Can boğazdan keçir və ya pəhləvan yeməyi – Ən çox sifariş edilən xörək
03 iyun 2022 19:15 (UTC +04:00)

Can boğazdan keçir və ya pəhləvan yeməyi – Ən çox sifariş edilən xörək

Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur.  Süfrəmizin şahı sayılan plovun 200, dolmanın 20-i, lülə kababın 20-i növü mövcuddur. Bəs görəsən bu zəngin mətbəximizin hansı taamları dünyada tanınır, sevilir? 


Lent.az-ın  “dadlı” sualını Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəxri üzvü,  bir sıra beynəlxalq kulinariya yarışının qalibi, aşpaz Səltənət Həsənova cavablandırır:  


“Azərbaycan mətbəxində hələ qədimlərdən yeməklər ilin vaxtı, hava, yaş, həyat tərzi, yaşanan məkan nəzərə alınmaqla hazırlanıb. Dağın, aranın yeməkləri fərqli olub. Hər bölgəmizin özünün ayrılıqda zəngin mətbəxi var. Yeməkləri pəhriz, zahı qadının, xəstə, pəhləvan, gəlinin, bəyin, uşaqların, gənclərin və qocaların yeməkləri kimi qruplara bölərdilər. Nahaq yerə deyilməzdi-Can boğazdan keçir. Tarixən məlumdur ki, qonşu xalqların mətbəxlərinin bir-birinə təsiri olur.
Çin mətbəxi Tailand, Malayziya kimi ölkələrə təsir edib, SSRİ dönəmində rus mətbəxinin  qardaş respublikalara təsiri var idi, Fransız mətbəxi Avropa mətbəxinə güclü təsir göstərmişdi. O cümlədən, Azərbaycan mətbəxi qonşu xalqların mətbəxlərinə güclü təsir edib. Türk xalqlarının mətbəxində mövcud olan əsas xəmir yeməklərinin hamısı ən qədimdən Azərbaycan mətbəxində hazırlanıb və yeni dadlar qazanıb. Azərbaycan mətbəxini öz təsirinə görə, Çin və Fransız mətbəxi ilə yanaşı qoymaq olar”,- deyə aşpaz xanım qeyd edib. Bəs Azərbaycanın xarici ölkələrdə ən sevilən yeməkləri hansılardır və ya adı çəkiləndə Azərbaycan yada düşən hansı  taamlarımız var? Səltənət xanımın dediyinə görə Azərbaycana gələn xarici qonaqlar da, xarici ölkələrdəki Azərbaycan mətbəxlərində də ən çox sifariş edilən yeməklərimiz kabab və plovdur.

“Ən çox tanınan yeməyimiz kabablardır. Həm dadına, həm də rahat hazırlandığına görə çox tanınır, bizim kabablarımızın öz xüsusi dadı-tamı var, buna görə çox bəyənilir. Dolma və ləvəngi də çox təbliğ olunur və əksər ölkələrdə çox bəyənilir. Xüsusən Şərq ölkələrində yeməklərimiz daha populyardır. Bir də, növündən asılı olmayaraq, zəfəranlı plov çox tanınır və sevilir. Əcnəbilər xüsusilə zəfəranın ətrinə görə bizim plovumuzu bəyəndiklərini qeyd edirlər”,- deyən aşpazın sözlərinə görə, Azərbaycan mətbəxini dünyanın bütün mətbəxlərindən fərqləndirən əsas cəhət qonaqpərvərliyimizdir.

“Bizim süfrələrimizin şahı yeməklər yox,  qonaqlarımızdır. Biz nemətlərimizi paylaşmağı, göstərməyi, sevdirməyi sevirik. Xaricdə bu xüsusi heyranlıqla qarşılanır”.

# 2673
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar