Vəhşicəsinə döyüldü, dünyanın ən zəngin qadın sənətçisi oldu - Göz önündə
20 fevral 2023 21:55 (UTC +04:00)

Vəhşicəsinə döyüldü, dünyanın ən zəngin qadın sənətçisi oldu - Göz önündə

Lent.az “Göz önündə” rubrikasında bu gün 35 yaşı tamam olan dünya şöhrətli müğənni, milyarder Rihanna haqqında məlumatları təqdim edir.

Əsl adı Robyn Rihanna Fenty olan Rihanna 1988-ci ildə Karib dənizində yerləşən adada – Barbadosda dünyaya gəlib. Valideynləri 14 yaşında ikən boşandığına görə Robinin uşaqlığı göz yaşı və imkansızlıqla keçib. Yaşadığı hadisələrə görə o, tək qalmaqdan qorxur.

Robinin atası anbar nəzarətçisi işləyib. Deyilənə görə, o, narkotik istifadəçisi olub. Hətta Riri bir neçə dəfə atasını evdə kokain çəkərkən görüb. Bundan başqa, Riri ali təhsil almayıb. Buna səbəb musiqi kariyerasının başlanğıcında məktəbi yarımçıq qoymasıdır. Ancaq müsahibələrinin birində dediyinə görə, o, psixologiya ixtisası üzrə təhsil almaq istəyib: “Məktəbdən zəhləm gedirdi. Universitet oxusaydım, heç də xoşbəxt olmazdım. Buna görə də təşəkkürlər, Tanrım. İstədiklərimi reallaşdırmağıma icazə verdiyin üçün çox sağ ol!”.

Robin 2004-cü ildə “Miss Combermere” gözəllik müsabiqəsində qalib olub. O, 16 yaşında repçi Jay-Z tərəfindən kəşf edilib. Mətbuatda yayılan məlumatlara görə, Jay-Z-nin qarşısında ilk dəfə oxuyan gənc Ririnin istedadını repçi 2 dəqiqəyə kəşf edib. Daha sonra o, Ririyə “Ya müğənni olacaqsan, ya da bu hündürmərtəbəli binadan özünü atacaqsan”, - deyərək, qarşısına şərt qoyub. Təbii ki, bunun doğru olub-olmaması bəlli olmasa da, Rihanna həyatı boyu Jay-Z-ə təşəkkür etdiyini etiraf edib. 

Rihanna saysız-hesabsız mükafatlara, unudulmaz və möhtəşəm hitlərə, yüzlərlə mahnıya, fərqli stilə, milyonlarla pul və rəğbətə sahibdir. Onun haqqında daha bir maraqlı fakt odur ki, Rihanna konsert və çıxışlarından öncə çox gərgin, stresli olduğu üçün 50-100 qram spirtli içki içərək, səhnəyə çıxır. Bu, onun möhtəşəm performanslarını sərgiləməyə kömək edir. 

Mətbuatda yayılan məlumatlara görə, Riri ayaqlarını bir milyon dollara sığortaladıb. Rihannanın bədəninin boyun hissəsində yerləşən “Hər alınan bir dərs əsla uğursuzluq deyil”, - yazılan bir döyməsi var. Maraqlıdır ki, döymə tərsinə yazılıb. Bunun da səbəbi Rihanna hər güzgüyə baxanda onu görmək istəməsidir. Bundan əlavə, onun boynunda “Asi çiçək” yazılmış döyməsi də var.

Rihanna əsl sevgisinin ifaçı Kris Braunun olduğunu deyib. Onun sözlərinə görə, K. Braun onun ilk və gerçək sevgisidir. Lakin bu möhkəm dostluq, 4 illik münasibət yaşadıqları skandallara görə məhv olur. Narkotik aludəçisi olan Kris həddən artıq doza alır və Rihannanı döyür. Üzündən və bədənindən ağır zədələr alan Rihanna Krisi polisə şikayət edir. Hətta Kris məhkəmədə ittiham olunan zaman Rihanna zalda əyləşir və prosesi izləyir. 

Krisdən sonra Rihanna repçi Drake ilə 2009-2016-cı illərdə eşq yaşayır. Deyilənlərə görə, Riri-Drake cütlüyünün münasibəti kifayət qədər ehtiraslı və ehtişamlı olub. Lakin arada sevginin olmadığını görən cütlük münasibətlərini dostcasına sonlandırıb.

Rihannanın “Transformers” filminin məşhur ulduzu Shia LaBeouf, aktyorlar Ryan Phillippe, Leonardo DiKaprio, məşhur futbolçu Karim Benzema, repçi Eminem, “Formula 1”in ulduz idmançısı Levis Hamilton, beyzbolçu Matt Kemp və ərəb milyonçu Hasan Jameel ilə eşq yaşadığına dair mediada kifayət qədər məlumatlar var. 

Sənətçinin 1 milyard 700 milyon dollar məbləğində sərvəti var. O, “Fenty Beauty” adlı kosmetika firmasının da sahibidir. Bundan başqa, Barbados dövləti Rihannanı milli qəhrəman elan edib və 2008-ci ildən bəri ölkədə 22 fevral tarixi Rihanna Günü kimi qeyd edilir. 

Daim gündəmdə qalmağı bacaran, dünyanın ən zəngin qadın sənətçisi və ən gözəl qadınlarından biri kimi hesab olunan Rihanna repçi ASAP Rocky ilə münasibətdədir. Cütlüyün bir oğul övladı var. Rihanna bu yaxınlarda konserti zamanı ikinci uşağa da hamilə olduğunu gizlətməyib. 


 

# 5184
avatar

Nigar Namiq

Oxşar yazılar