Əməkdar artist Elnarə Abdullayeva bir müddət öncə səsləndirdiyi “Oğluma müğənni qız almaram” sözlərinə “APA TV”nin “Show time” verilişində izah verib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, bu sözü hər kəs öz dünyagörüşünə görə anlayıb: “Mən heç kimin sözünü danışan adam deyiləm. Sadəcə mənə sual verildi, mən də aldığım tərbiyəyə, gördüyüm dünyaya görə cavab verirəm. Yəni öz pəncərəmi açıb, orada nə görürəmsə, elə də deyirəm. Mən heç kimin düşüncəsi ilə danışmıram. Mən bu fikirləri səsləndirmədim ki, bunu kimsə müzakirə eləsin. Bu fikirlərimə münasibət bildirən müğənnilərə də dedim ki, gedin müğənniləri alın, bu qızlar da subaylığın daşını atsın. Mən oğluma oxuyan qız alan deyiləm. Niyə almaram, bunu açıqlamadım. Özüm çox əziyyət çəkdiyimə görə oğlumun da əziyyət çəkməsini istəmirəm”.
Xanəndənin fikirlərini verilişin digər qonağı müğənni Elvin Abdullayev dəstəkləyib: “Elnarə xanımın fikirlərini dəstəkləyirəm. Əlbəttə, oğluma müğənni qız almaram. Elnarə xanım bu fikri deyəndə bir çox tanınmışlar açıqlama verdilər ki, niyə müğənni qız almaq olmaz? Açıqlamanı verənlərin əksəriyyəti də Elnarə xanımın fikrini dəstəkləyirdilər. Sadəcə söhbəti böyüdüb, gündəmdə qalsınlar deyə açıqlama verdilər. Elnarə xanım bu sözləri deyib, əcəb edib”.
E.Abdullayeva isə “Əslində hamısı mənim fikrimdə idilər. Sadəcə oğru elə bilir ki, hamı oğru, doğru da elə bilir ki, hamı doğrudu. Kim həyatda nə olmaq istəyir, o adam da olur. Kim necədirsə, sözə də o prizmadan yanaşır”.
Qeyd edək ki, bu mövzuya görə E.Abdullayeva ilə müğənni Xatirə İslam arasında qalmaqal yaşanmışdı. X.İslam xanəndəyə “Toy, məclis sayəsində özünə gün-güzəran qazanır, kəndinə su çəkdirir, atasına ev tikdirir, sonra da deyir ki, “Yox-yox, müğənni qız almaram” sözlərini söyləmişdi.