Aparıcı İlham Mirzəyevin iflic olması haqda yazılan xəbərlərə həyat yoldaşı münasibət bildirib. Lent.az-ın məlumatına görə, aparıcının xanımı Ruhəngiz Mirzəyeva bildirib ki, həyat yoldaşının belində olan yırtığa görə ağrıları çoxalıb: “Həyat yoldaşımla bağlı narahatçılığınız, göstərdiyiniz maraq və dəstəyə görə minnətdaram. Bir sıra mətbuat vasitələrində İlham Mirzəyevin iflic olması xəbəri ilə bağlı fərqli fikirlər oxuyuram. Bildirim ki, həyat yoldaşımın belində olan yırtığa görə ağrıları çoxalıb və ağrılar ayaqlarına keçib. Hərəkəti məhdudlaşıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının köməyi nəticəsində vəziyyəti indi normaldır. Amma səhhətinin pisləşməməsi üçün davamlı müalicəyə ehtiyac var. Ailəmiz adından göstərdikləri köməyə görə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazirliyinin əməkdaşlarına və dəstəyinizə görə hər birinizə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan İ.Mirzəyev apelyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etməyib. Daha sonra İ.Mirzəyev kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etsə də, şikayəti rədd edilib. İ.Mirzəyev bir müddət sonra cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə bu dəfə də onun istəyini təmin etməyib. Bundan sonra İ.Mirzəyev növbəti dəfə apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.