaq və gələcəkdə peyvənd strategiyasında ciddi nəzərə alına biləcək daha bir nüans də aşkarlanıb. Belə ki, öncədən virusa yoluxmuş insanlara peyvəndin ikinci dozasının vurulmasından sonra onlarda yaranan anticisim miqdarında ciddi dəyişikliyə rast gəlinməyib".

"Bu da o deməkdir ki, elmi tədqiqatla sübut edilir ki, xəstəlikdən sağalan insanlarda effektiv immunitetin yaranmasına peyvəndin təkcə bir dozası kifayət edə bilər və bu insanlara qısa müddət ərzində təkrar dozanın vurulmasının ciddi əhəmiyyəti yoxdur. Aparılan bu tədqiqat “Biontech” və “Moderna” peyvəndləri ilə aparılıb. Tədqiqatda xəstəliyi daha öncədən keçirənlərlə keçirməyənlərin peyvəndin ikinci dozasından sonrakı yan təsirləri də müqayisə edilib. Burada aydın olur ki, xəstəliyi keçirənlərin yüngül yan təsirləri xəstəliyi keçirməyənlərlə müqayisədə 5-6 dəfə çox olub. Amma bu yan təsirlər qorxulu reaksiyalar deyil, məsələn, yorğunluq, baş ağrısı, əzələ ağrısı, bəzən qızdırma və əzələ ağrıları. Nəzərinizə çatdırım ki, bir ildən sonra fərqli dozalarda peyvənd alanlarda olan immunitet hansı səviyyədə olacağı barədə sual isə cavabsızdır, bu barədə tədqiqatlar davam edir", - N.Abdullayev qeyd edib.

# 2664
avatar

Oxşar yazılar