İş adamı Ruhi Əliyeva bu gün APA TV-nin “Üç valet” verilişinin qonağı olub. Lent.az-ın məlumatına görə, R.Əliyeva veriliş zamanı şəxsi həyatı ilə bağlı bir çox məqamlardan danışıb: “Evimin həm kişisi, həm qadınıyam. Hələ ki, övladlarım balacadırlar, amma onlar böyüyəndə istəklərinə qarşı çıxmayacam. Onlar mənim həyatımda ən dəyərlidir. Bunu hər kəs bilir ki, onlarda dəyərli həyatda heç nəyim yoxdur. İki oğlumu, Həsənlə Məhəmmədi həyatda heç nəyə dəyişmərəm. Onlar mənim yaşam səbəbimdir”.
R.Əliyeva sevmədiyi xüsusiyyətindən söz açıb: “Ən sevmədiyim xarakterim kövrək, həssas olmağımdır. Çox istərdim ki, kövrək olmayım. Bu xarakterimin məndən uzaq olmasını arzu edərdim İstəyirəm ki, vecsiz olum. Elə şeylər var ki, onları unuda bilmirəm. Bəzən kənarda nəsə olur, ona biganə qala bilmirəm. Bunlar isə məni çox incidir”.
O, sevgisindən də danışıb: “Məktəb vaxtları sevginin nə olduğunu bilməmişəm. Hətta sevginin nə olduğunu son dövrlər bilmişəm, sevmişəm. Sevgi insana həyatda çox şey verir. İnsan sevəndə həyata gözəl baxır. Sevməyən insan aqressiv olur. Kim deyirsə ki sevdim bitdi, yalandır. Sevgi hər zaman insanın qəlbində qalır, ürəyində yaşayır”.
R.Əliyeva hobbisini də açıqlayıb: “Hobbim axşamlar maşın sürməkdir. Hətta hirsli anlarımda avtomobili idarə edə-edə pəncərəni bağlayıb qışqırmışam. Maşında ağladığım vaxtlarda olub. Amma hər şeyə baxmayaraq, maşın idarə etməyi sevirəm”.
O, hirsli anlarda necə sakitləşdiyini də deyib: “Nəsə hirsli olanda, dərdimi bölüşmək istəyəndə sirrimi, sözümü dənizlə bölüşürəm. Bu, on ilə yaxındır, belədir. Son dövrlər isə dənizə getmirəm”.
Proqramın gedişində aparıcılardan İlqar Rəsulun “Söylədiniz ki, evinizin həm qadını, həm kişisisiniz. Çətin deyil ki?” sualına isə R.Əliyeva “Sizin bu sualınız məni kövrəltdi” - deyə, göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, APA TV-nin efirində hər cümə axşamı canlı yayımlanan “Üç valet” verilişinin aparıcıları İlqar Əlfioğlu, Qabil Abbasoğlu və İlqar Rəsuldur.