Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu belə bilir. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.
Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, yeni layihəyə start veririk: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?
***
“Bazarlıq”ın bu dəfəki qonağı müğənni Xuraman Şuşalıdır. Xuraman ilə ənənəvi bazarlıq etmədiyi super-marketin qarşısında görüşdük .
Elə görüşən kimi dedi ki, bazarlıq eləməklə heç arası yoxdur.
- Dükan-bazara getməyə vaxtım olmur, inan. Amma ac da qalası deyilik ki? Arada bazarlıq etməliyəm. Amma ayda bir dəfə ola, ya olmaya. Bu işlə ən çox həyat yoldaşım məşğul olur. Bazarlıq onun öhdəsindədir. Açığı deyim ki, o, yaxşı bazarlıq edir. (Gülür)
***
Marketə daxil oluruq. Bizi marketin rəhbərliyi qarşılayır. Çəkilişin nə məqsədlə olduğunu öyrənir, məmnuniyyətlə razılıq verir. Marketdə olan alıcılar da Xuramanı əli zənbilli görüb çaşırlar. Biri hətta ürəklənib şəkil çəkdirmək istədiyini də bildirir. Xuraman bir söz demir: “Gəlin, çəkdirin”.
***
Müğənni birinci mineral su satılan şöbəyə yaxınlaşır. 2 ədəd mineral su və 2 ədəd də meyvə şirəsi alır.
- Xuraman, spirtli içki məsələsinə kim baxır?
Qəfil sifətini turşudur:
- Yox, yox... Qətiyyən! Bizim evdə spirtli içki içən yoxdur. Qonaq gələndə də heç kimə icazə vermirəm ki, evdə spirtli içki içilsin. Mineral su, şirə, süd, bax, bu başqa məsələ.
Elə bunu deyib də süd məhsulları satılan şöbəyə yollanır. Müğənni oradan 4 ədəd kəsmik, 3 qutu süd, bir balon qatıq, qaymaq alır. Yollanırıq parfümeriya almağa. Amma müğənni ətir və digər parfümlərə əyri-əyri baxıb niyyətindən vaz keçir. Qonşu şöbədən yuyucu toz, uşaq üçün nəm salfet, sabun alır. Azca aralanmışdıq ki, yenidən həmin şöbəyə qayıdır. Yadına düşür ki, saç boyası da almalıdır. Amma özünə yox…
- Anama saç boyası almağı unutmuşdum. Onun saç boyasını daim mən seçirəm. Mənim zövqümü bəyənir.
***
Xuraman deyəsən şirniyyatı çox sevirmiş. Şirniyyat satılan şöbədə dinc dayanmır. Arabaya azı 5 kilo müxtəlif cür şirniyyatlar, qoz, fındıq, püstə, şabalıd alıb yığır. Hələ halva da.
- Deyəsən sizin evdə ancaq şirniyyat və qoz-fındıq yeyirlər…
- Mən dəhşət dərəcədə şirniyyat yeyənəm. Evimdə həmişə mütləq şirniyyat olmalıdır. Evdə bir balaca şirniyyat azaldı ha, elə bil iynə üstündə otururam. Narahat oluram.
- Halvanı neynirsən?
- Halvanın ölüsüyəm.
- Bəs evdə ancaq şirniyyat yeyirsiz?
- (Gülür) Niyə ki? Açıcı qoyun ətindən nadir halda istifadə edirik. Evdə əsasən mal ətindən hazırlanmış yeməklər çox yeyilir. Mal ətini bizə hazır halda evə gətirirlər. Ət almağa bazara getmirik. Elə bu gün də ət alası olmayacam. Amma balıq alacam. Bax, oradakı buzlu balıqdan. Gedək soruşaq görək, nə balığıdır elə.
Müğənni balıq satılan yerə yaxınlaşır. Satıcıya balıq seçimində ona yardımçı olmağı xahiş edir.
- Mən balıq seçə bilmirəm. Təzəsini, köhnəsini ayıra bilmirəm. Bunlar təzədir?
- Bəli, Xuraman xanım.
- Bəs bu təmizlənib, yoxsa...
- Bizdə balıq təmizlənmiş halda satılır.
Müğənni 2 kiloqram buzlu forel aldıqdan sonra satıcılar onu marketdəki kampaniya ilə tanış edir. Sən demə, mağazada ox atma oyunu keçirilir. Kim 5 manatlıq məhsul alıb, oxu nişangaha dəqiq vura bilsə, hədiyyə qazanır. Bu oyun müğənnin marağına səbəb olur. İlk cəhdə nişangahı vura bilmir. Amma gözdən iti imiş. İkinci cəhddə müğənni hədiyyə qazanır. Belə ki, onun nişanladığı ox düz onluğa sancılır. Hədiyyəsi də balaca qazan.
Ox atmaqdan çıxıb kassaya yaxınlaşarıq.
- Xuraman, səncə bazarlığa neçə manat xərclədin?
- Dəqiq deyə bilmərəm. Görək satıcının aparatı bizə nə qədər məbləğ göstərəcək?
- Məncə 200 manata yaxın olar.
Kassir xanım malları bir-bir hesabladıqca müğənni pul kisəsinin ağzını açır, ödənişi də nağd pulla edir.
***
Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 188 manat, 3 qəpik...