“Başa düşə bilmirəm, müğənni ac qalmalıdır?”
Bunu Lent.az-a xalq artisti Mübariz Tağıyev həmkarı Yalçın Rzazadənin maddi durumunun ağır olmasından danışarkən deyib. Xalq artisti Yalçın Rzazadənin “Dədə Qorqud” filmində ifa etdiyi məşhur “Səlvi boylum” mahnısının sözlərini dəyişdirib, boya reklamı üçün oxumasını normal sayır: “Yalçını tənqid edənləri anlaya bilmirəm. O, illərini Azərbaycan musiqisinə qoyub. Maddi durumunun aşağı olduğuna görə, boya reklamında mahnı ifa edibsə, niyə tənqid olunmalıdır? Burda pis nəsə var ki, bu qədər müzakirə olundu. Onun yerində başqa adam da olsa, vəziyyətdən çıxış yolunu məhz reklamlara mahnı ifa etməkdə görərdi. Bir ifaçı toylara getmirsə, albomlardan gəlir əldə etmirsə, nə etməlidir? Ac qalmalıdır? Bu gün mənə dövlətimiz dəstək olur. Dəstək olmasaydı, bəlkə mən də eyni addımı atardım”.