AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc alim və mütəxəssislər şurası “Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi” mövzusunda inşa müsabiqəsi elan edib.
Muzeyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd ölməz şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə Cavid yaradıcılığını gənc nəslə öyrətməkdir.
Bakı şəhərində yerləşən istənilən orta məktəbin 9-11-ci sinif şagirdləri mövzu üzrə inşasını müsabiqəyə təqdim edə bilər. Müsabiqə müddətində qəbuletmə və qoşulma prosesi onlayn həyata keçiriləcək. İnşalar [email protected] e-mail ünvanına mayın 31-dək göndərilməlidir.
İnşa yazıları mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin sonunda seçiləcək üç ən yaxşı inşa müəllifləri təltif ediləcək. Mükafat şəklində birinci, ikinci və üçüncü yerlər üzrə müvafiq olaraq “Hüseyn Cavid əsərləri 5 cilddə” külliyyatı, “Cavid hikməti (seçmə aforizmlər)” kitabı və “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomu təqdim olunacaq.