Noyabrın 23-də Heydər Əliyev Mərkəzində Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvintetinin iştirakı ilə klassik musiqi gecəsi keçirilib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənət nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində təşkil olunan bu konsert kvintetin Bakıda ilk çıxışıdır.
Klassik musiqi gecəsində dünya şöhrətli bəstəkarlar Volfqanq Amadeus Motsart, Anton Reyxa, Darius Milhaud və Karl Nilsenin əsərləri səslənib.
Kvintet üzvləri Maykl Hazel (fleyta), Andreas Vitman (qoboy), Volter Seyfas (klarnet), Ferqus MakVilyam (truba) və Marion Reinhardın (faqot) ifalarını Bakı tamaşaçıları heyranlıqla izləyib. Konsertdən sonra pərəstişkarları musiqiçilərdən imza alıb və onlarla foto çəkdiriblər.
Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti 1988-ci ildə yaradılıb. O, Berlin Filarmoniyasının tarixində təsis olunmuş ilk daimi kvintetdir. Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti Avropa, Avstraliya, Uzaq Şərq, Şimali və Cənubi Amerikada konsertlər verib. Bundan başqa ansambl Berlin, Edinburq, Salzburq festivalları, Marsel Kvintet Biennallesi kimi beynəlxalq tədbirlərin ən populyar çıxışçılarından olub.