Prezident Sumqayıtda -  YENİLƏNİB
03 sentyabr 2021 14:19 (UTC +04:00)

Prezident Sumqayıtda - YENİLƏNİB

Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.

Lent.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Qeyd edək ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərman bu sahədə mühüm "yol xəritəsi" olmaqla onun icrası ilə bağlı kompleks qanunvericilik və praktiki tədbirlər görülür. Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin və hakimlərin təminatı gücləndirilib. Bu sahədə infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində yeni məhkəmə bina və komplekslərinin inşası, onların ən müasir İKT qurğuları ilə təchizi xüsusi yer tutur. Sumqayıt Məhkəmə Kompleksinin inşası da bu istiqamətində icra olunan layihələrdən biridir. Bu, respublikamızda inşa olunan sayca dördüncü məhkəmə kompleksidir.

Kompleks Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində inşa olunub. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir. "Bir qapı" prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması və şəffaflığın təmin edilməsi üçün "Femida" sistemi quraşdırılıb. Burada 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərəcək. Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir şərait təxminən 1 milyon 460 min əhaliyə yüksək səviyyədə məhkəmə xidmətləri göstərməyə imkan verəcək.

Prezident İlham Əliyevə ədliyyə və məhkəmə sahəsində tətbiq olunan növbəti rəqəmsal innovasiyalar barədə də məlumat verildi, bununla bağlı videoçarx nümayiş etdirildi.

Bildirildi ki, dövlətimizin başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də birinci xanım Mehriban Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür. Bütün bu işlər vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına, onlara yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, şəffaflığın artırılmasına, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə yönəlib.

***

12:11

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

Lent.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

***

Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

***

Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

***

Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

Azərbaycan Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

# 2934
avatar

Oxşar yazılar