Körpə qidası bütün digər yeməklərdən və onların hazırlanma texnologiyasından daha fərqlidir. Əlbətdə ki, uşaq qidası həmişə xüsusi olaraq, nəzərdən keçirilməlidir. Uşaq üçün ən uyğun qida məhsulları - asan həzm olunmalı, allergiya yaratmamalı və ən əsası uşağın dad zövgünə uyğun olmalıdır. İlk yemək - əlbəttə ki, yüngül bulyonlar və ya suda hazırlanan şorbalar olmalıdır. Axı körpənizə axşam yeməyi üçün ədviyyat ilə hazırlanan şorbanı təqdim etsəniz, körpə mədəsinin bu cür yeməyi problem yaratmadan mənimsəməsi ehtimalı çox azdır. Eləcə də, qril üzərində bişmiş və ya yağda qızardılmış, mütəlif ədviyyatlar əlavə olunmuş ət yeməkləri də arzuolunmazdır.
Küftə şorbası 1 yaş yuxarı uşaq üçün hazırlana bilər. Uşağınızın vəziyyətinə görə davranın, bəzi analar belə bir şorbanı bir yaşından əvvəl uşaqlara verməyə başlayır və uşaqlar da özlərini yaxşı hiss edirlər. Hər bir halda, şorba verməyə başladıqda, şorbada körpənin artıq tanış olduğu məhsullardan istifadə edin. Biz təzə ətdən verməşilli yüngül, dadlı və doyumlu bir şorba hazırlayacağıq. Verməşili, düyü və ya qarabaşaq yarması ilə də əvəz edə bilərsiniz. Şorbaya duz istisna olmaqla, hər hansı bir ədviyyat əlavə etməyi məsləhət görülmür.
Verməşilli küftə şorbasının hazırlanması üçün lazım inqrediyentlər;
• 300 qr qiymə dana əti (və ya toyuq əti),
• 1 ədəd kiçik soğan,
• 1 ədəd yerkökü,
• 1 ədəd kartof,
• 2 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
• 100 qr qısa vermeşil,
• 3 stəkan su,
• 10 qr şüyüd,
• duz.
Verməşilli küftə şorbasının hazırlanması
Əvvəlcədən təmizlənib yuyulmuş soğan ət ilə birlikdə ət çəkən maşınından 2 dəfə keçirilməlidir. Qiyməyə istəyinizə görə duz elavə edib, yaxşı qarışdırın. Əllərinizi bir az soyuq suda isladıb, nəm əlləriniz ilə qoz ölçüsündə küftələr hazırlayın. Qazana təmiz su əlavə edib, qaynadın. Sonra hazır küftələri qaynayan suya əlavə edin. Pişirmə zamanı köpük meydana gəldikdə, köpüyü təmizləməyi unutmayın.
Şorbaya doğranmış soğan əlavə etməyin. Demək olar ki, bütün uşaqlar soğanı orada görəndə ilk yeməyi yemək istəmirlər. Soyulub, yuyulan yerkökünü dairələrə kəsin və zeytun yağı ilə bir tavaya qoyub, mümkün qida dəyərini saxlamaq üçün aşağı istilikdə 5-6 dəqiqə qarışdıraraq, bişirin və sonra qazana əlavə edin. Kartofu xırda kublara böldükdən sonra yenidən yuyun və şorbaya əlavə edin. Şorbanı bütün inqrediyentlər hazır olana qədər təxmini 20-25 dəqiqə bişirin və sonra nazik qısa verməşili əlavə edin. Şorbanı duzlayıb 7-8 dəqiqə bişirməyə davam edin. Hazır olan şorbaya incə doğranmış şüyüd əlavə edin. Şorbanız hazırdır. Nuş olsun!