Naxçıvan Yazıçılar Birliyinin rəhbərliyinin və bir neçə üzvünün Azərbaycan Yazıçılar Birliyinə (AYB) qarşı səsləndirdiyi iradlara rəsmi münasibət bildirilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın Lent.az-a verdiyi məlumata görə, qarşı tərəfin irəli sürdüyü ittihamlar əsassızdır:
“Naxçıvan Yazıçılar Birliyinin iradlarını qətiyyən qəbul etmirik. Onlara qarşı laqeydlik biz tərəfdən heç vaxt olmayıb. Məsələn, qurultaya digər bölmələrdən üç-dörd nəfər nümayəndə çağırıldığı halda, Naxçıvandan səkkiz nəfər nümayəndə dəvət olunmuşdu. Onların qurultay nümayəndələrinin yerində yox, iştirakçıların yerində oturması qətiyyən düzgün deyil. Çünki orda yalnız xarici qonaqlar və dövlət rəsmiləri əyləşmişdi. Digər bölmələrə necə diqqət göstərilibsə, Naxçıvan bölməsinə da eyni münasibət olub. Naxçıvan bölməsinin yaradılmasının özü Yazıçılar Birliyinin rəhbərliyinin Naxçıvana olan diqqət və qayğısıdır”.
AYB-nin 80 illik yubileyinə Naxçıvan nümayəndələrinin dəvət olunmadığı iddiası ilə bağlı X. Rza əlavə edib ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətində olan məsələdir: “Tədbiri nazirlik təşkil etmişdi və yalnız xarici qonaqlar, eyni zamanda bir neçə tanınmış qonaq dəvət olunmuşdu. Beynəlxalq Muğam Mərkəzi 350 nəfər adam tutur. 439 nümayəndə, üstəgəl, 70-ə yaxın qonağın və tanınmış insanı dəvət edib ora sığışdırmaq mümkün deyildi. Əgər müraciət etsəydilər, onlara dəvətnamə verilərdi. İkinci məsələ qurultayda çıxışla bağlıdır. Çıxış üçün söz xarici qonaqlara və əsasən hesabat verən nümayəndələrə verilirdi. Deməli, onların bu iddiası da yanlışdır”.