Gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) əməkdar artist Elza Seyidcahan barəsində dediyi fikirlər cavabsız qalmayıb. Lent.az-a açıqlama verən E.Seyidcahan bildirib ki, onun “dahi” adlandırılması bir çox sənət adamlarında qıcıq yaradır: “Mən Rəmiş müəllimin xətrini çox istəyirəm. Onların evlərində çörək kəsmişəm. İnanmıram ki, o, bu sözləri desin. Desə də, onu kimsə mənim əleyhimə yönəldib. Aramızı vuranlar olub. Mən özümə dahi deməmişəm. Mən bu adı lap kiçik yaşlarımdan qazanmışam. Müəllimlər anama deyirdilər ki, bu qız böyüyündə qeyri-adi, dahi olacaq. Elə bir tərbiyə almamışam ki, Rəmiş müəllimə cavab verim. Amma vaxtı ilə o, mənim sənətimə tərifli sözlər deyib. Mənə daş atan insanları aşla qarşılayıram. Aş yedizdirirəm. Axırda da aş qalacaq boğazlarında. Bilirsiniz, dahinin yaşı olmur. Məncə Rəmiş müəllim də dahidir. Hər bir adamın öz dahisi olur. Dahi sözü mənə yaraşmır? Amma xaricilər gələndə bu sözü onlara deyirlər”.
Qeyd edək ki, gitara ifaçısı, əməkdar artist Rəmiş ( Rafiq Hüseynov) Lent.az-a E.Seyidcahan haqqında bu sözləri demişdi: “Heç kim özünə dahi deməsin. Bunu xalq deməlidir. Xalq görür kim-kimdir, xalqı aldatmaq olmaz. Elza Seyidcahan dahi deyil. Çıxıb efirdən “mən dahiyəm”, “sənətkaram” deməklə deyil ki... Mən özümə heç sənətkar deməmişəm. Amma Azərbaycan musiqisində dahi sənətkarlar olub. Bunlar Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Əhsən Dadaşov və barmaqla sayılacaq şəxslərdir. Amma Elza dahi deyil”.