Dünən Oqtay Mirqasımovun “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş “Qisas almadan ölmə” filminin premyerası olub. Lent.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov qeyd edib ki, rejissorun bu mövzuya müraciəti Azərbaycan incəsənət adamlarının başqa xalqların problemlərinə həssaslıqla yanaşdıqlarını sübut edir: “Bizim incəsənət xadimlərimiz dünyaya inteqrasiyaya hazırdırlar və birgə layihələrimizi bundan sonra da təqdim edəcəyik”.
Mərasimdə çıxış edən Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger qeyd edib ki, filmin hər anında rejissorun Almaniyaya böyük məhəbbəti hiss olunur.
Ekran əsərində rolları azərbaycanlı aktyorlardan Ramiz Əzizbəyli, Ayan Mir-Qasım, Füzuli Hüseynov, Sabir Məmmədov, Qurban İsmayılov, alman aktyorlardan Uilrix Rexenbax, Mixael Şvartsmayyer, Diter Hallervorden, gürcü aktyorlardan Georgi Cabaridze, Revaz Tavarkviladze, Levan Boçorişvili, Toma Bulaşvili ifa ediblər.
Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir.